“Azsektor”da oxuyanların əksəriyyəti...” – TƏNQİD

15 Eylül 2014
1 284
0
“Azsektor”da oxuyanların əksəriyyəti...” – TƏNQİD
“Azsektor”da oxuyanların əksəriyyəti...” – TƏNQİD


Bizlər - ana dili azərbaycanca olan insanlar bir faktı çox təəssüflə boynumuza almalıyıq. Biz öz dilimizi paytaxtımızın kinoteatrlarında eşidə biləcəyimiz səviyyəyə gətirib çıxara bilməmişik. Problem tək kinoteatrla bitirmi? Filarmoniyadakı konsertlərin, teatrlarda tamaşaların antraktı zamanı hansı dili eşidirikʔ Sərgilərdə ətrafdan hansı dil daha çox səslənirʔ Rus dili. Demək problem tək kinoteatrlarla bitmir. Ümumiyyətlə, Azərbaycan dilinin mədəni həyatda iştirakı problemi var. Hələ 1853-cü ildə Qafqaz canişinliyi dəftərxanasının tərcüməçisi Mirzə Fətəli Axundzadənin canişinliyin İdarə Şurası üzvü, təhsil hamisi A.P. Nikolai-yə məruzəsində qafqaz tatarlarının dilinin mədəni səviyyəyə qaldırması məqsədi ilə görülən işləri dəstəklədiyini və bu məqsədlə tatar dilində dram əsərləri yazdığını bildirirdi. Əlbəttə, 1853-dən bura böyük irəliləyiş olduğu da göz önündədir. Qafqaz tatarlarının o zamankı dili indi BMT üzvü olan ölkənin dövlət dilidir, guya teatrlar da oynanılır, filmlər də çəkilir (bu işlər də əsasən “nə?” sualına müsbət cavab verir, “necə?” sualına deyil). Amma zəmanənin əsas mədəni ocaqlarında azərbaycanlıların dili eşidilmir. Hələ neçə il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi kinoteatrlara direktiv göndərmişdi ki filmləri azərbaycanca göstərsinlər, amma buna əməl edən olmadı. Niyə də olsun? O dublyajlar ki televiziyalarda səslənir, onlara kinoteatrlarda heç kim baxmaz. Bu günlərdə bərbərxanadaydım, televiziyada azərbaycanca dublyaj olunmuş film gedirdi, müştərilərdən biri - gənc vətəndaş belə reaksiya verdi: "anamcanı, bizim dil filmi öldürür e.." Bu fikirlə azərbaycanlıların mütləq əksəriyyəti haqlı olaraq razılaşa bilər. Bizim dublyajlar doğrudan da keyfiyyətsizdir. Çünki oradakı dil, doğrudan da, ölü dildir. Bilmirəm, bizim tərcüməçilər öz gündəlik danışdıqları dildən utanırlar, ya nədisə, filmləri çox rəsmi dilə tərcümə edirlər. Sanki öz danışdıqları dilə güvənmirlər. İnanmırlar, təsəvvür etmirlər ki, bu danışdıqları dil necə ola bilər ki, filmdə səslənsin. Hansı ki, filmin orijinalından xəbərdar olanlar bilirlər ki orada çox sadə, gündəlik (tutaq ki) ingiliscədən istifadə olunub. Dilimizi çox gözüqıpıq etmişik. Guya ki, qorumağa çalışmışıq, amma axırda məlum olur ki çox daşlaşıb, cansızlaşıb, qurulaşıb, rəsmiləşib. Hə, bir də deyirlər ki filmlərin dublyaj edilə bilməməsinin bir səbəbi də bu işin rentabelli olmaması imiş. Yəni, kinoteatrlar azdı, sərf eləmir filmləri dublyaj etmək. Kinoteatrlar azdısa, yenilərini tikmək belə çətin iş olmamalıdı axı. Bakıdan başqa da şəhərlər var, oralarda da kinoteatr tikmək olar. Elə Bakının özündə, mərkəzi hissədən bir az kənarda kinoteatra rast gəlmək olmur. Onda həm dublyajın alıcıları çoxalar, həm də əyalətlərin mədəni səviyyəsində də, bəlkə, müəyyən dəyişiklik olar. Qayıdaq dilin mədəni həyatda iştirakına. Neçə ay əvvəl BP şirkətinin təşkilatçılığı ilə Tarix muzeyi və İncəsənət muzeyi öz qapılarını bir həftəlik, yoxsa on günlük vətəndaşların üzünə açmışdı. Tarix muzeyinin bələdçisi yana-yana deyirdi ki, bundan əsasən rusdilli ailələr və rus sektorunun uşaqları istifadə edir. Bəlkə də, elə məsələnin çözümü burdadı: elə görünən də odur ki bu xalqın nümayəndələrini rus sektoruna, türk liseyinə, hətta mədrəsəyə belə qoyursan, bitirəndə görürsən ki pis-yaxşı nəsə bir dəyəri var, ümumi dünyagörüşü pis deyil və s. Di gəl ki “azsektor”da oxuyanların əksəriyyəti sonradan özünümaarifləndirmə ilə məşğul olmalıdı. Hələ mən “süpürgə pulu travmaları”nı demirəm. Demək, bəlkə də, əvvəlcə azərbaycan dilində keyfiyyətli təhsil sistemi yaratmalıyıq ki, sonradan bu sistemin yetişdirəcəyi nəsillər dilimizi mədəni həyatda təmsil etsin.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.