Sən su ol, amma onlara inanma

03 Kasım 2015
1 647
1
Sən su ol, amma onlara inanma
Sən su ol, amma onlara inanma
Sən su ol, amma onlara inanma
Bəzən özünə gücün çatmaz,
gözünü qaçırarsan kimdənsə gizlənmək üçün;
məsələn,
anandan-atandan küsərkən sən də
öz otağına qaça bilməzsən zəngin cocuqlar kimi
elə o bircəcik otağınızda küsərsən
küsə bildiyin qədər...
Uzaqdan rahat görünər, amma
getdiyin bütün yolların çuxuru-çalası olandan sonra
yıxılası,
yarıyolda qalası...
arxasınca dəlicəsinə qaçdığın şeylərin "tulası" olandan sonra
yavaş-yavaş anlayarsan ki,

ən əlçatmaz varlıq elə sən özünsən!
Sevərsən həyatı əvvəl-əvvəl
onu ilk gördüyündə ağladığın çıxar yadından.
Bilməzsən ki,
ağlamamaq üçün yenidən, unutmamaq şərtdir,
şərtdir!
“Bu nə darıxmaqdı belə?!” - böyüdükcə təəccüblənərsən -
“Yoxsa həyat - qürbətdir?!...”
Almalar qeybə çəkilər yavaş-yavaş nağılların sonundan.
"Eyvaz əminin" dükanından aldıqlarınsa
havayı olmaz göydən düşənlər kimi -
nə də əsrarəngiz.
Cırtdanın aqibətindən xəbərin var axı
rastlaşdığın ilk yol ayrıcında
balaca ovcunda
bir qucaq ümid
həyatın it hürən küçəsinə qaçarsan əmin addımlarla…
Nə pis!

sən demə, bu istiqamətin də sonunda div varmış -
daha qəddar, daha harınlamış...
Və anlayarsan ki, günlərin birində
ən təhlükəsiz tərəf, heç bir işarətə uymadan
dayanmaqdı yerində...
Sonra "yetişər" nağıldanışanların
"düşmək" vaxtları gələr həyatın yorğun budaqlarından
sən onları əzizləməkdə
elə bu an
gözlərini belə qırpmadan
əcəl döyər qapılarını "poçtalyon Peçkin" kimi...

və başa düşərsən ki,
bu həyatda hamı
son bir teleqram gözləməkdə.
Sən su ol, amma onlara inanma

Görmək şərt deyil, qızım,
bəzən tüstüdən bilərsən hardasa bir yanğın olduğunu
görməzsən gözlərinlə
Bilməzsən kimdir yanan, nədir yanan?
baxarsan uzaqdan əlini alnına qoyub
deyərsən ki
köhnə bir daxmadır yəqin, ya da taxılı biçilmiş lazımsız zəmi...

nə biləsən,
bəlkə də böyük bir meşədir yanan!
Sən su ol,
amma onlara inanma, incəciyim,
islanmışın da yağışdan qorxusu olmalı,
olmalı;
islanmaq başqa
culumbur olmaq başqa...
Məsələn, Eşq elə bir cinayətdir ki, onda vuran yox,
vurulan tutulur!

Bunlar başqa başqa şeylərdir;
çıxılmaq başqadır, vurulmaq başqa...
Və nətəcədə
bəzən səbəb də biz olarıq, nəticə də.
Məsələn, nənənə dedim ki, bir dəfə yuxuda
ölüm səfərin niyə belə dönüşsüz oldu, anacan?
"Sən haçan var gücünlə çağırdın ki, dönmədim?" dedi;
bu qədər bəsit, bu qədər sadə!
Odur ki, məndən nağıl istəmə daha,

məsum körpəm!
Tapdanmış insan hüquqları qədər əzikdi dilim,
icra olunmayan qanunlar qədər formal;
Dünya yaşlandıqca
hamımız başqa olmağa, başqalaşmağa başlamışıq
indi ən çətini özümüz olmaq - biz olmaq, mən olmaq, sən olmaq...
bilirsən,
necə deyim, ay dilimin nəğməsi
alim olmağın, əllaməliyin çox asan olduğu bu zamanda
ən çətini

sənin kimi içdən olmaq!
Sən su ol, amma onlara inanma
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Qarışıq olsada maraqlı idi...
    -Təşəkkürlər...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.