ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?

17 Aralık 2016
1 630
0
ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?
Şokoladın vətəni Amerika hesab edilir. Şokoladı dadan ilk avropalı isə Xristofor Kolumb olub. Bu hadisə 1502-ci ildə Qayana adası sakinlərinin əziz qonağını böyük təntənə ilə qarşıladıqları zaman baş verib. Kolumbdan 100 il sonra şokolad Avropada yayılmağa başlayıb. Bir girvənkəsi (400 qram) 10-15 şillinqə (Funt-sterlinqin 1/2-nə bərabər ingilis pulu) satılıb. Bu da çox baha olduğu üçün zadəganlara məxsus içki hesab olunub

İllər keçdikcə şokolad məşhurlaşır və tərkibi dəyişir. Məsələn, tərkibinə süd, spesifik məhsullar, müxtəlif şirin məmulatlar, içki və hətta pivə də qatılır. Əvvəl şokolad kişilər üçün içki növü sayılırdısa, sonrakı dövrlərdə uşaqların sevimli içkisinə çevrildi. 1674-cü ildə şokoladdan müxtəlif şirniyyatların içində də istifadə etməyə başladılar. Bu dövr “yeyilə bilmə” dövrü adlandırılırdı, çünki hazırlanan şokoladları yemək də olurdu. İlk dəfə şokoladın hazırlanması üçün lisenziyanı italyanlar alır. Avropada Meksikadan fərqli olaraq, şokoladın tərkibinə şəkər tozu və vanil də əlavə edilir. Azərbaycana gəlincə, bizdə şokolad XX əsrin ikinci yarısından geniş yayılıb. Hətta bu sahədə yerli istehsal müəssisəsi də yaradılıb.
Onu da bildirək ki, şokoladın ziyanlı və xeyirli tərəfləri zaman-zaman araşdırma mövzusu olub. Gəlinən qənaət odur ki, düzgün reseptlə hazırlanan şokolad insan orqanizminə pis təsir etmir. Bəs keyfiyyətli şokoladı necə tanıyaq?
Gündəlik qidamızda geniş istifadə olunan şokolad kakaodan, şəkər və digər dad-ətirverici maddələrdən istifadə edilməklə hazırlanan qənnadı məhsuludur. Bir çox insanların fikirincə, şokoladın ziyanı onun xeyirindən daha çoxdur. Lakin bu yanlış fikirdir. Yaxşı və keyfiyyətli şokolad (söhbət ilk növbədə şokolad plitkalarından gedir) insana yalnız xeyir gətirir. Ucuz və keyfiyyətsiz saxta şokolad isə tək xeyirsiz yox, hətta ziyanlıdır. Təəssüf ki, hal hazırda dükanlarda tez-tez saxta şokoladla rastlaşmaq olur.
Saxta şokoladı necə tanıyaq?
Bildirək ki, gün ərzində böyüklər təxminən 40-50 qr (şirin şokolad növlərini daha az miqdarda), uşaqlar isə (kiçik yaşlı uşaqlara vermək olmaz!) bir neçə dilim şokolad qəbul edə bilərlər. Şokoladın tərkibindəki yaşıl çayda olan flavonoid maddəsi ürək-damar sisteminə müsbət təsir göstərir, insanın əhval-ruhiyyəsini qaldırır, iştah yaradır. O, həmçinin E və B vitaminləri, dəmir, maqnezium, kalium cəhətdən zəngin olduğuna görə bədənin ehtiyaclarını ödəmək baxımından əvəzsiz qida qaynağıdır. Yüksək tonusqaldırıcı xassəyə və enerjivermə qabiliyyətinə malikdir. Şokolad istehsalında əlavə xammal kimi müxtəlif növ qərzəkli meyvələrin ləpəsindən, quru süddən, vaflidən, sukatdan və ətirli maddələrdən istifadə edilir. Şokolad kütləsinin emalından asılı olaraq, adi və desert şokolad növlərinə ayrılır.Konsistensiyası bərk olan şokolad məhsulları aromatlı, qida əlavələrilə və qatqı ilə ola bilər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, vətanşalar şokolad alarkən diqqətli olmalıdırlar. Xüsusilə onun qablaşdırılmasına, qoxusu və saxlama müddətinə fikir verilməlidir:
“Şokoladı sanitar qaydaları gözləmək şərti ilə resept və texnoloji qaydalara, qəbul olunan standartın tələblərinə uyğun olaraq hazırlayırlar. Tərkibindəki toksik elementlərin, pestisidlərin, aflatoksininin və s. maddələrin miqdarı qəbul olunan normalardan artıq olmamalıdır. Şokoladın tərkibində olan yağ orqanizmə daxil olduqda xolesterol artımına səbəb olmur, hətta xolesterolun azalmasına kömək edir.
Tərkibindən asılı olaraq şokoladı qara, südlü və ağ kimi növlərə bölürlər. Bundan əlavə, az miqdarda diabet növləri də vardır. Diabetli şokolad şəkər diabetli xəstələr üçün nəzərdə tutulub. Şokolad nə qədər qara olsa, tərkibində kakao yağının miqdarı da yüksək olur. Lakin həddən çox yemək piylənmə, səpmə, diş çürüməsi kimi problemlərə gətirib çıxara bilər. Kiçik yaşlı uşaqların bu məhsulu normadan artıq qəbul etməsi məsləhət deyil".
Şokoladlar necə qablaşdırılır?
Şokoladlar dənə, qarışıq, bir çeşiddə qablaşdırılan, yaxud çəki şəklində buraxırlar. Qablaşdırılan şokoladların üzərindəki yazıda məhsulun tərkibi qeyd olunduğu üçün onun keyfiyyətini müəyyən etmək asandır. Kakaonun faiz tərkibinin yüksək olması onun yüksək keyfiyyətinə işarədir.
Şokolad məmulatı bükülmüş və bükülməmiş halda satışa daxil olur. Bükülmüş şokolad qutulara qablaşdırılır. Plitka şokoladı iki, yaxud üçqat kağıza sarınmış (nazik sarğı kağızı, folqa və bədii bəzəkli etiket, yaxud kaşirovka olunan bəzəkli kağız) olur. Bükülən şokoladı xalis kütləsi 5 kiloqrama qədər olan karton yeşiklərə, yaxud 20-30 kq. olan faner, taxta yeşiklərə qablaşdırırlar. Kütləsi 50 qram və daha çox olan şokoladın markalanmasında adi qeydlərlə yanaşı, tərkibin əsas komponentləri də göstərilir.
Məhsulun çeşidindən asılı olaraq, markalanmasında qeyd olunan məlumatlarda müəyyən fərqlər olsa da, əsasən əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun adı, xalis çəkisi, qida dəyərliyi və s. mütləq göstərilməlidir. Diabetli xəstələr üçün nəzərdə tutulan məhsulun üzərində isə həkimin təyinatına əsasən istifadə olunması qeyd edilməlidir.
Şokoladın saxlanma qaydası
Şokolad məmulatını 18±3ºC temperaturda və 75% nisbi rütubətdə, əlavəsiz şokoladı 6 ay, əlavəli və içlikli şokoladı 3 ay, çəkilib satılacaq əlavəsiz şokoladı 4 ay, əlavəlini isə 2 ay saxlamaq olar. Şokoladın açıq günəş şüaları altında, spesifik qoxusu olan məhsullarla bir yerdə saxlanması qadağandır. Ona görə də bu məmulatları alarkən qeyd olunanlara diqqət etmək lazımdır.
Çəki ilə satılan şokoladların keyfiyyətinin müəyyən edilməs
Bir çox şokoladlar qablaşdırılmadan, çəkilə satılır. Bu zaman istehlakçıya onun keyfiyyətini müəyyən etmək çətin olur. Belə olduqda həmin şokoladı bütöv, yaxud qırıq halında götürüb iki barmağın arasında 2-3 dəqiqə saxlamaq kifayətdir. Əgər şokoladın tərkibində kakao 40 faizdən aşağıdırsa, bitki və müxtəlif yağlar əlavə olunubsa, o əriyəcək. Bitki yağlarının əlavə olunmadığı keyfiyyətli şokoladlar isə uzun müddət əriməyəcəkdir. Tərkibində 55%-dən artıq kakao məhsulu olan şokoladlar hətta yayda da ərimirlər.
Dünyanın ən bahalı şokoladları
Bir sıra şirkətlər şokolad həvəskarlarını nəzərə alıb, bu məhsulun bahalı növlərini hazırlayırlar. Bahalı şokolad istehsalçılarının reytinqində birinci yeri Chocopologie by Knipschildt tutur. Şirkət artıq 100 ildir ki, şokolad biznesinə sahibdir və ona tələb getdikcə daha da artır. Chocopologie by Knipshildt şokoladı Ağ evin də vazkeçilməz şirniyyatıdır. Şirkətin şokoladladının kilosu 5750 dollar təşkil edir.
İkinci yeri Texas şirkəti Noka tutur. Bu şokoladın 1 kilosunun qiyməti 1900 dollara bərabərdir. Nokanın Vintages Collection kolleksiya seriyası on variantda buraxılır, bu qutuda olan konfetlərin sayından asılıdır. 4 dənə konfetin olduğu ən balaca qutunun qiyməti 16 dollardır.
İsveçrənin Delafee şirkətisə dünyanın ən bahalı şokolad istehsalçısı reytinqində üçüncü yerə sahibdir. Bir kilonun qiyməti 1150 dollardır. Delafee şokoladını ən yaxşı qurmanlar belə yüksək qiymətləndirirlər. Onun 56%-i Qana və Ekvadorda istehsal olunmuş yüksək keyfiyyətli təbii kakao təşkil edir. Məhz tərkibinin bu strukturuna görə şokolad özünəməxsus ətrini və dadını illərlə saxlaya bilir. Bu şirniyyatın dadına baxaraq, iddia etmək olar ki, isveçrəlilər nəinki dünyanın ən dəqiq və bahalı saatlarını, həm də ən dadlı və bahalı şokoladını istehsal edir.
Godiva “G” Collection şokoladı ilk üçlüyə daxil olmasa da öz “valehedici” adını doğruldur. Godivaya hətta ən tələbkar qurman belə laqeyd qala bilməz. Nəfis tərtibatı və məftunedici dadı hamını valeh edir və siz mütləq o şirniyyatı alacaqsınız. Nyu-York şirkəti olan Godivanın məhsulunun qiyməti kifayət qədər məqbuldur – kilosu 270 dollar.
Fransız şokoladı Richart artıq 87 ildir ki, bazardadır. Dünyanın bütün qurmanları bu şirniyyatı masalarında desert kimi görmək istərdilər. Nəfis Richart şokoladının dəyəri 270 dollardır ki, bu da bir çoxlarına onun dadına baxmaq imkanı verir. Ən məşhur Petit Richart dəstisə 49 növ şokoladdan ibarətdir.
Sonda onu da bildirək ki, bu ticarət markalarını saxtalaşdırıb alıcılara qəpik quruşa satan müəssisələr də var. Məsələn, kilosu 1150 dollara olan “Delafee” şokoladlarına yerli bazarda 10-11 manata rast gəlmək mümkündür.

ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?

ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?

ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?

ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?

ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?

ABŞ-da 1150 dollaradı, bizdə 11 manata - Keyfiyyətli şokoladı necə seçək?

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.