Qadının ən böyük düşməni...

22 Nisan 2017
3 143
0
Qadının ən böyük düşməni...
Bu yazımda bütün qadınlar, kişilərin, ümumiyyətlə insanların adından danışmıram…Yazımdakılar heç də bizim cəmiyyət və ya qadınlardan bəhs etmir… Bütün dünyada qadınların bir çoxunun düşməni ümumilikdə götürülmüşdür…

Düşünürəm ki, bu yazım istər qadın, istər kişinin qadınları anlamağa kömək edəcəkdir…

Qadının ən böyük düşməni nə və ya kimdir?

1. Qadının özü –
cinsindən asılı olmayaraq bütün insanların ən böyük dostu və düşməni onun özüdür… İnsan özünə həm yaxşılıq, həm də pislik edə bilər… Ona görə də insan özünü tam dərk etmədiyindən özünü sevməkdən savayı, özündən də ehtiyat etməlidir… İnsanın özünə etdiyi pisliyi kənar şəxslər edə bilməz… Çünki kənar şəxslər nə qədər yaxın olsalar da, insana, onu onun özü kimi yaxından tanıya bilməz… Özünüzə dost olun, düşmən olmayın…

2. Başqa qadın –
bir qadının ən böyük düşməni digər bir qadındır, onun atasını, qardaşını, ərini, sevdiyini, səadətini, arzularını, planlarını, xəyallarını əlindən alan başqa bir qadın, qadın digər qadını həm rəqib görür, həm düşmən bilir… Elə qadınlar var ki, doğma anası, bacısı belə onun düşməni ola bilər… Çünki qadın sevdiyi zaman paylaşmağı sevmir, eqoistliyi üstün olur hər şeydən öncə, üfüqdə başqa qadın olanda, sağlam olmayan rəqabət, paxıllıq, qısqanclıq hissləri yaranır, qəlbini zəhərləyir, başqa qadın iki tərəfin münasibətinə müdaxilə edən kimi kişinin seçim etmək hüququ olur, adətən ailələri dağıdan da digər qadın olur, düzdür indiki zamanda LGBT -lərin sayı cəmiyyətdə artdığı zamanda kişinin gey, bi və ya transseksualın xeyrinə seçim edib, xəyanətə yol verməsi, ayrılması halı da ola və çoxala bilər… İndiki dövrdə baş verən nəyəsə təəccüb etmirəm son zamanlar… Kişi adətən bir qadından digər qadına gedir… Qadınların əksəriyyəti monoqam olsa da, kişilərin əksəriyyəti poliqam olurlar… Bu danılmaz faktdır…

3. Qadınlıqdan çıxmaları, qadınlıqlarını itirib kişiləşməsi –
qadın nə qədər güclü olsa da, kişi ailə başçısı, önəmli tərəf olmalıdır, hüquq bərabərliyi olsa da, bir çox məsələlərdə kişilər qadınlardan üstündür… Qadın zərif olmalıdır, nazlı, qayğıkeş, ailəcanlı, güclü iradəli, xarakterli, gülərüz olmalıdır, nə qədər işgüzar olsa da, güclü olsa da, kişinin tapdalayıb keçməməlidir… Unutmayaq ki, qadın güclüdür, amma kişisinin güclü, uğurlu olmasına da səbəb onun qadınıdır… Özümüz bir qadın kimi kişiləşməkdənsə, kişilərimizi kişi edək və unutmayaq ki, hər güclü və uğrulu kişinin arxasında güclü və uğurlu qadını var və ya əksinə… Qadınlar qadınlığınızı itirməyin, qadın olduğunuzu unutmayın…

4. Qadının dili –
çox acıdıl və ya çox şirindil olması – Qadının dili ilan zəhəri də ola bilər, ilanı yumasından çıxarda da bilər… Dil var kəsdirər başı, dil var kəsər savaşı… (əslində dil yerinə söz olmalıdır. Ş.İ.Xətai)

5. Dinləməkdən çox danışması –
qadınların əsas düşməni onların dinlənmək istəyidir, dinlənmək istəyi onları çox danışmağa və qarşı tərəfi dinləməməyə gətirib çıxardır, bu isə qarşı tərəfi yorur, bezdirir, anlaşılmazlıq, narazılıq, mübahisələrə səbəb olur… Danışdıqca, dinləməyi də öyrənin, səbrli olun və qarşı tərəfin sözünü yarımçıq kəsməyin… Siz onu dinləsəniz, o da sizi dinləyəcək…

6. Təkəbbür və qürur –
bəzi qadınlar çox təkəbbürlü, lovğa olurlar, hər kəsə yuxarıdan aşağı baxıb, özlərini səhərdən axşamadək tərifləyirlər… Bu isə çox yorucudur. Zəif cəhətdir, əslində belə insanlar eqoist deyil, zəif insanlardır, qadın nəyisə lovğalanmaq, acıq vermək üçün ala bilər, ərə gedə bilər, hansısa işi lovğalıqdan, təkəbbürlü olmağından edə bilər, amma bu onu səhv addım atmasına, uduzmasına, uğursuzluğa gətirib çıxaracaqdır. Təkəbbürlü, lovğa insanların əslində adətən həyatları mənasız olur, boş-boş danışıb, söz adamı olurlar, əməl adamı deyil. Vədlər verib, əməl etmirlər… Yalan danışırlar… Qürur əslində mənfi cəhətdir… Qürur bütün pozitiv hissləri öldürür, insanı uçuruma aparır, bəzi qadınlar o qədər qürurlu olurlar ki, bu qarşı tərəfdə biganəlik, ikrah hissini oyadır… Əgər bir qadında həm qürur, həm də təkəbbür varsa, onda o insanlar adətən tənha insana çevrilirlər və əslində ən bədbəxt insan olurlar… Çünki qürurlu və təkəbbürlü insanlar əldə etdiklərinin qədrini bilmir və qarşısındakı insana hörmət etmir…

7. Qızıl ortaqlığın olmaması –
ya minimum, ya maksimum, ya heç nə, ya hər şey prinsipi ilə yaşaması, ya çox sadə, sadəlövh, səmimi, ya da çox mürəkkəb, hiyləgər, yalançı, bic və qapalı olmamasıdır. Qızıl ortalıq yoxdur, dayanmaq, razı qalmaq yoxdur, ya tələsib, çox irəli gedirlər, ya gecikib, geridə qalırlar… Ortada və ya bərabərdə ola bilmirlər bəzi qadınlar… İki cəbhəyə bölünürlər, ya həddən ziyadə təbii görünüşü olan qadın olur bir tərəfdə, digər tərəfdə isə həddən ziyadə çox plastik əməliyyat keçirdən, makiyajdan istifadə edən, süni gəlincik olan qadın olur, bir-birilərini görəndə, ələ salırlar onlar… Ya çox sadə geyinirlər, ya çox epotaj geyimdə olurlar… Tərəzilərinin daşları uyğun gəlmir…Ya çox sadə olub, səmimi, sadəlövh olub, hamını özü kimi bilib aldanır, ya da ki, çox bic, mürəkkəb, hiyləgər, qapalı olub, maskalanır və hamını aldadır, özünü belə… Ya heç nə istəmir, ya hər şeyi istəyir… Bu isə ziddiyyətdən irəli gəlir… Qadınlar ziddiyyətli və fərqli olurlar bütün insanlar kimi… Ya fikirlərində qəti olurlar, inad edirlər, ya da qərarsız olub, tez-tez qərarlarını, fikirlərini dəyişirlər… Bu isə onların özlərinə ziyandır, onlara qarşı onların özlərinə tətbiq etdiyi silahdır… Gah çox simic olurlar, gah da çox əliaçıq…

8. Tamahkarlıq, hərislik, bəhsəbəslik, bədxərclik –
bu cəhətlər əslində qızıl ortalığı olmayan qadınlarda olur, nə görür, eşidir, bilir, istəyir, lazım olsa da, olmasa da, bəhsəbəsdir deyə, dəbdir deyə, bu isə onu bədxərc və puldan asılı edir… Bədxərc qadınlar isə lazımsız xərclər edib, öz büdcələrinə nəzarət edə bilmir və özlərinə zərər vururlar…

9. Kompleksləri –
bir çox qadınların kompleksləri olur, bu özünü olduğu kimi sevməmək, qəbul etməmək, bəyənməmək, özündən narazı olmaq özünə güvənin aşağı olması kimi qadın düşməni olan keyfiyyətlərdən yaranan düşməndir… Ya çox arıq olması, ya çox kök olması, ya saçlarının sərt olması, tökülməsi, sağlamlığında problem olmasa belə, özünə xəstəlik tapıb, diaqnoz qoyması komplekslərdir… Bu komplekslər isə qadınları ağlasığmaz addımlar atmağa vadar edir… Hətta bəzi addım və seçim, qərarlar onların özlərinə, səhhətlərinə ziyan vurur… Əlavə xərclərin yaranmasına səbəb olur…

10. Özgüvənin, özünə inamım olmaması –
Özgüvən, özünə inanmamaq, zəif xarakter, iradəsizlik özü də mənfi cəhətlər və qadınların düşmənidir… Məhz bu düşmənlər sayəsində bir çox digər problemlər, düşmənlər meydana gəlir… Onları səbrsiz, zəif, iradəsiz edir, qurbana çevirir, özünü olduğu kimi qəbul edə, sevə bilmir öz güvəni olmayan qadınlar…

11. Onların həyatına daxil olan və çıxan kişilər –
bəzi qadınlar üçün kişilər ən böyük düşmən olur, çünki məhz kişilərlə bağlı xoş olmayan xatirələrin olması, kişilərə nifrət etməsi, kişini özünə rəqib görməsi, kişidən üstün olmaq istəyi bəzi qadınların kişiləri özünə düşmən bilməsinə gətirib çıxardır… Bəzi qadınların həyatına daxil olan və sonradan çıxan kişilər sonradan onların ən böyük düşməninə çevrilə bilər… Kişilər bu cür qadınlar üçün nəinki düşmən, həm də ən böyük təhlükə mənbəyi kimi qarşılanır…

12. Xəstəlik –
bu amil məncə əksər insanların əsas qorxusudur, düşmənidir, ələxsus da qadınların… Çünki bir çox qadınlar ya işlədikləri üçün işdən qalmamaq, təhsil aldıqları üçün təhsildə geri düşməmək, ailəli olub uşaqlarını xəstələndirməmək üçün, sağalmaz və müalicə edilməz xəstəliyə yoluxub ölməmək, ailəsini qadınsız qoymamaq, uşaqlarını anasız qoymamaq, kiməsə əziyyət verməmək üçün xəstələnməkdən və xəstələndikləri zamanı xəstəliklərini bilməkdən, müalicə edilməkdən qorxur, ehtiyat edirlər… Sonra isə gec olur… Qorxuları reallaşır, xəstəlik qalib gəlir… Bəzən isə qadınlar xəstələndikləri zaman belə ev, ailə qayğısı, problemləri ilə məğul olacaqlarını bildikləri üçün, bəziləri isə tənha olduqları üçün xəstələnmək istəmirlər və xəstəliyi düşmən bilirlər… Bəzi xəstəliklər həqiqətən də qorxulu və təhlükəlidir…

13. Qorxu –
qocalmaq, gözəlliyini, ağlını itirmək qorxusu, nəyisə və ya kimisə itirmək qorxusu, müxtəlif fobiyalar əslində hər bir insanın ən böyük düşmən sayılmalıdır… Qorxan gözə çöp düşər, insan nədən qorxarsa, o da başına gələ bilər… İnsanın qorxusu onun zəifliyidir, özünə güvənməməsidir, qorxudan, zəiflikdən digər insanlar ona qarşı sui-istifadə, silah kimi istifadə edə bilər… Bunu anlamaq və bundan qorxmaq özü də qadın üçün bir qorxudur. Qadın siçandan, atılmaqdan, xəstələnməkdən, ölməkdən, gözəlliyini itirməkdən, sevilməməkdən qorxa bilər… Qorxmayın və fobiyalarınzla vidalaşın… Hündürlükdən, ölümdən, qapalı məkanlardan, insanlardan qorxmaq əvəzinə, qorxunuzla üz-üzə gəlin və o qorxunu dəf edin, məğlub edin. Qorxmaz insanlar hər zaman qalib olurlar…

14. Deyingənlik, narazılıq –
həyatdan, hər kəsdən, hər şeydən narazı qalmaq, şikayət etmək, deyinmək, naşükür olmaq bir çox qadınlarda var və əslində bu cəhətlər onların ən böyük düşmənləridir… Çünki onların özlərinə zərər verir… Əsəbləri korlayır, vaxt alır, mübahisələrə, davalara səbəb olur…

15. Özlərini qurban verməsi və qurban bilməsi –
bir çox qadınlar bəzən bilərək, bəzən isə bilməyərək, bəzən könüllü, bəzən icbari qaydada özlərini nəyəsə və ya kiməsə görə qurban verirlər, qurbana çevrilirlər… Bu nadanlıq, özgüvənin olmaması, zəif xarakter, iradəsizlik, asılı vcə kölə ruh, maariflənmiş olmaması ilə əlaqəlidir… Özünüzü qurban verməyin, ayıq olun… Aldanmayın…

16. Nadan olması, dünyagörüşünün olmaması, öz üzərində işləməməsi və inkişaf etməməsi – bəzi qadınlarımız nadan olurlar, tez ərə gedirlər, aldanırlar, qanunsuz uşaq doğurlar, sonra boşanıb ortalıqda qalırlar, kiminsə qurbanına çevrilirlər… Nadan olan, dünyagörüşünün olmaması, öz üzərində işləməməsi və inkişaf etmək istəməməsi qadını geriyə aparır və uçuruma sürükləyir… Bu cür qadının övladları da anası kimi qurbana çevrilə bilər və təhlükə ilə üzləşə bilərlər… Nadan olmayın, təhsil alın, ərə getməyə tələsməyin, öz üzərinizdə işləyin, inkişaf edin ki, gələcək nəslimiz də, sağlam düşüncəli, sağlam ruhlu, bədənli olsun…

17. Pul, maddi dəyərlər –
qadınların həm dostu, həm düşmənidir, az olanda çox istəyirik, çox olanda, lap çox istəyirik, pul çox məsələni, problemi həll edir, önəmlidir, amma pul asılılıq yaradır… Pul digər bütün düşmənlərimizin yaranmasına səbəb olur… Yalana da, xəyanətə də, səhv verilmiş qərarlara da, sonrakı peşimançılığa da, insani keyfiyyətləri itirməyə də, tamahkarlığa da, təkəbbürə, tənhalığa səbəb olur… Pulu, maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutmayın…
Günel Fərhadqızı

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.