Miqren ağrılarından necə qurtulmaq olar?

28 Ocak 2017
1 901
0
Miqren ağrılarından necə qurtulmaq olar?
"Miqren geniş yayılan bir problemdir. Miqren daha çox güclü baş ağrısı deməkdir. Əslində hamının başı ağrıyır, amma bu, adi bir ağrı deyil".

Feat.Az bildirir ki, bunu APA TV-nin "Öncə sağlıq" proqramında nevroloq, uzman doktor Nərgiz Ağayeva deyib.

Nevroloq miqren ağrısının orta və yüksək şiddətli baş ağrısı olduğunu vurğulayıb və qeyd edib ki, miqren xəstələrinin ən azı 70-80 faizi davamlı olaraq müalicə edilməli olan ağrıları keçirirlər.

Miqrenə qadınlarda daha çox rast gəlindiyini deyən mütəxəssis bildirib ki, hər dörd-beş qadından, hər 10-12 kişidən birində miqren var: "Əslində miqren beynin meningeal qişasının iltihabıdır. Bu, infeksiyasız iltihabdır. Biz buna aseptik iltihab deyirik.

Meningeal qişa qıcıqlandığı üçün şiddətli ağrı ortaya çıxır. Bu ağrılar çox zaman təktərəfli olur. Ağrıların ikitərəfli olması da mümkündür. İkitərəfli olsa belə, bir tərəfdə daha çox hiss edilir, xüsusən göz hissəsində daha şiddətli ağrı yaranır. Ağrı zamanı meningeal qişada sanki yara əmələ gəlir və pulsasiya baş verir. Miqren xəstələrində baş ağrısı ilə yanaşı ürəkbulanma əlamətləri olur, bəzi şəxslərdə hətta qusma yaranır. Bu miqren ağrıları şiddətlənənə daha çox baş verir".

Bununla yanaşı, həkim bildirib ki, miqren tutmaları zamanı xəstələr işıqdan, səsdən uzaq durmaq, daha çox yatmaq, qaranlıq otaqda olmaq istəyirlər: "Onlar hərəkət etmək istəməzlər, adətən deyirlər ki, hərəkət edəndə ağrı daha da şiddətlənir".

Onun sözlərinə görə, bir çox hallarda xəstələr özləri-özlərinə miqren diaqnozu qoyurlar, həkimə müraciət edəndə "məndə miqren var", - deyirlər.

N. Ağayeva onu da vurğulayıb ki, miqren problemi genetik amillərlə daha çox əlaqəlidir.
Miqren çox zaman ana xətti ilə keçir, qız övladlarına daha çox ötürülür. Amma problemin ata xətti ilə ötürülməsi də mümkündür.

Miqren tutmalarını şiddətləndirən bir çox amillərin olduğunu deyən mütəxəssis bu sırada birinci yerdə rejimsizliyin gəldiyini qeyd edib: "Yəni istər yuxu, istər qidalanma rejiminin pozulması miqren tutmasına şərait yaradır. Soyuq hava, külək də qıcıqlandırıcı rol oynayır. Məsələn, bizim miqren xəstəsi olan şəxslərə əsas tövsiyələrimizdən biri saçı yuyub qurudan kimi bayıra çıxmamaqla bağlı olur. Yaxşı olar ki, saç axşam saatlarında yuyulsun. Qidalanma, yuxu rejimlərinə əməl etmək, stressdən uzaq olmaq miqren tutmalarının qarşısını alır".

Həkim onu da deyib ki, spirtli içkilər də miqren tutmalarının yaranmasına səbəb olan amillərdən biridir.

Onun sözlərinə görə, miqren əslində tutma zamanı olan bir xəstəlikdir. Tutma keçəndən sonra, digər tutma yaranana qədər isə miqren xəstələri normal insanlardan heç nə ilə fərqlənmirlər: "Xəstələr bəzən miqren tutmalarından öncə bu halın yaranacağını hiss edirlər. Biz buna "miqren aurası" deyirik. Belə hallarda göz önündə işıq saçmaları görünür, bəzən gücsüzlük, hissiyyatsızlıq olur. Aura ağrıdan təxminən bir saat əvvəl yaranır, aura keçir və ağrı başlanır. Miqren aurası hər xəstədə müşahidə edilmir. Aurasız miqrenə daha çox rast gəlinir".

Miqren ağrılarının saatlarla, bəzən isə günlərlə davam etdiyini açıqlayan mütəxəssis deyib ki, bu ağrılar demək olar ki, dərman qəbul etmədən keçmir: "Əgər ağrı sayı ayda 4-5 dəfədən çoxdursa, bu zaman hər dəfə ağrıkəsici içmək məcburiyyəti yaranırsa, deməli, ikinci bir problem yaranmış olur.

Bu zaman ağrıkəsici istifadəsinə bağlı olaraq yeni bir baş ağrısı meydana gəlir. Eyni zamanda miqren xroniki problemə çevrilir. Xroniki miqrenin müalicəsi daha çətindir və dərmanlara qarşı dirəniş göstərir. Adətən xalq arasında "miqrenin müalicəsi yoxdur" kimi bir deyim var. Əslində belə deyil. Miqren xəstəliyinin müalicəsi var, amma bu, qısa müddətli müalicə deyil. Əgər düzgün bir müalicə sayəsində miqren tutmalarının sayı yarıbayarı azalırsa, ağrıkəsici ehtiyacı demək olar ki, aradan qalxırsa, "miqrenin müalicəsi yoxdur" demək düzgün deyil.

Bəzən bizə yaşlı xəstələr müraciət edirlər, deyirlər ki, illərlə müalicə olunsalar da, miqren tutmaları davam edir. Bu hal ona görə davam edir ki, vaxtında, düzgün müalicə almayıblar və çoxsaylı ağrıkəsicilər qəbul ediblər. Bu isə problemi ağırlaşdırıb, daha da şiddətləndirib".

Miqren tutmasına qarşı hər ağrıkəsici dərmandan istifadənin yanlış olduğunu, əslində problemlə bağlı spesifik dərmanların təyin edildiyini deyən N. Ağayeva bildirib ki, dərmanlar miqren tutmaları şiddətlənməzdən əvvəl qəbul edilməlidir. Çünki tutmalar şiddətlənməmiş ağrını aradan qaldırmaq daha asan olur.

Bəs miqren üçün xarakterik olan əsas əlamətlər hansıdır?

Nevroloq vurğulayıb ki, əgər bir şəxs həkimə müraciət edənə qədər onda miqren olub-olmadığını bilmək istəyirsə, o zaman əsasən 3 suala cavab verməlidir: "Birincisi, baş ağrısı ilə yanaşı ürək bulanma hissi də yaranırmı? İkincisi, baş ağrısı olanda işıqdan narahat olurmu? Üçüncüsü, baş ağrısı onun gündəlik planlarını təxirə salacaq həddədirmi?

Bu sualların ikisinin cavabı pozitivdirsə, deməli, əksər hallarda miqren problemindən şübhələnməyə əsas yaranır".

Həkim deyib ki, miqren diaqnozu klinik əlamətlərə əsasən qoyulsa da, başqa problemlərin olub-olmadığını aşkara çıxarmaq üçün digər müayinələrin aparılması da lazım olur. Bəzən miqren əlamətləri ilə yanaşı digər əlamətlər də qeydə alınır və müayinələr zamanı əslində beyində digər problemlərin olduğu ortaya çıxır.


N. Ağayeva qeyd edib ki, miqren daha çox yeniyetməlik dövründən sonra, gənc yaşlarda, təxminən 40 yaşa qədər daha sıx görülür.

Uşaqların da miqren ağrılarından əziyyət çəkdiyini deyən N.Ağayeva bu halda miqrenin daha çox ürəkbulanma əlaməti yaratdığını deyib: "Bəzən uşaqlarda dayanmayan, səbəbsiz qusmalarla bağlı müraciətlər edilir. Böyüklərdən fərqli olaraq uşaqlarda ikitərəfli baş ağrılarına daha çox rast gəlinir. Miqreni olan uşaqların dərsə davamiyyəti azalır, ağrılar gündəlik normaların yerinə yetirilməsinə mane olur".

Mütəxəssis qadınlarda miqrenə daha çox rast gəlinməsinin hormonal dəyişikliklərlə bağlı olduğunu açıqlayıb: "Miqren qadınlarda yeniyetməlik dövründən sonra daha çox özünü büruzə verir, klimaks dövründən sonra isə azalmağa başlayır. Hamiləlik dövründə miqren xəstələrinin bir qismində ağrılar tamamilə yox ola bilər. Yəni bu hormonal balansın dəyişməsi ilə birbaşa bağlı olur".

Mütəxəssis onu da deyib ki, tədqiqatlar miqreni olan qadınların miqreni olmayan qadınlarla müqayisədə 60 yaşdan sonra insult, tromboz olmaq ehtimalının daha yüksək olduğunu ortaya çıxarıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.