"Dəlirmiş sima"
- Təsəvvür et ki, pəncərənin sən tərəfi səssizlik və qaranlıq otaqlar. Digər tərəfində isə uşaq və maşın səsləri. Sən tərəfdə olan səssizlik səni, səndən əks yöndə olan səslər isə səssizliyi düşünür. Hava isti, hər kəs pozitiv. Başını pəncərədən çıxararkən görürsən ki, hamı xoşbəxt, hər kəs yalan.Əsəbi halda pəncərəni üzünə örtüb içəri keçirsən.Rəfdə üç-dörd köhnəlmiş kitab, kanallarda mətbəx verlişləri və reklamlar. Çaşqınlıq içərisində, əsəb dolu gözlərlə güzgüyə baxıb sıxılırsan. - Kimdir axı bu insanlar?!- özün-özünə sual edirsən. Hamı eyniləşir, vaxtı gecikir, ölümlər səbəbsizləşir. Fəsillərin nə fərqi, nədə qoxusu qalmır. Duyğular məni dinləmir, ərköyünləşən otaqlar özünə deyil, üstümə gəlir. İntahar haqqında fikirləşmək rəzillikdir.Sabahdan ölən varlıqlardanam, tütündən başqa qoxu olmaz bədənimdə müəllim. Bütün cahan kef əhli, mənim kimilər uzaq gəzər kürələrdən.Zərdüştlər ağlamırdı usta nə oldu bəs?! - Getdim, bəli, bir-iki mey damcısı süzüb uzaqlaşdım diyarlardan. Gəzdim-axtardım və indi boş bir otaqda səbirsizliklə gözləyirəm. - Nəyimi? - And ola, Tanrını yox. Doğuluşdan qeyb olmuşam onun sarayından. Qəlbim çürük taxta kimidir, içi dolu küləklərlə. Cəftəsidə sallanıb, mane olur diləklərə. Mən qana batmış canı, gözlərimdəki damarları qoparıb, çatışmayan sol tərəfimə basdım. Ruhum azadlıq deyə bağırır, qohumlar evlən deyə qınayır, yaradan qanadlıları göndərib gileylənir, bədənim, bədənim isə-siqaret hanı?! - Çatışmayan üç-dörd cümləm var, onlarda təhqir olunmağa öyrəşib deyə gəlmirlər. Məni ağılsız və səfeh adlandıra bilərsiz, bu sizin haqqınızdı, amma bir dəfədə olsun haqqınızı almayın! - Qorxmayın ölmərsiniz, çünki yaşamırsız! - Eşq deyə bir hiss, dördüncü ildə hörmətə çevriləcəksə, nə mənası birinci ildə çiçək və şeirlər?! - Ən qorxaq fahişə belə Tanrıya inanır, bəs siz niyə inanmırsız bədbinlər? - Şumer Tanrılarıları gil boşqab üzərində Tanrı sözünü cızdılar. Biraz keçdi, səs kəsildi, susdular. Və sonunda hər kəs bir-birinə baxıb, insan olduqlarını anladılar. Baxışları çürük bir toplum, gözlərdə sevgi, ürəkdə sədaqət axtarır. Axtardığınızı tapmamaqdansa, nifrət edib qazanın.Əvvəli olmayan və sonu bilinməyən nifrət. Bacardığınız və daşıdığınız ən dəlisov hissdi. Qanlı barmaqlardan son cümlə: Bu hələ başlanğıcdır. |
- Süleyman Əliyev