Oxatan Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

23 Nisan 2016
14 290
0
Oxatan Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu
Oxatan Bürcünün Ümumi Məlumatları və başqa Bürclərlə uyğunluğu

Ulduzlar sistemində 9-cu yeri tutan Oxatan bürcü təxminən noyabr ayının 23-dən başlayaraq dekabrın 21-nə qədər (29 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur.

Oxatan bürcü ulduzlar sisteminin təqribən 867 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 115 ulduz daxildir. Qalaktikamızın nüvəsi də məhz Oxatan bürcündədir. Onun 10 kürəvi və səpilmiş ulduz toplusu, habelə üç parlaq və iri Diffuz dumanlığı var. Onları hətta kiçik teleskopla və ya güclü durbinlə də müşahidə etmək mümkündür.

Oxatan bürcünün himayədarı Yupiterdir. Bu planet astronomik hesabla beşinci sırada yerləşir. Qədim əsatirlərdə Yupiter Roma imperiyasının baş allahı, göylərin, allahların, o cümlədən insanların hakimi kimi təqdim olunur. Məhz onun şərəfinə bu planeti Yupiter adlandırıblar. Qədim babillilərdə isə onu "Böyük xoşbəxtlik planeti" hesab edirdilər. Haqqında danışdığımız planet Göy qübbəsində Ay və Veneradan sonra Yerə ən parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir.

Parıldayan, sehrli gözlər, bəzənsə hiyləgər baxışlar, zahiri gözəllik, istənilən adamla dil tapmaq bacarığı, görüb-götürmək istedadı, xeyirxah və özünü sevdirə bilən... Oxatan bürcündən söz düşəndə ilk növbədə sadaladığımız bu məziyyətləri bilmək vacibdir. Bu adamlar ilk növbədə hər şeyi açıq-aşkar və azad görməyi sevirlər. Onlar ürəyigeniş, yaraşıqlı, bəzi hallardasa qapalı və impulsiv olurlar. Belələri nadir hallarda aldanır və ya tənhalığa qurşanırlar. Bu bürcdən olanlar öz dəqiqliyi və uzaqgörənliyi ilə həmişə öz yoldaşlarından seçilirlər. Hələ çox-çox qədimlərdə Babilistan münəccimləri Oxatanların təmkinli xarakterə və fəlsəfi təbiətə malik olduğunu bildirirdilər.

Bundan əvvəlki dövr - Əqrəbin hakimiyyətdə olduğu ərəfə insanlara ehtiras, enerji, güclü fəaliyyət və münasibətlərdə gərginlik verirdisə, Oxatan nisbətən fərqli mövqedə durur. Belə ki, himayəsinə daxil olduğumuz bu Zodiak cəmiyyətdə gedən kəskin proseslərə, qarşıdurmaya nisbi sakitlik təlqin edir. Onun "hakimiyyəti" dövründə insanlara səadət, firavanlıq və dostluq kimi qiymətli amillər bəxş olunur. Bu ərəfədə hər bir şəxs güzəştə getməyi bacarmalı, barış mövqeyindən çıxış etməlidir. Münəccimlərin fikrincə, yalnız bu yolla Oxatanın himayədarlıq etdiyi dövr düşərli ola bilər. Bir amili də nəzərinizə çatdıraq ki, bəhs etdiyimiz zaman kəsiyində daha çox biznesmenlərin bəxti gətirir. Odur ki, pullanmaq istəyənlər bəri başdan ölçü götürməlidirlər.
Başqa bürclərdə olduğu kimi bu Zodiak da özündə ikili xüsusiyyət cəmləşdirir. Belə ki, onlar bir tərəfdən cəsur, sərbəst, digər tərəfdənsə, barışmaz və kobuddurlar. Oxatan sərgüzəşt və macəraları sevir, istənilən ağıllı mübarizədə igidlik göstərməyi bacarırlar. Qədim mənbələrə görə, bu bürcdən olanlar gah kimisə fəlakətdən xilas etməli, gah harayasa tələsməli, gah da kiməsə yol göstərməlidir. Onların əsas xüsusiyyətləri məğlubedilməzlik və nikbinlikdir.

"Qoroskopdan pis xəbər" adlı kitabda bu bürc haqqında deyilir: "Hədsiz dərəcədə kobud və ədəbsiz olan bu cür insanlarla münasibətdə istənilən xoşagəlməz hadisə baş verə bilər. Belə ki, metro və avtobuslarda gedərkən o, başqalarının ayağını tapdalayar və dava düşər, restoranda yeyib-içər və camaatla əlbəyaxaya çıxar və s. İş fəaliyyətinə gəldikdə isə Oxatanlar çox yönsüz olduğundan işlədikləri idarəni iflasa uğrada bilərlər. Bu cür insanlar iş yerindəki bütün sənədləri qarışdırır və texniki avadanlıqları yarıtmaz hala salırlar. Onlara elə gəlir ki, bu cür xırda şeylərə baş qoşmaq yox, qlobal işlər haqqında düşünmək lazımdır".

Amma bizim qənaətimizcə, Oxatanların müsbət keyfiyyətləri daha çoxdur. Fiziki cəhətdən güclü olan belələri həmişə yüksək ideyalarla yaşasalar da, hərdəmxəyal və ya hissə qapılan deyillər. Əksinə, həmişə öz perspektivlərini həyata keçirmək məqsədilə bütün güclərini səfərbər edirlər. Ədalət tərəfdarı olduqlarından, nadir hallarda hiyləgərlik edirlər. Oxatanların, demək olar ki, hamısı səfərlərə çıxmağı, riskə getməyi, bəzən də qarmaqarışıqlıq yaratmağı xoşlayırlar. Ən dəhşətlisi odur ki, belə adamların ən azı 50 faizi uzun ömür sürmür. Onlar nadir hallarda yorğan-döşəkdə, öz doğmaları arasında vəfat edirlər. Böyük siyasətlə məşğul olan Oxatanların əksəriyyəti sui-qəsdin qurbanı olur və ya sürgün həyatı yaşayırlar (F.Engels, İ.Stalin, L.Brejnev, Rəsul Quliyev və s.).

Bəri başdan bildirək ki, bu adamlar çox bədxərcdir. Pulu xərcləməyə başladılarsa, heç cür dayana bilmirlər. Xəsislik hissi onlara yaddır (xüsusilə də, əgər söhbət onlara əziz olan adamlardan gedirsə). Belələri maliyyə imkanlarını nəzərə almadan bahalı və dəbdəbəli hədiyyələr bağışlayırlar. Pulsuzluq dövrü yetişdikdə, qənaət etmək lazım gəldikdə isə Oxatanlar özlərini kədərli və bədbəxt hesab edirlər. Onlar sərbəst pul xərcləmə imkanından ləzzət alırlar. Yaradıcılıqda isə bu adamlar təkrarçılığa meyllidirlər. Onların yaradıcılığında istedadlı insanların təsiri hiss olunur.

Karmik yanaşmalara gəlincə, Oxatan bürcündən olanların əsas ideyası azadlıqdır və bu ideya hər şeyə münasibətində aydın nəzərə çarpır, xüsusilə də nigaha dair düşüncələrində. O, dünyanı bir tam kimi qəbul edir, bu bütövlüyə yeni ideya bağışlamaqla bərk məşğul olduğundan konkret insanların hisslərinə vaxtı çatmır. Oxatan son dərəcə xeyirxah, alicənab fərddir. O, təkrarolunmaz məlahətə malikdir, amma müntəzəm surətdə ətrafa səhv qiymət verir, laqeydlik göstərir. Lakin ümumilikdə yüksək dairələrdən informasiya aldığı üçün adətən hər şeyi dolğun şəkildə təsvir edir. Oxatan asanlıqla bir işdən başqa bir işə yönələ bilir. Buna görə də onun əsas problemi diqqətsizlik və məsuliyyətsizlikdir.

Ali Oxatan Tanrı Həqiqətlərini insanlara ötürən liderdir. Onun idarə etdiyi sahələrdə İNSAN vasitəsilə ali ideyalar sanki bəşəriyyətə yayımlanır. Bu ideyalara fəlsəfi və dini xarakter xasdır. Oxatanın beyni ideyalarla doludur, lakin o, ideyalarını heç kimə zorla yeritmir, daha çox bu ideyaları işıq kimi ətrafa saçır. Oxatanın kosmik sevgisi onun Ali Başlanğıca can atmasıdır və bu Ali Başlanğıcı hər Oxatan öz bildiyi formada edir. Buna baxmayaraq ali canatmanı hər bir Oxatan içində hiss edir. Onların nikbinliyinin və həyatsevərliyinin kökündə də məhz bu meyl durur.

Bu bürcdən olan qadınlarda da fərqli cəhətlər çoxdur. Müasir astrologiyanın təbirincə desək, Oxatan-qadınlar daha çox kişi xarakterinə malik olur, dostları arasında əks cinsdən olanlar böyük çoxluq təşkil edir. Bir amili də nəzərinizə çatdıraq ki, sözügedən Zodiaka malik zərif məxluqlar arasında əsl qadın xarakterini daşıyanlar olduqca cüzi faiz təşkil edirlər. Həm də onlar qadında olan bütün müsbət keyfiyyətləri özlərində toplayırlar (Əlbəttə ki, Qız bürcünün qadınlarından sonra - S.R.). Onlar əksər hallarda ailədə aparıcı mövqeni əldə saxlamağa çalışır və buna nail olurlar. Söz ki ailədən düşdü, gəlin, bu bürcdən olanların sevgi həyatına da səyahət edək...

Oxatan bürcündə dünyaya gələn adamlar hamı kimi sevib-sevilməyi də bacarırlar. Əgər məhəbbət aləmində kobudluq, hərdəmxəyallıq, tez qızışmaq kimi hallar olmasa, bu adamlar "ilan"la da yola gedə bilərlər. Ən əsası odur ki, Oxatanlar qısqanc deyillər. Amma bu heç də hər şeyə göz yummaq kimi başa düşülməməlidir. Çünki belələrinin qəzəbinə gəlmək dözülməzdir. Əgər tərəf-müqabilləri onları qane etmirsə, Oxatanlar onlardan asanlıqla imtina edir. Bir sözlə, bu bürcdən olanlar öz adlarını təmiz saxlamaq naminə hər şeyə gedirlər.

Oxatanlar digər bürclərdən fərqli olaraq daha tez vurulurlar. Amma sevgi məsələlərinə həmişə inamsız yanaşır, "onsuz da alınmayacaq" deyə düşünürlər. Hətta bəzən toya bir həftə qalsa belə, onlar sevdiklərinə qovuşacaqlarına inanmırlar. Əlbəttə ki, söhbət yüksək həyat təcrübəsinə malik olan aktiv Oxatanlardan getmir. Əgər kimsə, qəlbində bu bürcə yer ayırıbsa, ona məsləhət görərdik ki, öz tərəf-müqabilinin inamını qırmasın. Oxatanın təkliflərini eşitsəniz, söz güləşdirməsəniz, birgə xoş günlər yaşayacaqsınız.

Bu bürclülər astrologiya sahəsində daha çox biznesmen kimi məşhurdur. Onlar hətta kimsəsiz səhraya düşsələr belə, qısa vaxtda ən böyük mənsəb sahibinə çevrilə bilirlər. Bundan başqa, Oxatanlar daha çox siyasətə, elmə maraq göstərirlər. Onlar mistik elmlərə, cadugərlərə, fal açanlara, hətta qoroskopa qeyri-ciddi yanaşırlar. Bu adamlarda böyük bir kütləni öz arxalarınca aparmaq istedadı var. Onların fəallığı və mübarizliyi həmişə diqqət mərkəzində olur. Hətta onların "paxırı" olsa belə, özləri istəməsə, heç kim bunu aça bilməz. Bir sözlə, həyatın əksər sahələrində "ilişmirlər".

Peşə astrologiyasına görə, haqqında danışdığımız bürcün sakinləri dənizçi, hərbçi, alim, rəssam və bu kimi digər peşələrə yiyələnə bilərlər. Amma yuxarıda dediyimiz kimi onların əsas qayəsi böyük biznes və siyasətdir.

Məşhur "oxatan"lar: Rəşid Behbudov, Tahir Salahov, Aşıq Zülfiyyə, Kamal Abdulla, Həsənağa Salayev, Əkrəm Əylisli, Fətəli Xan Xoyski, Mərziyə Davudova, Coşqun Rəhimov, Rəsul Quliyev, Çingiz Aytmatov, Əminə Dilbazi, Xudu Məmmədov, Rac Kapur, Dilarə Əliyeva, Səttar Bəhlulzadə, Hüseyn Arif, Ramiz Rövşən, Salatın Əsgərova, Osman Sarıvəlli, Mikayıl Abdullayev, Qulu Əsgərov, Süleyman Vəliyev, Nizami Rəmzi, Nüşabə Ələsgərli...

Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar.
Oxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.
Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.
Qadın Oxatanlar evlilik təklifinə o saat cavab verməyə tələsmirlər.
Kişi Oxatanlar isə o dəqiqə cavab gözləyirlər. Cavabın uzadılması onun aqressiyasına səbəb olur.
Oxatanlar çox sentimentaldırlar. Onlar sevgilisi ilə ilk görüşü ömrünün axırına kimi unutmur, tez-tez xatırlayırlar. Hətta başqası ilə ailə həyatı qursa da, ilk öpüşü yada salır, ya da müqayisə edir.
Bu bürcün sahibləri çox ailəcanlı şəxslərdir. Əgər sizin həyat yoldaşınız Oxatandırsa, onda əmin olun ki, mağazadan ağır zənbilləri daşımaq, məişət problemlərini həll etmək onun öhdəsinə düşəcək.
Amma Oxatanlara əsla göstəriş verməyin, bu onu qıcıqlandırır. Onlar uşaqları çox sevir. Uşaqlarının bütün ehtiyaclarını özü ödəyir. Onlardan heç vaxt ciddi valideyn olmur. Ona görə də, uşaqların tərbiyəsi ilə özünüz məşğul olsanız yaxşıdır. Oxatanlar uşaqlarının heç bir sözünü yerə salınırlar. Ona görə də, çox vaxt uşaqlar ərköyün böyüyür. Bunu da nəzərə alın ki, çox vaxt ailədə mübahisə uşaqların tərbiyəsi ilə əlaqədar meydana çıxır.

Kişi Oxatanın başqa bürclərlə uyğunluğu
Oxatan - Qoç. Bir-birinə uyğun şəxslərdir. Aralarında problem olsa belə, tez barışa bilirlər. Hər ikisinin ünsürü od olduğundan oxşar cəhətləri çoxdur. Bir-biri ilə vaxt keçirməyi xoşlayırlar. Hər cür münasibətlər mümkündür. Ailə uğurludur.
Oxatan - Buğa. Oxatan Buğanın dedikləri ilə oturub-durmağı sevmir. Buğa daha çox evə bağlıdır, Oxatansa səyahəti, gəzib-dolaşmağı sevir. Uzunmüddətli münasibətlər haqqında danışmaq qeyri-mümkündür. Ailə uğursuzdur.
Oxatan – Əkizlər. Hər iki bürc sahiblərinin oxşar cəhətləri vardır. Hər ikisi hər şeyin yaxşı olmasına inanır. Yeni tanışları, yeni məkanı çox sevirlər. Əsas problem Əkizlərin ailədə lider olmaq istəyidir. Bu da Oxatanların xoşuna gəlməyəcək. Güzəşt olmazsa, ailə uğursuzdur.
Oxatan - Xərçəng. Bir-birindən kəskin fərqlənən iki bürc. Xərçəng sabitliyi, sakitliyi sevir, Oxatan isə həmişə yenilik sorağındadır. Dostluq münasibətləri mümkündür. Ailədə bir çox problemlərin yaranması halları ola bilər. Ailə çox vaxt uğursuzdur.
Oxatan - Şir. Bu iki bürcün münasibəti hər ikisinə xoş təsir bağışlayacaq. Oxatan məsləhətə qulaq asır, Şir isə yox, buna görə də yaranan münasibətdə Şir Oxatanın üzərində liderlik edəcək. Onlar bir-birini çox gözəl başa düşürlər. Hər ikisinin oxşar cəhətləri ailənin uğurlu olmasına zəmanət verir.
Oxatan - Qız. Bu bürc sahiblərinin münasibəti çox vaxt anlaşılmazlıqlarla nəticələnir. Oxatanın problemlərə laqeyd yanaşması Qızları özündən çıxaracaq. Münasibət çətin alınır. Çox vaxt Qız küsüb gedir, Oxatan tək qalır. Ailə uğursuzdur.
Oxatan - Tərəzi. Tərəzinin dözümlülüyü Oxatanın ürəyincədir. Tərəzi də Oxatanın qeyri-adi ekstravaqant hərəkətlərini bəyənir. Hər ikisinə ünsiyyət yaratmaq xoşdur. Dava-dalaş üçün, dedikcə az səbəb olacaq. Münasibətlər yaxşıdır. Ailə uğurludur.
Oxatan - Əqrəb. Oxatan səmimi, Əqrəb sirlidir. Oxatan münasibətlərində daimi deyil, Əqrəb qətidir. Oxatan azadlığı sevir, Əqrəb sabitqədəmdir. Oxatan tez küsüb, tez də barışır. Əqrəb isə illərlə küsülü qala bilər. Münasibətlər çətin alınır. ailə uğursuzdur.
Oxatan - Oxatan. Bu bürc sahibləri bir-birinə çox oxşayırlar. Bəzən bu oxşarlıq yalnız müsbət xüsusiyyətlərə deyil, mənfi xüsusiyyətlərə də aiddir. Hər ikisi lider olmağa can atır. Ailədə tərəflərdən biri güzəştə getməyi bacarsa, uğurlu münasibət alına bilər.
Oxatan - Oğlaq. Oğlağın hərəkətlərində ehtiyatlıq var. Oxatan isə çox vaxt riskə getməyi sevir. Oğlaq Oxatana qarşı çox tələbkardır. Bu isə Oxatanı yorur. Onlar bu münasibətlərdən tez bezirlər. Ailə çox vaxt problemlidir. Od ilə Torpaq ünsürlərinin bir evdə olması çox çətindir.
Oxatan - Dolça. Hər ikisi qısqanc, əyləncəni sevən filosof, işgüzardırlar. Oxşar cəhətlərinə baxmayaraq, çox vaxt münasibətlərdə problemlərlə üzləşirlər. Dostluq və işgüzarlıq münasibətləri mümkündür. Böyük sevgi olmasa, ailə çox vaxt uğursuzdur.
Oxatan - Balıqlar. Bir-birindən çox fərqlənirlər. Heç biri güzəştə getməyi bacarmır. Balıqları başa düşmək Oxatana çətin gəlir. Bir-birini sevsələr də, ailədə problemlər yox deyil. Çox vaxt münasibətlər uğursuzluğa gətirib çıxarır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.