Azərbaycanda son 14 ilin ən isti sentyabrı - REKORD » FeaT.Az Sekiller, Xeberler, Yazili

Azərbaycanda son 14 ilin ən isti sentyabrı - REKORD

20 September 2017
352
0
Azərbaycanda son 14 ilin ən isti sentyabrı - REKORD
Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzunmüddətli isti hava şəraiti müşahidə edilir.

Feat.Az
xəbər verir ki, bunu Trend-ə özəl olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35, Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 21-26 dərəcədir. Belə hava şəraitinin yaxın 2-3 gün ərzində də müşahidə ediləcəyi proqnozlaşdırılır.

Baş hidroloq əlavə edib ki, 2002, 2003, 2007, 2010 və 2012-ci illərdə, eləcə də, ötən il sentyabrın hazırkı dövründə Bakıda belə temperatur və rütubətli hava şəraiti qeydə alınıb. Lakin ötən illərin sentyabr aylarında belə isti hava şəraiti müşahidə edilsə də, istilər builki qədər uzunmüddətli olmayıb.

A.Verdiyev qeyd edib ki, sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzunmüddətli isti hava şəraiti müşahidə edilib. Həmin müddətdə Bakıda havanın maksimal temperaturu 38 dərəcə isti olub: “Bu il isə sentyabrda daha uzunmüddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb”.

A.Verdiyev əlavə edib ki, ümumilikdə Bakıda 1990-cı ildən sonrakı dövr ərzində ən isti sentyabr ayı 2015-ci ildə qeydə alınıb. Həmin il sentyabr ayında Bakıda havanın orta aylıq temperaturu (havanın maksimal temperaturu 37 dərəcə olub) normadan yüksək olub. Bundan əvvəl isə 2002-ci ildə isti sentyabr ayı qeydə alınıb. Həmin ildə də sentyabr ayının orta aylıq temperaturu normadan bir qədər yüksək olub.

A.Verdiyevin sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksəkdir.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz