Gecikmiş qonaq- Hekayə
Olqa, evliyəmmi deyə siz soruşarkən, mənsə „hə“ deyərkən, susub sonra niyə bəs təksiniz, mən sizinlə, yarızarafat, yarıciddi, Sibirə belə gedərdim, dediniz.... Əsir edilmiş bir səadətin ulduzunun soyuq işığı yeni bir sevgi yolunu işıqlandıra bilərmi? Je suis désolé, mon cher, nə mən poruçik Annenkov, nə də siz mademoiselle Pauline deyilsiniz. Olqa, bir sevginin yolu bu qatarın yoluyla ölcülməz, bir sevginin ömrü bir istəyin sərhədlərinə sığmaz, bir sevginin zamanı, məkanı olmaz... Dənizdən də mavi gözlərinizin dərinliyi məni batırmaz. Mən sevginin əsiri, siz sevginin azad sahibəsi.... Siz qonaq, mən əbədi yolçu! Mən payız yağışlarının islatdığı bir yarpaq, siz bahar təravətinin əbədiliyinə inanan çiçək. Dəfələrlə sevmək olmaz, məhəbbətdən qaçmaq üçün məhəbbətə qaçmaq olmaz. Siz danısır, mən isə sakit bir təbəssümlə dinləyirəm. Sözləriniz isə qatar təkərlərinin yeknəsəq səsində kəsilir, mənə çatmırdı... Mənim isə xəyallarım uzaqlarda, lap uzaqlarda yollarımı gözləyən bir cüt qara, kədərli gözlərin, „Poison“ deyil, dəniz ətirli saçların yanında... Bir bilsəydiniz, Olqa, həmin saçların ətrini heç nə əvəzləməz. Siz qonaq, o isə mənim uzaq yollarımın istək ünvanı, o mənim qadınım, mənim həyatım, mənim sığındığım bir sevgi dünyasının sahibəsidi...
"Edmond Dantes"