Uşaqlarımızı yeyən “Mavi balina”: ondan necə qurtulmalı? – PSİXOLOQDAN TƏLİMAT

18 Kasım 2017
2 107
0
Uşaqlarımızı yeyən “Mavi balina”: ondan necə qurtulmalı? – PSİXOLOQDAN TƏLİMAT
Rusiyada bir gənc tərəfindən yaradılan və internet şəbəkələri tərəfindən gizli linklə ölüm tələsi quran “Mavi balina” (Blue whale) oyunu bütün dünyanı həyəcana salıb. Yüzlərlə yeniyetməni intihara sürükləyən bu oyun artıq ölkəmizdə də tanınır. Hətta bu yaxınlarda rayonlardan birində intihar edən yeniyetmənin də məhz bu oyunun təlimatını yerinə yetirdiyi barədə fikirlər səsləndirilir. Adıçəkilən oyunun insanlara təsir edən və hətta ölümə aparan psixoloji məqamlarına aydınlıq gətirmək üçün Ailem.az psixoloq Səbinə Bayramovanın fikirlərini öyrənib.

Uşaqlarımızı yeyən “Mavi balina”: ondan necə qurtulmalı? – PSİXOLOQDAN TƏLİMAT

“Bəli” deyirsinizsə, artıq tələyə düşmüsünüz


Psixoloq deyir ki, bu oyun hər kəsin istifadə etdiyi Appstore və ya Play marketdən telefona yüklənən oyun deyil: “Sosial media platformu var. Oradan istifadə edənlərə mesaj şəklində gəlir. Məsələn, facebookda tanımadığınız bir adamdan sizə mesaj gəlir ki, bir oyun oynamaq istəyirsənmi? Əgər siz ona “bəli” cavabı versəniz, artıq tələyə düşmüş sayılırsınız. Başlayırlar sizə sıra ilə 50 tapşırıq, vəzifə verməyə. Vəzifələr də elədir ki, həmin tapşırıqları idarə edən şəxsə sübut etməlisən. Misal üçün, orada deyir ki, əlinin içinə, ya da barmaq ucuna ülgüclə cızıqlar at, onun şəklini çək, göndər. Yaxud əlinin içinə F57 yaz, qanlı şəkli çəkib göndər ki, səndən razı qalım. Uşaq başlayır özünü ona sübut etməyə. Beləcə, səviyyələri keçə-keçə gedir. Məsələn, 6-cı missiyada çox yüksək olmayan bir binanın damına çıxıb oturmalı, ayaqlarını yelləməlisən. Bu, psixoloji şeydir, şəxs intihara öyrəşdirilir. Ona görə edilir ki, bu hal ona adi gəlsin, özgüvən yaransın. Yəni özündə intihar etmə gücü toplasın”.

Gecə saat 4-də əcaib musiqilər..
.

S.Bayramova bildirir ki, əslində bu, elmi baxımdan qurulmuş bir oyundur: “Təsəvvür edin, 16-cı missiyadan sonra uşaqları, yeniyetmələri gecə saat 4 radələrində oyadıb, qorxulu mahnılar, əcaib səslərdən ibarət musiqi dinlətməyə, videolar izlətməyə başlayırlar. Burada elmi məqam odur ki, gecə 3-dən sonrakı saatlarda yuxuda olan uşaqlarda, yeniyetmələrdə böyümə hormonunun inkişaf etmə saatlarıdır. Uşağı həmin saatda oyadıb ayaq üstdə saxlayırlar. Hətta bəzi missiyalarda deyir ki, evin yaxınında olan dəmir yoluna get, uzan relsin üzərinə və qatar gəlib çatana yaxın oradan dur. Yəni risk etməyi, intihara hazırlaşmağı öyrədir”.

İntihar mükafat kimi təqdim edilir

Oyunun 50-ci missiyasında intihar etmək tələb olunur. Hətta tələb olmasa da oyunçu elə bir vəziyyətə gətirilir ki, artıq özü intihar etmək istəyir: “İntiharı ona mükafat kimi təqdim edirlər. Mesaj verirlər ki, bu dünya sənlik deyil, sənə layiq deyil. Sanki ona nicat yolu göstərilir ki, sənin çıxış yolun intihardır. Hətta bu cür intihar edənlərin sayı Türkiyədə 200-ü keçib. Bu oyunun yaradıcısı tutulan zaman sual veriblər ki, niyə bu cür iş görürsən? Deyib, bu oyuna qoşulub intihar etmiş olanlar cəmiyyətin bioloji tullantılarıdır. Onlar onsuz da ölməli idi. Onun yanaşmasına görə, guya bu yolla cəmiyyəti təmizləyir. Düzdür, oyunun yaradıcısı şikayətlər əsasında həbs olunsa da, oyunun istifadəsi, yayımı dayandırılmayıb. Ona görə hələ də şübhəli qalıb ki, görəsən həbs edilən həqiqətən əsas başçıdır? Yoxsa onun köməkçilərindən kimsə tutulub və əsas başçı azadlıqdadır? Hazırda Türkiyədə və bir çox başqa ölkələrdə hüquqşünaslar tərəfindən şikayətlər olunduğu üçün bu oyunun qarşısı alınıb. Oyun ingilis, rus, türk dilində istifadə olunur”.

Mərdi qova-qova namərd edərsiniz


Psixoloq deyir ki, bu oyun səbəbindən intihar edənlər əsasən 12-16 yaş arası yeniyetmələrdir: “Biz həmişə deyirik ki, yeniyetmələrə anlayışla davranmaq lazımdır, tez-tez otağına girib, balaca uşaq kimi nəzarətdə saxlamamaq lazımdır. Çünki bu, ona qıcıq verir, valideyn gözündə düşmənə çevrilə bilər. Məsələn, oyunda missiyaların birində deyilir ki, 2 gün boyu otağından çıxma, heç kimlə danışma. Uşaq bunu edir və valideyn də təəccüblənmir. Düşünür ki, yəqin otağında dərslə məşğuldur, ya da oyun oynayır. Bu, onun yetkinlik yaş dövrü olduğu üçün valideyn anlayışla qarşılayır. Ona görə də məlumatlı olmur. Valideyn övladının bədənindəki cızıqlara, izlədiyi sosial şəbəkələrə diqqət etməlidir. Amma elə etmək lazımdır ki, uşaq bunu hiss etməsin. Nə badə bildirəsiniz. Əgər belə olsa, uşaq daha da soyumağa başlayır. Elə hiss edir ki, mən güvənilmirəm, valideynim məni izləyir və sair. Yəni mərdi qova-qova namərd edərsiniz”.

Valideyn uşağı mükafatlandırmalıdır


Mütəxəssis valideynlərə bəzi məsləhətlər də verib. Vurğulayıb ki, valideyn daha çox övladına güvəndiyini bildirməlidir. Onunla vaxt keçirməli, mükafatlandırmalıdır: “Oyunların hamısına fikir versəniz görərsiniz ki, psixoloji qurulub, hamısının sonunda mükafatlar var - qızıl, gümüş səviyyə verir. Bunlar artıq bir şirnikləndirmədir. Valideyn isə bunu etmir, daha çox cəzalandırmağa meyllənir. Bunu etmədiyi üçün uşaq virtual aləmə qapanır. Görür ki, mən burada özümü təsdiq etdim, birinci yerə çıxdım. Oyun ona özünü sübut etmə şansı yaradır. Uşaq da bundan zövq alır. Elə mərhələlər var ki, valideynlər də uşaqları mükafatlandırmalı, rəğbətləndirməlidir. Cəzalandırma metodu təbii ki, psixologiyanın təlim-tərbiyə metodları arasında var. Amma həddən artıq istifadə məqsədə uyğun deyil. Yaxud valideyn özü uşağı uzaqlaşdırır. Deyir ki, hər hansı bir məsələdə bu, sənlik deyil, get otağına, sən nə bilirsən ki, bu nədir? Çox zaman da onları bayıra qoymurlar ki, qoy otursun gözümün qabağında, kompüterlə məşğul olsun. Bu da yanlışdır. Əslində uşaq bayıra çıxmalı, yoldaşları ilə oynamalıdır ki, enerjisini xərcləsin. Təəssüf ki, valideynlər özləri uşağı kompüterə öyrəşdirdikdən sonra psixoloqa müraciət edirlər”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.