Ana səhifa

Ney səsi - Hekayə

Maraqlı / Hekayələr
01 Ocak 2017
227
0
Ney səsi - Hekayə
Musiqinin səsi artdıqca uzaqdan gələn maşın və insan səsləri zəifləyir, görüntülər isə get-gedə siluetə çevrilir və itirdi..

Arxa pəncərələrindən biri açıq qalmış köhnə avtobus, su gölməçələri olan yarımasvalt yolda şütüməkdədir. Artıq neçə ildir ki, bu yolların asvaltını təzələmirlər. Gecə dayanmadan yağan yağışın yaratdığı görkəm isə, kəndə heç yaraşmır. Noyabrın tutqun havalı, bu darıxdırıcı son bazar günündə, içərisində bir neçə sərnişini olan avtobusun sürücüsü dodağaltı deyindi: – “Heyvan balası heyvan, buraxmadı ki, minsin..” Bu kişinin adı Salamdır. Artıq 40 il olar kəndlərində avtobus sürür. İndi isə sərnişinlərdən birini kimsə dayanacaqda söhbətə tutaraq avtobusa minməsinə macal vermədi. Sərnişin də bir marşurut buraxmalı oldu.

Avtobus yenidən yoluna davam edir. Bu sarı, köhnə dəmir parçası, yolların “imtahanından” üzü ağ çıxsa da sonda maşınlar üçün tullantı “cəhənnəmindən” başqa heç nə qazanmayacaqdı. O, axı kənd uşaqlarına yol getmək sevinci, böyüklərə rayon mərkəzinə və kənd arası mənzil başına çatmaq təntənəsi bəxş etmişdi?! İndi isə köhnəlmişdi, dağılmış salonundan pis qoxu gəlirdi. Öz sadiq sərnişinlərindən bəziləri onu artıq çoxdan tərk etmiş, son yolçuluqlarında tabuta sərnişin olmuşdular. Zarafat deyil, bu avtobus alınan gündən bu kənddə qalmışdı. Eyni yolları hər gün, dəfələrlə gedib-gəlmiş və kəndin hərəkət edən bir parçası, sanki bədəninin bir orqanı olmuşdu.

Atası Salamı avtobus sürücüsü işinə düzəldəndə hələ sovet dönəmi idi. Onda o cavan idi. Əsgərlikdən gəlmiş, bir müddət öyrənmib traktor sürməyə başlamış, sonra da aşırıb qəza törətmişdi. Daha sonra kəndlərinə yeni avtobusun veriləcəyini eşidən atası, oğlunun bu boşluqdan istifadə edib işləməsi üçün mal-qara satıb, xəlvəti avtobaza müdürü ilə razılaşmış və PAZ markalı bu avtobusu Salamın adına qeydiyyatdan keçirtmişdi. Beləcə, Salam bu avtobusun sürücüsü olmuşdu.

Kəndin o vaxtki gənc qızları belə təzə və o dövrə görə gözəl avtobusu olan cavan oğlana ərə getməkdən ötrü evdarlaşar, avtobusa mindikdə ehtirasla sürücü güzgüsündən Salamın şorgöz gözlərinə baxardılar. Salam da bundan böyük həzz alar, özünü bir az da görkəmli göstərmək üçün hər gün evdən çıxanda ətirlənər, saçlarını darayar, əyin-başına fikir verərdi. Əminə də o vaxtlar bu avtobusun sərnişinlərindən idi. Hər gün səhər avtobusa minib kəndin yuxarı başında yerləşən məktəbə gedərdi. O, kəndin demək olar ki, ən gözəl qızı idi. Yaz aylarının gözəl keçdiyi bu kəndin ətirli günlərində ağappaq geyinər, gözəlliyi ilə kəndə sanki işıq saçırdı. Sarışın olduğu üçün avtobusun salonunun rənginə öz cazibəsilə sanki uyğunlaşardı. Tərslikdən Salamın da xoşladığı qız tipi məhz sarışın idi. Bu harmoniyalı görüntü Salamı ona baxmağa daha çox məcbur edirdi. Lakin Əminə başqaları kimi deyildi. O, digər kənd qızları kimi Salama bənzər birini arzulamazdı. Onun arzuları kəndin dar hüdudlarını aşmışdı. Buna görə də Salamla baxışmaz, öz gələcək arzularına sadiq qalaraq təhsil almaq və öz ideal seçimini etmək şansını gözləyərdi. O, sanki doğuşdan çox şən, səmimi və bununla bərabər tərbiyəli idi. Üzündən hər zaman həyat eşqi yağardı. Onun ümumiyyətlə Salama heç bir rəğbəti olmaz, ona sadəcə kənd avtobusunu sürüb öz işini yerinə yetirən bir sürücü kimi baxardı. O, hər gün bu avtobusla məktəbə gedəndə, insanların Salamla hal-əhval tutarkən təkrarlanan bu sözlərinə gülərdi. Sərnişinlər Salama salam verərəkən Əminə buna gülümsəyər, “salam ay Salam” sözü qəribə səsləndiyi üçün, onu gülmək tutardı. Lakin bu gülümsəmə adi insani xüsusiyyət idi, sevgidən və rəğbətdən qaynaqlanmırdı. Əminə hər şeyin öz qaydasında getdiyini sanırdı. Həyat da beləcə öz axarı ilə gedir. Əminənin gələcək arzuları da özü ilə bərabər günü-gündən böyüyür və daha ciddi mahiyyət kəsb etməyə başlayırdı.

Çox keçmədi ki, Salam utanmaz bir hərəkət elədi. O, öz savadsız zənni ilə elə bu davranışdan, yəni qızın gülümsəməsindən təsirlənərək, qəflətən elçi göndərib, atasından onunla evlənmək razılığını aldı. Salam aldığı razılığı öz məntiqsiz zənni ilə analiz edib, xurafi şəkildə düşünərək öz-özünə belə demişdi: “Bu avtobus mənə düşdü!”. O, kəndin gözünü ələ keçirdiyi üçün sevincindən hətta həmin gün az qala qəza da törədəcəkdi. Qız isə atasının Salama bu dəhşətli razılığı verməsindən sonra gülümsəməsinin özünə bədbəxtlik gətirdiyini düşünüb, bu davranışa ömürlük son qoymaq qərarına gəlmişdi. Amma nə faydası. Bu məsələdə düşər-düşməz xurafatının bu dəfə “rasional” olduğunu anlasa da, bunu öz şüurunda analiz edib, etdiyi hərəkəti özünə başa sala biləcək yaşda deyildi. Onun cəmi 16 yaşı var idi. Atası isə kasıb və savadsız bir fəhlə idi. Öz vəziyyətini nəzərə alıb, belə avtobusu olan pullu oğlana qızını ərə satmaqdan imtina edə bilməzdi. Kəndin mental qanunlarına görə isə, qız atasının razılıq verdiyi istənilən oğlana etiraz etmədən ərə getməli və uşaq doğmalı idi. Çünki o dövrdə sssri-yə işləyən qol, insanlara isə çörək yemək üçün pul lazım idi. Atası da pula görə belə etdi. O vaxt o Salama, yaxın aylardan birinin sükütunu rayon musiqiçilərinin keyfiyyətsiz züyültüləriylə pozaraq, bu sarı çiçəyin azadlığını əlindən alıb, darıxdırıcı xarabaya həbs etməsinə razılıq verdi. Orada isə gündüzlər də gecələr kimi zülmət içərisində keçirdi. Əminəni sevmədiyi, özündən yaşca çox böyük oğlanla iyrənc və maraqsız bir həyat gözləyirdi.

Elə bu razılıqdan bir müddət sonra, hələ nişanlarından da əvvəl, Salam nəfsinə qalib gələ bilməmiş, qızı gecə görmək adı ilə aldadadıb xəlvəti evdən çıxarmış, avtobusa mindirərək aparıb onun əkin tarlasının təbii qıfılını qırmışdı. Bunu o öz əxlaqsız və bayağı zənni və özünə inamsız şüuru ucbatından iki şeyə görə eləmişdi: Biricisisi, belə gözəl bir qızın birdən necəsə əldən çıxacağından qorxması, digəri isə öz şəhvani ehtiyacının ödənilməsində nəfsini cilovlaya bilməməsi idi. Həmin ilk qanunsuz görüşdən sonra qızı evlərinə buraxmış, gecə onun səhərəcən yatmayıb necə iztirab içində həyəcan keçirdiyinin, ağladığının önəmində belə olmamışdı. Yazıq qız. O, cizgi filmlərinə baxarkən hələ də təsirlənən, “inistituta” daxil olub tələbə həyatını yaşamaq istəyən, ürəyində minbir arzuları olan 16 yaşlı qızı həm vaxtsız açılışa, həm də iyrənc bir qeyri-təbii cinsi əlaqəyə məcbur etmişdi. O, saf bir qızın daxili aləmini darmadağın eləmişdi. Salam, həqiqi sevginin və qadınla münasibətin nə olduğunu bilməyən 26 yaşlı vəhşi idi.

Susuz yolçu quru səhrada su tapdığı yerə bir də qayıdar.. Sonralar o, gecələr dəfələrlə qızı yenidən evdən çıxarmaq üçün hasar başından onun pəncərəsinə boylanıb onu səsləyəndə, qız kənd camaatının bunu görməsindən, Salamın onu şantaj edə biləcəyindən qorxaraq, bu biyabırçılıqdan qurtuluşu onun ehtirasını söndürməkdə görür və onunla yenidən getməyə məcbur olurdu. O, necə də pis bir cəncələ düşmüşdü. İndi onun bu dəhşətli şeyləri açıb danışacağı, sarılıb ağlayaraq özünə qarşı canıyananlıq duyacağı heç kimi yox idi..

Sonra bir dəfə onlar yenə avtobusa əyləşib bu dəmir parçasını yenidən cırıldamağa məcbur etmişdilər. Bu cırıltı avtobusa köhnəlik damğası vurmurdu. Bu, onların övlad istehsalındakı prosesi idarə edən təmasın titrəşiminindən yaranırdı. Ola bilsin ki, elə həmin gecə bir xromosom öz yerində qərar tuta bilmişdi. Salam, avtobusu Ay işığında, bir arxın kənarında saxlamışdı. Bir az əvvəl kobud nəriltiləriylə təbiətin aurasın pozan Salam, indi avtobusdan yerə düşüb siqaret yandırmışdı. Əminə isə salonda dizlərini qucaqlayıb səssiz-səssiz ağlamaqdaydı. Onun duzlu göz yaşları budlarına axır, orada burun suyuna qarışırdı. O, hardan biləydi ki, bir vaxtlar sevinclə məktəbə gedib-gəldiyi bu avtobusun mənəviyyatsız sürücüsü, vaxt gələcək onunla elə burada qəhbə kimi davranıb, onun gələcək ağ atlı şəhzadəsinin yerini zəbt edəcəkdi?! Salam bir az əvvəl onu burada qucaqlayarkən it kimi yalvarmış, onu sevdiyini demiş, iş bitdikdən sonra isə soyuq bir tərzdə avtobusdan aşağı düşmüşdü.

Uzaqdan kəndin közərən işqları görünürdü. Salam, fikirə dalıb siqaretinə güc gəlməkdəydi. Onun başı, kəndin işıqlarının fonunda, Ayın projeksiyası ilə əsil iblisə bənzəyirdi. O, özündən 10 yaş balaca, gözəl və tərbiyəli bir sarı çiçəyin təcrübəsizliyindən istifadə edərək, öz murdar nəfəsi ilə onun təravətli nəfəsinə qalib gəlmişdi. Salam, lənətlənmişlər kimi hərəkət eləmişdi..

Həmin ardıcıl görüşlərdən sonra psixoloji travmalar alıb, qayğıya ehtiyac duyan Əminə, təlatüm keçirirərək onunla yaşından böyük davranıldığı üçün ağlayır, bəzən intihar etmək istəyir, bəzən isə bu qanunsuz əlaqənin sonunda Salamın onu atması təhlükəsindən bərk qorxuya düşürdü. Görəsən evlənəndən sonra həyatı necə olacaqdı? Axı bir neçə ay əvvəl o gözəl xəyallar qurur, xoşbəxt gələcəyə sağ əlindəymiş kimi yaxın ümidlərlə baxırdı?! Yadındadır, gecələr xəyallar qurar, səhərlər isə ağacların, çiçəklərin ətri, quşların səsi ilə həyatı qucaqlayaraq oyanardı. İndi isə bütün bu xoşbəxt hisslər onda yox olmuşdu. Onun arzularla dolu gözəl həyatı qəflətən necə də cəhənnəmə dönmüşdü. Üstəlik başına gələn bu biyabırçı işlər gözünün önündən getmirdi. Necə olsa kənddə heç kim “kəbin və əkin” ardıcıllığını pozmazdı. Lakin Salam qadağan olunmuş sahənin qanunlarını qanlı şəkildə pozmuşdu. O, çox zalım bir “əkinçi” idi. Bütün bu nifrət doğuran əlaqələrin sonunda, onların birinci övladları qara yun papaqlı bir mollanın ağzından çıxan ərəbcə kəbin duasını ana bətnində eşitməyə müyəssər oldu..

Salam indi bunları xatırlayır və keçmişin necə də yaxın hiss olunduğunu düşünürdü. Onun gəncliyi necə də tez keçmişdi. Gözlərini yumaraq sıxdı və açdı, diqqətini yola yönəltdi. İndi bu xatirləri Salamla birgə sürdüyü bu PAZ markalı köhnə avtobus da daşıyırdı. Salam kişi elə o vaxtdan bu avtobusu sürmuş, bu avtobus vasitəsiylə ailə saxlayıb, uşaq böyütmüşdü. İndi artıq təqaüd də alırdı. Övladları da işləyirdi. Lakin özü işsiz qala bilmədiyi üçün avtobusdan ayrıla bilmirdi. Buna baxmayaraq ömrünün ölümə doğru atdığı bu 66-cı addımında heç nəyə marağı qalmamışdı.

İndi fikirləşirdi ki, bu avtobusda keçən 40 ildə yadında qalan, maraqlı və faydalı heç nə əldə etmədi. Nə uzaq gəzintilərə getdi, nə də kənddən çıxıb rahat gəzə bildi. Onun buna heç vaxtı da olmazdı. 4 uşaq böyütmək ata üçün ağır bir işdir. Ona görə də elə burada, bu kənndə qocaldı. Bəli, məhz buna görə də özünü içdən didirdi. Hələ bu yaxınlarda ürək xəstəliyinə də yaxalanmışdı. Həkim demişdi ki, ehtiyatlı olsun, infakta çevrilə bilər. Bunu nəzərə alıb ölümünə çox qalmadığını da yəqin etmişdi. Axı nə edə bilərdi? Vəziyyətlə barışmalı idi. Yenidən cavanlıq vaxtlarını geri qaytara və yenə öz təzə avtobusuna əyləşib, cavan qızlara özünü göstərə bilməzdi. Çünki onun cavanlığına şahid olmuş qızların çoxu, indi qocalıb qocalıqdan beli bükülmüş qarılar, torpağa əkilib beşincidə – yəni qiyamət fəslində cücərəcək bədən toxumları idi. Qum saatı geriyə çevrilə bilər, amma insan ömrü heç vaxt. Saatın çevrilməsi qumun yenilənməsidir, insanın yenilənməsi üçün isə, qiyamətin qopması lazımdır. Gənclik yeni yağmış qarı görən uşaqların keçirdiyi coşqu hissi kimidir. Vaxt keçdikcə qar əriyib palçığa və xəzələ qarışan kimi, tərkibi sarıya çalan çirkab yaradır və bu daha heç kimi duyğulandırmır. Salam və onun köhnə avtobusu da məhz bu qarışımı xatırladırdı. Ehhh – çəkib fikrə daldı. Keçən bu zaman ona avtobusda gedib-gələrkən, yayda istidən od tutub yanan, qarda-yağışda isə palçıq içində olan bu balaca və darıxdırıcı kənddən başqa heç nə göstərmədi. Ürəyində özü-özünə danışmağa başladı və hərdən bu danışığın bəzi cümlələri onun dilində səsləndi. Onun ifadə etmək istədikləri əslində bunlar idi:

– “Kaş yenə gənc olaydım. O zaman avtobusu atıb başqa bir həyatı seçərdim. Deməli, dünyada pul qazanmaqdan, özünü qızlara nümayiş etdirməkdən, evlənməkdən, həyat yoldaşına edilən xəyanətin yenilikverici ləzzətindən və avtobusda şütüməkdən daha önəmli şeylər var imiş. İnsanın ən böyük mənəvi rahatlığı dünyanın qəfəssiz, özünün isə azad olduğunu dərk etməsi imiş. Bu qəfəssizliyin içində isə hərəkət etmək lazım imiş. Mən bədbəxt isə belə bir sürücülüyü, eyni trayektoriyada fırlanan bu cansıxıcı avtobusu özümə peşə seçdim. İndi ömrümün bu yorğun yetmişlərində necə də xatirəsizəm. Dərindən düşünəndə getdiyim toylar-nişanlar, öz toyum, kənddə yeni ev tikdirməyim istisna, maraqlı heç nə görməmişəm, yadda qalan xoş bir şey yaşamamışam. Hər gün işdən sonra çayxanada, sərnişinlərdən aldığım pullarla elə onların özləriylə çay içib domino oynayırdım. Gecələri də içib keflənir və evdəkiləri incidirdim. Budurmu həyat? Qohumlarımın bəziləri Rusiyaya getdi. Cavanlıq dostlarımın, sinif yoldaşlarımın bəziləri o vaxt inistituta daxil oldular. İndi böyük şəhərlərdə ailələrini başlarına yığıb sevinclə öz maraqlı xatirələrini bölüşürlər. Onlar azaddırlar. Mən isə.. Mən.. Mən bədbəxtəm. Amma özümdən çox Əminənin arzularını ürəyində qoyub, onu bədbəxt elədim. Onu aləmdən təcrid edib, qəfəsə saldım. Sonra onu elə hey incitdim, onunla sərt davrandım və təhqir etdim. Yazıq, xəstəlikdən öldü. Yoxsa ölmək üçün hələ nə yaşamışdı ki?! Özüm isə, həmin o sarı xatirələrimlə, elə bu köhnə sarı avtobusda saralmaqdayam.”

Sarı payızdan sonra isə ağ bir qış gələr..

.. Artıq gözlər yumulmuşdu. Musiqi sədası isə, hələ də yüksəlməkdə idi. Bu səs, sanki dağların ətəyindəki çəmənlikli çöllərdə əl-ələ tutub qaçan azad sevgililəri tərənnüm edirdi. Bəlkə də bu səs, kiminsə xəyallarının, həyata keçməyib kül olmuş arzularının, intizarının səsi idi. Lakin diqqətlə dinlənildikdə aydın olurdu ki, bu bir Ney səsi idi.

10 noyabr 2010-cu il. Xəbər portallarında və televiziya xəbər proqramlarında ölümlə nəticələnən yol qəzası haqqında məlumat verilmişdi. Rayon kəndlərinin birində bir avtobusun qəza törədərək ağaca çırpıldığı söylənilirdi. Hadisədə yaşlı sürücü Əzizov Salam Əlövsəd oğlunun dünyasını dəyişdiyi bildirilirdi. Hadisədən sonra, sürücünün qəza nəticəsində yox, sükan arxasında olarkən infaktdan öldüyü məlum olmuşdu. Sərnişinlərdənsə yüngül dərəcəli xəsarət alanlar olsa da, heç bir ciddi yaralanma və ölüm hadisəsi qeydə alınmamışdı. Verilən son rəyə əsasən qəzaya səbəb, sürücünün xəstə olması və fikirli halda avtobusu idarə etməsi, həmçinin avtobusun da köhnə olması söylənilirdi. Qəzadan sonra avtobus yararsız vəziyyətə düşmüşdü.

Ney haqqında.

Farsca “qamış” anlamına gələn ney qamışdan hazırlanan, üfürülərək çalınan musiqi alətidir. Sufilikdə neylə bağlı belə rəvayət olunur: Ney bir zamanlar öz vətəni olan qamışlıqda həmvətənləriylə birgə yaşamaqdaydı. Onu oradan kəsirlər, bişib yetişsin, içi boşalsın deyə, nəcis yığınının içərisinə qoyurlar. Qamış, qaranlıq və çirkin yerdə qalır. Nə zülmlər çəksə də, səbir edir; nəticədə içi boşalır, rəngi sapsarı saralır. Onu olduğu yerdən çıxarıb üzərində dəliklər açırlar, ağız hissəsindən üfürdükcə ürəkləri yandıran bir fəryada başlayır. Neyin bu fəryadı onun əsl vətəni olan qamışlıqdan ayrılmasından qaynaqlanır. O, öz nəğmələri ilə keçmiş günlərin gözəlliyini tərənnüm etməkdədir. Ona görə də, neyin səsi sanki məhv olmuş keçmişin həsrətli harayıdır.

Müəllif: Coşqu İsmayılzadə
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz