İnsanların ulduz falına marağının sirri

02 Temmuz 2016
1 957
0
İnsanların ulduz falına marağının sirri
Həmid Herisçi: “Avropa ölkələrində buna maraq daha çoxdur”; Azər Rəşidoğlu: “Belə adamların ümidləri hər yerdən kəsilir və təsəlli axtarırlar”; Dəyanət Rzayev: “İnsanlar ulduz falını maraq üçün oxuyur, sonra vərdişə çevrilir”
Öncəgörmə, ulduz falı, hipnoz, ruhlar, cinlər, mifik varlıqlar və digər bu kimi məfhumlar həmişə insanları cəlb edib. Efirdən tutmuş mətbuata qədər hər yerdə xüsusilə ulduz falına böyük maraq var. Köşkdən qəzeti alan şəxsin ilk işi sonuncu səhifədəki ulduz falını oxumaq, sonra manşetdə, anonslarda gedən xəbərlərlə tanış olmaq olur.

Söylənə bilər ki, əsasən Şərq xalqları daha çox ulduz falına, caduya inanır. Amma reallıqdır ki, Qərbdə də, o cümlədən Rusiyada falçılığa, ulduz falına ciddi maraq var. Bu, insan təhtəlşüurunda hansı fikirlərdən irəli gəlir? Nə üçün insanlar ulduz falına bu dərəcədə bağlanırlar, bürclərini diqqətlə oxuyub qarşıdakı günlərinin müqəddəratını öyrənmək istəyirlər?

Yazıçı – konspiroloq Həmid Herisçi bunu belə izah edir ki, televiziyada hava haqqında məlumat axırda təqdim olunur. Onun sözlərinə görə, qədim dövrlərdə hava haqda birinci xəbər verilərdi: “İndiki dövrdə hava məlumatı axıra düşüb. Hava məlumatı qədimdə ilahi güc kimi dəqiq olurdu. İndiki dövrdə axıra düşüb. Zaman tərsinə fırlanır.

Hadisələrin dinamikasını açmaq, süjetini bilmək üçün ona axırdan baxmaq lazımdır. Məsələn, mən televizorda verilişə axırdan baxıram. Ola bilsin ki, insanlarda da ulduz falına baxmaq marağı ordan qaynaqlanır. Yəni qəzetin axırıncı səhifəsinə birinci baxırlar”.
H.Herisçinin fikrincə, ulduz falına maraq tək Şərq xalqlarına aid deyil: “Avropa da xurafatın təsiri altındadır. Avropa ölkələrində ulduz falına maraq daha çox yayılıb. Bu işlə məşğul olan institutlar var, mərkəzlər fəaliyyət göstərir. Bu bir elmdir. Bizdə xurafat onlardan zəifdir. Yəni mistikaya böyük maraq var.

Bütün dövrlərdə belə olub, heç vaxt da zəifləməyib. Cəmiyyətin bu hissəsi ilə barışmaq yox, artıq hesablaşmaq lazımdır. Məsələn, bizdə müqəddəs ocaqlar, pirlər öyrənilməyib. Mən “Gizli Azərbaycan” verilişində buna cəhd etdim.

Amma Amerika, Avropa bu işləri öyrənir. Bizdə pirlərə xalq pul buraxır, onlarda pirlərə xalq getmir, dövlət maliyyə xərcləyir. Belə deyək ki, ulduz falları həmişə maraqlı olub”.
Psixoloq Dəyanət Rzayev hesab etmir ki, insanlar ulduz falını ciddi qəbul edirlər. Onun fikrincə, günəşdə partlayış, maqnit dalğaları müəyyən qədər ovqata təsir edir: “Ancaq insanlar maraq üçün oxuyurlar, sonra vərdişə çevrilir.

Yəni bir əyləncəyə çevrilib. İnanmıram ki, ulduz falını ciddi qəbul edirlər. Rusiyada, Avropanın ölkələrində müxtəlif tədqiqatlar aparılır. Amma bu elm tərəfindən təsdiqlənməyib. Bizdə tədqiqat aparılmır. Sadəcə, gündəlik vərdiş, normaya çevrilib ulduz fallarını oxumaq”.

Köşə yazarı Azər Rəşidoğlu ulduz fallarına olan marağı insanların təsəlli axtarışında olması ilə əlaqələndirir. Yazarın dediyinə görə, daha çox falçıya, ekstrasensə müraciət edənlər isə depressiyaya düşmüş adamlar olur: “Belə adamların ümidləri hər yerdən kəsilir və bu sahənin adamlarında işıq axtarırlar. Onlara bir xoş söz, tunelin ucunda bir işıq lazımdır. Reallıqda bunu görməyəndə onlar ekstrasensdən bu reallığı həyata keçirməyi gözləyir. Sivil ölkələrdə isə depressiyaya düşəndə falçı yanına qaçmırlar. Onlar ya dinə üz tutur, ya da psixoloqların köməyinə müraciət edirlər”.
musavat.com

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.