KİŞİLƏRİN DİQQƏTİNƏ: Bir gecədə 4-6 dəfə ereksiya olmaq... – GENİŞ ELMİ İZAH

KİŞİLƏRİN DİQQƏTİNƏ: Bir gecədə 4-6 dəfə ereksiya olmaq... – GENİŞ ELMİ İZAH
Feat.Az androloq-uroloq Ziyad Əliyevin ereksiya haqda geniş məqaləsini təqdim edir.

Cinsi qıcıqlandırıcının təsirindən cinsi orqana gələn arterial qanın axınının bir neçə dəfə yüksəlməsi, cinsi orqandan gedən venoz qanın axınının isə bir neçə dəfə zəifləməsi səbəbindən cinsi orqan daxilində qanın ləngiməsinin nəticəsində cinsi orqanın sərtləşməsi (bərkiməsi) prosesinə EREKSİYA deyilir.
Erigere - latın dilində sərtləşmiş, qalxmış, yüksəlmiş, yetişmiş mənasını verir. Ereksiya ərəfəsində cinsi orqana gələn arterial qanın axını 8-10 dəfədən 25 dəfəyə qədər arta bilir. Ereksiya zamanı cinsi orqanın ölçüsü 3-5 dəfə böyüyür, uzunluğu 15-19 sm-ə qədər uzanır. Ereksiyanın yaranma mexanizminə görə 3 forması ayırd edilir: psixogen, refleksogen və spontan.

Psixogen ereksiya erotik fantaziyalar, erotik qıcıqlandırıcını görmə, eşitmə, təsəvvür, təxəyyül, xəyal etmə, iyini hiss etməklə, cazibəsi ilə yaranır. Bu zaman baş beynin göstərişi ilə cinsi orqana gələn qan axını kəskin artır və nəticədə digər köməkçi mexanizmlər də işə düşür, cinsi orqan sərtləşir və ereksiya yaranır.

Refleksogen ereksiya isə yalnız erogen zonaların mexaniki olaraq qıcıqlanması, həmçinin sidik kisəsi, hətta düz bağırsaq divarının və anal dəlik nahiyəsinin qıcıqlanması nəticəsində də yarana bilir. Buna sidik kisəsinin gərgin dolması zamanı bəzi pasientlərdə ereksiyanın yaranmasını, defekasiya aktından əvvəl (əsasən də qəbizliyə meyllik olan pasientlərdə) düz bağırsaq ampluasının genişlənərək, mexaniki şəkildə çanaq sinir ucluqlarını qıcıqlandırması nəticəsində yaranan ereksiyanı misal göstərmək olar. Sidik kisəsi boşaldıqdan və defekasiya aktından sonra bu ereksiya özbaşına sönür. Refleksogen ereksiya onurğa beyindəki ereksiyaya cavabdeh olan mərkəzin qıcığa qarşı müvafiq reaksiyasıdır və baş beyinlə razılaşdırılmadan, məsləhətləşmədən oradakı ereksiya mərkəzinin müdaxiləsi, əmri olmadan, yalnız onurğa beynin nəzarəti altında yaranır.

Ereksiyanın yaranmasında adətən eyni vaxtda həm psixogen, həm də refleksogen faktorlar iştirak edir. Lakin bir sıra hallarda və əsasən də cavan, yeniyetmə uşaqlarda yalnız psixogen, yaxud yalnız refleksogen ereksiya ola bilir. Lakin nisbətən yaşlı insanlarda ereksiyanın yaranması üçün refleksogen və psixogen faktorlar eyni vaxtda iştirak eləməlidirlər. Ereksiya yarandıqdan sonra cinsi qıcıqlandırıcının təsiri davam edirsə və daha da güclənirsə, bu halda ereksiya sperm kütləsinin xaric olması (eyakulyasiya) ilə nəticələnir. Əksinə olaraq, ereksiya yarandıqdan sonra cinsi qıcıqların intensivliyi olduğu kimi qalırsa, yaxud azalırsa, yavaşıyırsa, cinsi orqanın qanla dolma intensivliyi azalır və cinsi orqan eyakulyasiya olmadan tədricən yumşalır.

Spontan ereksiya isə özbaşına, heç bir cinsi qıcıqlandırıcının təsiri və baş beynin iştirakı olmadan yaranır. Məsələn, yuxuda olarkən (gecə və səhərə yaxın), ereksiyaya gərək olmayan situasiyalarda, hovuzda, dənizdə çimərkən yaranan, əks cinsə marağımızdan yaranmayan və cinsi orqanın normal qan təchizatına yönələn profilaktik ereksiyadır. Spontan ereksiya gecə ərzində orta hesabla 4-6 dəfə olur və hər dəfə 10-15 dəqiqədən 40-45 dəqiqəyə qədər davam edir. Bu isə ümumilikdə gecə yuxusunun 15-20%-ə qədərini təşkil edir. Sayca 6-cı ereksiya adətən gecə yuxusu 8 saatdan artıq olan kişilərdə rast gəlinir və səhər ereksiyasına müvafiq gəlir. Aparılan uzunmüddətli tədqiqatların nəticəsi olaraq o da müəyyənləşdirilib ki, gecə ereksiyaları sürətli yuxu fazasına təsadüf edir və təqribən sürətli yuxu fazasının davam etdiyi müddətdə saxlanılır. Əgər biz yatmış sağlam, cavan bir kişini sürətli yuxu fazasında olarkən oyatsaq, onun cinsi orqanının ereksiya vəziyyətində olmasını görmək şansımız çox yüksəkdir. Amma biz ondan hansısa bir erotik yuxu görüb-görmədiyini soruşsaq, o, heç nə xatırlamadığını, yaxud ümumiyyətlə, belə yuxu görmədiyini deyəcək. Ona görə də gecə ereksiyaları cinsi qıcıqlandırıcıya olan reaksiya olmayıb, orqanizmin özünün düşündüyü bir müdafiə reaksiyasıdır və spontan ereksiya adlanır. Normal sağlam kişidə spontan ereksiya ömür boyu davam edə bilir, lakin onun yaranma tezliyi və keyfiyyəti sürətli yuxu fazasına mənfi təsir göstərən faktorların təsirindən zəifləyə və itə bilər. Bu faktorlara sakitləşdirici, yuxugətirici dərman preparatları, trankvilizatorlar, həmçinin narkotik vasitələr aiddir.

Ereksiya hansı yaşda başlayır?


Hələ ana bətnində olarkən, bətndaxili inkişafın sonlarına yaxın döldə ereksiya epizodik olaraq hiss olunmağa başlayır. Uşaq doğulduqdan sonra da 2-3 yaşına qədər qısamüddətli ereksiya epizodları olur. 3,5-4 yaşından etibarən artıq ereksiya epizodları daha dayanıqlı xarakter alır, gün ərzində 4-5 dəfə, həmçinin yuxuda olarkən yaranır, bəzən uşağın yuxudan oyanmasına qədər gətirib çıxarır. Adi vəziyyətdə (ereksiya olmadıqda) cinsi orqana demək olar, çox cüzi arterial qan axını olur, hansı ki, bütün canlı hüceyrələrin yaşaması, həyat fəaliyyəti üçün lazımi qida maddələri və oksigen məhz arterial qanla onlara çatdırılır. Uzun müddət (bir neçə saat, bir neçə gün) ereksiya olmadıqda cinsi orqana arterial qan yetərincə daxil olmadığından cinsi orqanı təşkil edən hüceyrələrdə oksigen aclığı (hipoksiya), qida maddələrinin çatışmazlığı başlayır ki, müəyyən müddət hüceyrələr bu aclığa dözüm göstərməyə çalışırlar. Baxmayaraq ki, aclıq davam etdikcə bu da onlarda sanki bir aclıq həyəcanı, çaxnaşma, təlaş yaratmış olur. Hüceyrələr arasında daha ciddi aclıq həyəcanı simptomu axırıncı ereksiyadan təqribən 48 saat sonra yaranır. Əgər bu həyəcana orqanizm bütünlükdə cavab vermək istəmirsə, yaxud baş beynin bu işdə hətta marağı yoxdursa (cinsi qıcıqlandırıcının olmaması), artıq mağaralı cismi daxildən örtən endoteli hüceyrələri adlanan hüceyrələr bu aclığa cavab vermək məcburiyyətində qalır və xüsusi bioloji aktiv maddə hazırlayaraq, hətta ereksiyanın yaranması üçün heç bir lüzum olmayan yerdə, şəraitdə ereksiya yaradır. Bununla da güclü arterial qan axını hesabına aclıqdan özünü xilas etmiş olur. Məhz gecə ereksiyalarının hesabına cinsi orqan belə aclıq imtahanına çəkilmir, gecələr özü-özünə yaranan ereksiyanın hesabına öz oksigen və qida maddələrinə olan tələbatını ödəmiş olur. Belə spontan ereksiyalar uşaqlar və ümumiyyətlə, cinsi həyat yaşamayan insanlar üçün xüsusilə vacibdir.

Səhər ereksiyaları da gecə ereksiyalarının davamıdır, onlardan heç nə ilə fərqlənmir, hətta bizi yuxudan oyadır. Lakin bəzi alimlərin fikrincə, səhər ereksiyaları daha çox refleksogen xarakter daşıyır və sidik kisəsinin dolması, gərginləşməsi ilə əlaqəli yaranan ereksiyadır, amma bunu nə təsdiq, nə də inkar edən sübutlar yoxdur. Bir sıra xəstəliklərdə gecə ereksiyalarının olmaması, yaxud zəifləməsi daimi olaraq cinsi orqan toxumalarında hipoksiya və qida maddələri çatışmazlığı yaradaraq cinsi orqanın əsasını təşkil edən mağaralı cismin ciddi destruktiv dəyişikliklərinə səbəb olur ki, bu da öz növbəsində müalicəyə çox çətin tabe olan haldır. Buna görə də uşaqlarda belə, ereksiya epizodlarının olması cinsi orqanın əsası olan mağaralı cismi (süngəri cism, kavernoz cism) təşkil edən toxumanın qidalanma xarakterindən irəli gəlir. Epizodik olaraq simpatik sinir tənziminin sanki ani olaraq itməsi, parasimpatik sinir tənziminin güclənməsi nəticəsində mağaralı cisim əzələlərinin boşalması ilə mağaralı cismin mağaralarının (boşluqlarının) genişlənməsi baş verir və bu boşluqlarda mənfi təzyiq yaranaraq ora güclü qan axını cəlb olunur. Güclü qan axını nəticəsində boşluqlarda təzyiq kəskin yüksəlir, boşluqlar şişir, gərginləşir və cinsi orqandan venoz qanı aparan vena damarlarına kompressiya edərək, onları sıxaraq, qanın cinsi orqandan getməsinə mane olur və əlavə olaraq mağaralı cismin boşluqlarında təzyiqin yüksəlməsinə şərait yaradır. Bu mexanizmə korporal venooklyusiv (okklyuziya - qapanma, sıxılma deməkdir) mexanizm deyilir. Nəticədə isə cinsi orqan daha da sərtləşir və bu vəziyyət EREKSİYA adlanır. Ereksiya zamanı arterial qanın cinsi orqana axınının güclənməsi ilə cinsi orqanın toxumasına çoxlu qidalı maddələr, oksigen çatdırılır. Hər dəfə belə ereksiya epizodlarında mağaralı cismin boşluqları daha çox qanla dolur, əvvəlkinə nisbətən daha çox gərgin olaraq həm ümumilikdə mağaralı cismin, həm də ayrı-ayrı mağaraların böyüməsinə, nəticədə isə cinsi orqanın böyüməsinə səbəb olmuş olur. Beləliklə də, uşaqlarda və yeniyetmələrdə olan spontan (öz-özünə yaranan) ereksiyaların necə vacib bir proses olduğu məlum olmuşdur.

Ereksiya qabiliyyəti nə vaxt zəifləməyə başlayır?


Təqribən 20 yaşlı cavan oğlanda ereksiya maksimum həddə çatır və bundan sonra isə get-gedə zəifləməyə başlayır. Bu zəifləmə çox zəif sürətlə getdiyindən 30 yaşa qədər kişilər çox vaxt bunu hiss eləmirlər, hətta bu barədə fikirləşmək onların ağlına da gəlmir. Lakin hər sonrakı iki ildə onlar keçən ildəkinə nisbətən zəiflədiklərini hiss eləməyə başlayırlar.

Ereksiya qabiliyyəti və mayalandırmaq (döl yaratmaq)


Ereksiya qabiliyyəti ilə mayalandırmaq (döl yaratmaq) qabiliyyəti arasında hər hansı bir əlaqə varmı? Məlum olmuşdur ki, bu iki məhfum arasında əlaqə yoxdur. Yəni ereksiyanın olmadığı halda mayalandırmaq qabiliyyəti saxlana bilir, eyni zamanda da ereksiya tam normal olduğu halda mayalandırmaq qabiliyyəti olmaya bilir.

Ereksiya və testosteron


Ereksiya ilə testosteron arasında birbaşa əlaqə yoxdur, lakin ereksiyanın mexanizmində əsas rol testosterona məxsusdur. Başqa bir tərəfdən, orqanizmdə testosteronun pik həddi orta hesabla 30 yaşa təsadüf edirsə, ereksiyanın piki 20 yaş hesab olunur. Həmçinin ereksiyanın zəifləməsinə testosteronun azalması səbəb ola bildiyi kimi, artması da səbəb ola bilər. Bəzi insanlar elə hesab edirlər ki, süni şəkildə testosteronu artırdıqda ereksiya onları göyün yeddinci qatına qaldıracaq, lakin əksinə olması da mümkündür və hətta ereksiya tamamilə itə bilir.

Ereksiyanın yaranması insanın milliyyəti, yaşadıgı iqlim qurşagı və digər faktorlarla nə dərəcədə əlaqədardır?

Çoxsaylı tədqiqatların nəticəsinə görə, cənub yarımkürəsinin (cənub qütbünün) xalqlarında ereksiya daha tez yaranır və daha tez sönür. Şimal qütbündə yaşayan xalqlarda isə daha gec yaranır və nisbətən daha uzun davam edir. Sözsüz ki, ereksiyanın fərdiliyini qeyd etməliyik və bu, sadəcə olaraq ümumi monitorinqlərdə gəlinmiş bir nəticədir.

Nizamlı cinsi həyat ereksiyaya necə təsir göstərir?


Müxtəlif cür təsir göstərir, amma son nəticədə belə qərara gəlinir ki, nizamlı cinsi həyat yaşamaq daha yaxşıdır. Çox intensiv və çox nadir cinsi həyat əksinə, cinsi orqanın sanki yorulması, yaxud unudulması hissiyyatını yaradır.
Dənizçi impotensiyası (erektil disfunksiyası) adlanan bir anlayış da var. Belə ki, bir neçə aylıq dəniz səyahəti zamanı cinsi həyat yaşamayan, lakin çox arzuladıqları, hətta acgözlüklə təsəvvür elədikləri cinsi həyatı dənizçilər geriyə evə, ailələrinə döndükdən sonra icra edə bilmirlər. Sanki orqanizmdə bir unutqanlıq, çaşqınlıq yaranır. Bu hal dənizçilər və nizamlı cinsi həyat yaşayıb, sonradan uzun müddət yaşamayan insanlarda nisbətən tez-tez rast gəlinən bir hal olduğu üçün artıq ədəbiyyatda da yer alıb.

Normal cinsi həyat necə olmalıdır?


Sağlam insan üçün normal cinsi həyat həftədə iki dəfədən az, üç dəfədən çox olmayaraq hesab olunur. Lakin daha gec-gec cinsi əlaqədə olmaq insanlarda bir zəiflik qorxusu, həyəcanı yaratmasın, çünki bütün bu rəqəmlər nisbidir, fərdidir, müxtəlif orqanizmlərin potensial imkanları müxtəlifdir. Ona görə də burada vahid bir norma yoxdur, ola da bilməz .
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.