Hamiləliyin ilkin əlamətləri nələrdir?, bilər, hamiləlik, sonra, hamiləliyin, erkən, aybaşı, sizin, qədər, müəyyən, Lakin, təxminən, olunur, Hamiləliyin, hamilə, aybaşının, sidiyəgetmə, həssas, istifadə, Yorğunluq, əmələ

Hamiləliyin ilkin əlamətləri nələrdir?

08 January 2017
1 070
0
Hamiləliyin ilkin əlamətləri nələrdir?
Çox vaxt mayalanmanın baş verdiyini və mayalanmış yumurtanın uşaqlığın divarına yapışdığını hamiləlik testi keçirmədən də müəyyən etmək olur. Adətən əlamətlər mayalanmadan təxminən 10 gün sonra üzə çıxır; lakin bəzən elə olur ki, qadın bir neçə həftə ərzində hamilə olduğunu anlamır və bunu aybaşının olmaması kimi qəbul edir.

Baş vermiş hamiləlikdən aşağıdakı əlamətlər xəbər verə bilər:

1. Döş gilələri nahiyəsində arabir sancmalar

Hamiləlik zamanı hormonlar qanın döşə tərəfə axınını gücləndirir, bu da döş gilələrinin ətrafında yüngül sancma hissinin əmələ gəlməsinə səbəb ola bilər. Bu hiss hamiləliyin ən erkən əlamətlərindən biri sayılır və adətən mayalanmadan təxminən bir həftə sonra yaranır. Bədən hormonların sıçrayışına alışdıqdan sonra, sancma, bir qayda olaraq, zəifləyir.

2. İfrazatlar və qıcolmalar

Çox vaxt qadının təqvimə görə aybaşı dövründə çəhrayı və ya qəhvəyi rəngdə ləkələr şəklində ifrazatlar görünür. Belə ləkələr sidikdə də olur. Bu vaxt qadın yüngül qıcolmalar da hiss edə bilər. Hamiləliyin erkən dövrlərində yaxma şəkilli ifrazatların səbəbi dəqiq məlum deyil. Lakin bu məsələ ilə bağlı ehtimallar mövcuddur və bu ehtimallar yumurta hüceyrənin uşaqlığa implantasiyası prosesi, həmçinin hormonların təsiri ilə bağlıdır. Hamiləliyin erkən dövrlərinə xas olan yaxma şəkilli ifrazatlar uzun müddət davam etdikdə və onlardan sonra adi aybaşı qanaxması baş verdikdə, həkimlə məsləhətləşmək lazımdır.

3. Ürəkbulanma

Bəxtiniz gətirsə, bu, sizdən yan keçə bilər. Lakin səhər ürəkbulanması erkən hamiləlik zamanı kifayət qədər geniş yayılmış bir simptomdur və bu, adətən hamiləliyin altıncı həftəsindən başlayır, bəzi hallarda isə belə hal artıq dördüncü həftədə də meydana çıxa bilər. Ürəkbulanmalar və qusmalar günün istənilən vaxtındada baş verə bilər, buna görə də gələcək anadan güc və dözümlülük tələb olunur.

4. Böyümüş və həssas döş

Hamiləliyin təxminən altıncı həftəsində döş toxunmalara qarşı daha həssas ola bilər. Bu hisslər qadının çox vaxt aybaşı dövründə keçirdiyi hisslərdir, lakin daha güclüdür. Siz həmçinin döşünüzün böyüdüyünü, dərinizin altında mavi rəngli venaların üzə çıxdığını görə bilərsiniz. Çox vaxt döşün yüksək həssaslığı hamiləliyin ilk üç ayında müşahidə olunur, hamiləlik inkişaf etdikcə bu həssaslıq azalır.

5. Yorğunluq hissi

Yorulmusuz? Bunun səbəbkarı hamiləliyin hormonu sayılan progesterondur. Sizin orqanizminiz bətninizdə uşaq gəzdirməyə hazırlaşdığı vaxtlarda, yəni hamiləliyin ilk aylarında progesteronun miqdarı kəskin surətdə artır. Nəticədə yorğunluq hissi yaranır. Bəzən bu, pis əhval-ruhiyyə və əsəbiliklə müşayiət olunur. Yorğunluq hamiləliyin mütləq simptomu sayılmasa da, hamilə qadınlar bundan çox əziyyət çəkirlər. Yorğunluq hamiləliyin birinci və üçüncü üç aylığında daha çox hiss olunur.

6. Tez-tez sidiyəgetmə

Hamiləliyin təxminən altıncı həftəsində hamilə qadın sidiyəgetmə çağırışlarının artdığını hiss edə bilər. Bu, hamiləlik hormonlarının səviyyəsinin və qanın həcminin artması, eləcə də böyrəklərin fəaliyyətinin güclənməsi ilə əlaqədar olur. Lakin sidiyəgetmə ağrı və göynəmə ilə müşayiət olunursa, deməli burada sidik yollarının infeksiyasından söhbət gedə bilər.

7. Döş gilələrinin rənginin tündləşməsi

Dəridə dəyişikliklər hamiləlik vaxtı tez-tez baş verən haldır. Gözəçarpan dəyişikliklərdən biri döş gilələrinin ətrafındakı dərinin tündləşməsidir və bu hal hamiləliyin təxminən səkkizinci həftəsində baş verə bilər.

Siz eyni zamanda döş gilələrinizin bərkidiyini, onların ətrafındakı qabarıqlarınsa daha çox gözə çarpdığını aşkarlaya bilərsiniz. Bundan başqa, sizin vulvanız və uşaqlıq yolunuz al-qırmızı rəngdə ola bilər. Lakin qadınlar bunu çox nadir hallarda hiss edirlər.

8. Dad bilmə hissinin dəyişməsi və güclü iybilmə

Hamiləliyin bir əlaməti də yediyiniz ərzaqlara münasibətinizin dəyişməsi ola bilər. Bu halda bəzi ərzaqlar sizi daha cəlb etmir, digərlərini isə, əksinə, çox yemək istəyirsiniz. Bəzən bu, aybaşı kəsildikdən dərhal sonra baş verə bilər. Bəzi qadınların ağzında metal dadı əmələ gəlir, bəziləri qəhvənin və ya adət etdikləri ərzaqların, məsələn, yumurtanın dadından zəhləsi gedir.

Bundan əlavə, sizin iybilmə qabiliyyətiniz də dəyişə bilər və siz müxtəlif məhsulların iylərini daha kəskin duyduğunuzu başa düşürsünüz.

9. Aybaşının kəsilməsi

Əgər sizin menstruasiya tsikliniz müntəzəmdirsə, deməli, aybaşının olmamasını hamiləliyin hər hansı başqa əlamətllərindən daha tez hiss edəcəksiniz.

Lakin sizin tsikliniz qeyri-müntəzəmdirsə və ya siz hesablamalarınızdan çox da əmin deyilsinizsə, aybaşının olmamasını dərhal hiss etməyəcəksiniz. Bu halda həssas döş, ürəkbulanma və həddindən artıq sidiyəgetmə sizin hamilə oldğunuzun ən erkən əlamətləri ola bilər.

10. Hamiləlik testinin müsbət nəticəsi

Əgər aybaşı gecikirsə, bir gün sonra evdə edilən hamiləlik testlərinin əksəriyyəti etibarlı nəticə verir. Bu, əlbəttə ki, testdən də asılıdır, lakin əgər test çubuğunda iki mavi zolaq əmələ gəlirsə, çox güman ki, siz hamiləsiniz. Əmin olmaq üçün siz iki müxtəlif test ala bilərsiniz.

“Hamiləlik testini nə vaxt etmək lazımdır?” sualı çoxlarını maraqlandırır. Bu, əsasən sizin istifadə etdiyiniz testdən asılıdır. Bütün hamiləlik testləri orqanizmdə xorionik qonadotrop hormonun (XQH) səviyyəsini ölçür. Evdə istifadə olunan hamiləlik testləri sidikdə XQH-nın olub-olmamasını müəyyən edir. Evdə istifadə olunan hamiləlik testləri digərlərindən daha həssasdır. Müxtəlif hamiləlik testlərinin həssaslıq diapazonu 10 mME\ml-dən 40 mME\ml-dək dəyişir. Rəqəm nə qədər aşağıdırsa, test də bir o qədər həssasdır və o, hamiləliyi daha tez müəyyən edir.

Test çox erkən keçirildikdə sidikdə XQH-nın miqdarı o qədər aşağı ola bilər ki, hətta həssas test belə, onu aşkar edə bilməz. Testin nəticəsi mənfidirsə və aybaşı da yoxdursa, o zaman yenidən test edin. Hamiləlik baş tutubsa bu müddət ərzində hormonun səviyyəsi onu aşkarlaya bilmək üçün kifayət qədər arta bilər.

Beləliklə, testi aybaşının gecikməsindən bir gün sonra, ya da ovulyasiyadan iki həftə sonra etmək daha yaxşıdır.

XQH-nın yüksək səviyyəsi qan analizi ilə də müəyyən olunur. Qan analizi hamiləliyi sidik testindən daha tez, yəni ovulyasiyadan altı-səkkiz gün sonra müəyyən edə bilər.
sevimlibala.com
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz