Uzun müddət ayaq üstə işləyənləri gözləyən TƏHLÜKƏ

15 Kasım 2016
1 966
0
Uzun müddət ayaq üstə işləyənləri gözləyən TƏHLÜKƏ
Müəllim, mühafizəçi, ofisiant və bir çox peşə sahibləri gün boyu uzun müddət ayaq üstə qalırlar. Bu isə onları bəzi sağlamlıq problemləri ilə qarşı-qarşıya qoyur. Onları ən çox narahat edən ilk növbədə ayaq problemləri olur. Gün ərzində daim ayaq üstə işləyən insanların rastlaşdığı narahatlıqlar arasında ortopedik və dermatoloji problemlər əsas yer tutur. Feat.Az ayaq üstə işləyən insanları gözləyən təhlükə və bundan çıxış yolu haqqında türkiyəli mütəxəssis Hicran Ercanın fikirlərini təqdim edir.

Uzun müddət ayaq üstə qalmaq qan dövranını azaldır


Gün ərzində 6-8 saata qədər ayaq üstə qalmaq ayaqlarda və dabanda yorğunluq yaradır. Bunun səbəbi də bədəndə hərəkət azaldıqca qan dövranının da azalmasıdır. Yavaşlayan qan dövranına bədən reaksiya verdikdə isə bud və ayaqda şiş yarana bilər.

Ayağın altında şişkinlik, su yığılması baş verə bilər: “Uzun müddət ayaq üstə duraraq işləyənlər ayaq sağlamlığı problemlərindən qorunmaq üçün gün ərzində müəyyən aralarla mütləq oturmalı və istirahət etməlidirlər. Çünki 10 saat və daha çox işləyən insanlar davamlı olaraq ayaq üstə dayandıqları üçün bütün bədənin yükü bud və ayaqlara düşür. Bunun nəticəsində həmin hissələrə ağır təzyiq düşür”.

Ayaq üstə işləyənlər varikoz probleminin qarşısını almaq üçün varikoz corablarından istifadə edə bilərlər. Bu corablar varikozları müalicə etməsə də, ayaqların istirahət etməsini və yeni varikozun meydana gəlməsinin qarşısını ala bilər: “Davamlı ayaq üstə olmaq varikozla yanaşı, topuq tikanı probleminə da zəmin hazırlayır. Çünki topuğun döşəmə quruluşu xüsusi bir yağ toxuması ilə örtülüdür. Bu toxuma bədənin mövcud yükünü daşıdığı üçün çatlar yaranır. Bu yağ toxumasının uzun müddət ayaqda qalması ayağın yük daşıma xüsusiyyətini itirməsi və vaxt keçdikcə müxtəlif ağrıların meydana gəlməsinə səbəb ola bilər”.

Həkim bu kimi problemlərlə qarşılaşmamaq üçün isə dabanı sərt əsaslı ayaqqabılardan uzaq durmağı, yumşaq altlığı olan ayaqqabılar geyinməyi məsləhət görür. Eyni zamanda, səhərlər yataqdan qalxdıqdan sonra ayaq biləklərini məşq etdirmək faydalı olar. Ayaqda ağrıyan bölgələr varsa, hər gün 1-2 dəqiqə masaj edin: “Təxminən 12 saata qədər ayaq üstə dayanaraq işləyən insanlarda döyənək problemi yaşana bilər. Uzun və yorucu iş saatları, narahat ayaqqabı və sabit duruş döyənək yaranmasına gətirib çıxarır. Döyənək ayaq döşəməsində yarandığı kimi barmaq aralarında da müşahidə edilə bilər”.

10 saat və daha artıq ayaq üstə işləyənlər ilk növbədə ayaqqabı seçiminə diqqətli yanaşmalıdırlar. Bu insanlar ayaqqabı alarkən rəng və modeldən daha çox ayaqlarının sağlamlığını düşünməlidirlər. İşin sonunda ayaqlar şişdiyi üçün geyiləcək ayaqqabı gündəlik ayaqqabılardan yarım və ya 1 nömrə böyük olmalıdır. Aldığınız ayaqqabını isə yoxlayarkən bir ayağınıza deyil, hər iki ayağınıza geyinib bir neçə addım atın: “Qış aylarının yaxınlaşdığı bu günlərdə bot və ya çəkmə alacaqsınızsa, elastik altlığı olan ortopedik modellərə üstünlük verin. Qarderobunuzda olan yaz-yay ayaqqabılar da ortopedik və ayağın hava almasına imkan verən modellər olmalıdır. Ayaqqabı seçimi zamanı plastik tərkibli ayaqqabılar və dəri baletkalardan uzaq durun. Çünki bu cür ayaqqabılar ayaqların tərləməsinə və mikrobların yaranmasına yol açır. İş şərtləri sizi hündür daban ayaqqabı geyinməyə məcbur edirsə, dabanı 5 sm-dən hündür olmayan ayaqqabı seçin”.

Ayaqqabı döşəməsinə yerləşdirilən silikon dabanlar ayaqaltını daha yumşaq edəcək və ayaq döşəməsində yarana biləcək ağrıların azalmasına səbəb olacaq: “Ayaq problemlərini azaltmaq üçün bəzi qulluq vasitələri tətbiq edin. Günün sonunda ayaqların yuyulması da qulluq vasitələrindən biridir. Lakin ayaqları yuyarkən istifadə edilən suyun nə çox soyuq, nə də çox isti olmamasına diqqət edin. Ayaqlar yuyulduqdan sonra isə mütləq dəsmalla qurulanmalıdır. Ayaqları ilıq və duzlu suda saxlamaq şişin qarşısını alar”.

Uzun müddət ayaqqabı içində qalan ayaqları bir az da olsa rahatlandırmaq üçün eyni ayaqqabını iki gün dalbadal geyinməyin. Bu, ayaqlarda yaranacaq tərləmə və pis qoxuların qarşısını almağa da kömək olar. Hər insanın ayaq və dəri quruluşu fərqlidir. Bu səbəbdən də bəzi insanların ayaqlarında həddindən artıq tərləmə yaşana bilər: “Bu tərləmələrin qarşısını almaq üçün ilk növbədə ayaqdakı bakteriya miqdarını azaltmaq lazımdır. Bunun üçün də alüminium tərkibli kremlər istifadə edin. Müəyyən fasilələrlə antiseptik dərmanlarla ayaqları yumaq da pis qoxunun yaranmasına mane olar. Bundan başqa geyindiyiniz corabların pambıqdan olmasına diqqət edin. Çünki sintetik corablar ayaqların tərləməsinə və pis qoxuya zəmin hazırlayır”.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.