Kolbasa və sosiskaların tərkibinə nə vurulur?

16 Ekim 2015
2 436
0
Kolbasa və sosiskaların tərkibinə nə vurulur?
Kolbasa və sosiskaların tərkibinə nə vurulur?

Diqqəti həm də bu məhsulların keyfiyyətinə yönəltmək lazımdır

Bu gün bazarda müxtəlif çeşiddə və fərqli ölkələrin istehsalı olan kolbasa və sosiska məhsullarına rast gəlmək mümkündür. Əvvəllər alıcılar daha çox xarici ölkələrdən gətirilən məhsullara üstünlük verirdilərsə, hazırda bu sahədə geniş fəaliyyət göstərən yerli şirkətlər də çoxdur. Əfsus ki, şirkət bolluğuna baxmayaraq, bir çox məhsulların keyfiyyəti hələ də standartlara cavab vermir. Eyni zamanda, məhsulların tərkibi ilə bağlı da müxtəlif şayiələr yayılır. Məsələn, bildirilir ki, kolbasaların tərkibinə karton qatılır. Hətta bunun kolbasanın reseptinə daxil olduğunu da deyirlər. Halal standartı ilə bağlı fikirlər də yayılmaqdadır. Bəs deyilən, mətbuatda zamanla yayılan bu kimi fikirlər nə dərəcədə həqiqəti əks etdirir?

“Halallığın verilməsi kollegial qərarla olur”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, kolbasaların tərkibi ilə bağlı yayılan məlumatlar həqiqəti xeyli dərəcədə əks etdirir. Onun sözlərinə görə, hər həftə kolbasalarla bağlı AİB-ə 7-8 telefon zəngi daxil olur ki, onlar da əsasən halal kolbasalarla bağlıdır: “İki il öncə Beynəlxalq Halal Konqresində iştirak etdim. Dünyanın 56 ölkəsindən teoloq alimlər toplaşıb, halal kolbasa, sosiska istehsalı məsələsini müzakirə edirdilər. Amerikalı müsəlman alim dedi ki, yaxşı, əti halal etdik, bəs onun tərkibinə daxil edilən digər qarışıqları necə halal edək? Həmin qarışıqlar ayrı-ayrı ölkələrdən gətirilir. Azərbaycanda da səhv olaraq Qafqaz Müsəlmanları İdarəsi elan edirdi ki, “Halal” sertifikatı verir. Bu, qanuna uyğun deyildi. Nəhayət, Azərbaycanın dövlət orqanı “Halal” standartını yaratdı. Həmin standart dünya tələblərinə uyğundur. Amma reallıq o oldu ki, Azərbaycanda halal məhsul adı altında kolbasa istehsal edən müəssisələr çoxdur. Lakin onlar halallığı əks etdirmirlər”.
Ekspert deyir ki, halallıq məsələsini təkcə donuz əti ilə bağlasalar da, burada nəzərə alınmalı amillər çoxdur: “Heyvanın kəsilərkən stress keçirməsi, bıçağın onun başına birdəfəyə çəkilməsi və digər özəl xüsusiyyətlər var. Ona görə də AİB bu standarta dair təklif verdi. Halal mal nişanının verilməsində kollegial bir qərar qəbul olunmasını təklif etdi. Onlara əsasnamə verdik. Hazırda son 6 ay ərzində yalnız bir müəssisəyə “Halal” standartı verilib. Halallığın verilməsi məsələsi artıq kollegial qərarla olur. Qafqaz Müsəlmanları İdarəsi, Azad İstehlakçılar Birliyi, bu sahədə məşğul olan MMC-lər hamısı bir yerdə qərar verirlər”.

“Yerli mallar ekoloji təmizdir”

E.Hüseynov deyir ki, halal mal bütün dinlər tərəfindən qəbul olunan məhsuldur. Çünki o, ekoloji cəhətdən təmiz hesab olunur. Eyni zamanda, bu ad altında məhsul istehsalı həm də gəlirli bir biznesdir: “İştirak etdiyim konqresdə türkiyəli nazirlərdən biri söylədi ki, ildə bütün dünya ölkələri halal mala 30 trilyon dollar pul xərcləyir. Bu, çox böyük bir rəqəmdir. Halallıq həm dini, həm iqtisadi, həm də siyasi məsələdir. AİB-in yeni təklifinə görə, maliyyələşməsi islam bankından olan müəssisələr halal mal buraxa bilərlər. Kreditlə mal istehsal etmək bizim nöqteyi-nəzərimizdən halal hesab edilmir”.

AİB sədri bildirdi ki, kolbasaların tərkibində kartondan, heyvanın dərisindən, başından, dilindən və s. istifadə olunur. Lakin istehlakçılar bilməlidirlər ki, yerli mallar mümkün olan qədər ekoloji təmizdir. Ona görə də yerli mallara üstünlük vermək daha məsləhətlidir. Bazarda süni ətdən, süni zülaldan, kartofdan, kartof qabığından hazırlanmış, normal kolbasa dadı verən kolbasalar da var. Onlar xüsusilə xaricdən gətirilən məhsullardır.
E.Hüseynov onu da bildirdi ki, 2011-ci ildə USAİD ölkəmizdə malların rəqabətə davamlılıq layihəsini həyata keçirib: “Bu, Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanının təsis olunması idi. USAİD treninq keçdi və təhlükəsiz qida istehsal edən müəssisələri seçmək qaydalarını bizə öyrətdi. Bu illər ərzində AİB 5 müəssisəyə bu nişanı şamil edib. Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanı dövlət qeydiyyatına alınıb. Bütün dövlət orqanları buna dəstək verirlər. Azərbaycan mallarını 123 ölkədə beynəlxalq təşkilat vasitəsi ilə təbliğ edirik. Kolbasa istehsalı sahəsində «Sevimli dad» və «SAB» şirkətləri bu qida təhlükəsizliyi nişanlarına layiq görülüb. Onların təhlükəsiz qida istehsal etmələri daim nəzarətimizdədir”.

“Biznes şirkətindən halallıq təminatı gözləmək olmaz”

Azərbaycan Milli Kulinariya Mərkəzinin (MKM) baş direktoru Tahir Əmiraslanov bildirdi ki, halal kolbasalarla bağlı Azərbaycanda standart tətbiq olunub və burada böyük tələblər var. Əgər hansısa müəssisə bu qaydalara riayət etməklə kolbasa, sosiska istehsal edirsə, ona halal olsun: “Amma burada bəzi nüansları qeyd etmək istəyirəm. Ümumiyyətlə, kolbasanın tərkibinə yüksək səviyyəli əti nadir hallarda qatırlar. Bu, əvvəldən belə olub. İndi onların tərkibi standartlarla dəyişdirilib. Hazırda dünyada bu istehsalda süni ətdən daha çox istifadə olunur. Əvvəllər soya zülalından daha çox istifadə edilirdi. Rusiyada kolbasaların və bu kimi qiymə olunmuş məhsulların içində demək olar ki, ət məhsulu yoxdur. Hamısı süni ət, süni zülaldır. Pivədən qalma arpa qalıqları, neft parafini, quş peyininin üzərinə xüsusi mikroblar buraxırlar. Onlar məhsulun strukturunu dəyişirlər və nəticədə zülal əldə edirlər. Peyini yerə veririk, oradan ot bitir. İnək otu yeyib 28-30 faizini ətə çevirirsə, indi həmin peyinin demək olar ki, 90-95 faizə qədəri zülala çevrilir. Həmin zülal isə kolbasa istehsalında istifadə edilir”.

T.Əmiraslanovun sözlərinə görə, biznes şəbəkəsində olan şirkətlərdən halallıq təminatı gözləmək olmaz. Çünki biznesdə din, həqiqət, sevgi yoxdur. Əgər nəsə ucuzdursa və çox xeyir gətirirsə, biznes ona gedir: “Əvvəllər İsraildə pulsuz balıqların – nərə balığının yeyilməsi qadağan idi. Lakin İsrail özü nərə balığı yetişdirəndən sonra din adamları yığışıb, bioloqlarla araşdırdılar ki, nərə balıqlarında da pulcuğun elementi var. Bundan sonra həmin balığın yeyilməsinə icazə verildi. Rusiyada hələ ki, qiymə məhsulundan o tərəfə keçməyiblər. Amma Yaponiyada artıq ət tikələri də hazırlanır. Xüsusi institutlar bunun üçün çalışır. Rusiya ilə bağlı olduğumuz üçün bu məhsulların bizim bazara yol açması ehtimalı da var”.
Sağlam qida tərəflərinə gəldikdə isə MKM prezidenti bildirdi ki, onun ailəsində heç kim kolbasa yemir.

Yerli məhsullara inam var və keyfiyyət yüksəkdir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyir ki, kolbasa və sosiskaların tərkibi ilə bağlı yayılan neqativ məlumatlar çox vaxt həqiqəti əks etdirmir. Ət məhsulları istehsalı ölkədə ən qabaqcıl inkişaf etmiş sahələrdən biridir. Əsas da kolbasa və sosiska məhsullarını istehsal edən sexlər: “Hər hansı bir sexdə monitorinq aparsanız, bunun əyani şahidi olacaqsınız. Əgər 10 il bundan qabaq alıcı Rusiyadan və digər xarici ölkələrdən gətirilən ət məhsullarına üstünlük verirdisə, indi yerli mal alır. Yerli məhsullara inam var və keyfiyyət də yüksəkdir. “Kolbasanın tərkibinə karton vurulur” kimi ifadələr yoxlama zamanı heç də öz əksini tapmır”.

F.Talıblının sözlərinə görə, istehsal prosesində müəyyən nöqsanlar ola bilər. Bunlar isə yoxlamalar zamanı üzə çıxır və müvafiq tədbirlər görülür: “Bizim komitə yanında Dövlət Nəzarəti Xidməti gündəlik olaraq monitorinqlər aparır, nəzarət tədbirləri həyata keçirir. İstahsala nəzarət ciddi şəkildə aparılır. İrili-xırdalı nöqsanlar aşkar edilir. Dəfələrlə texnoloji prosesin düzgün qurulmaması üzündən, xammalların keyfiyyətinin standarta uyğun olmaması səbəbindən, ümumiyyətlə, məhsulun laborator sınaqları nəticəsində standartın tələblərinin pozulması faktlarına görə müəssisələr cəzalandırılıb, məhsulun istehsalı dayandırılıb. Amma kütləvi şəkildə ət məhsullarının istehsalında problem yoxdur. Kolbasa istehsalında ətə Səhiyyə Nazirliyi tərəfindən icazə verilən müxtəlif kimyəvi qatqılar, dadvericilər, aromatizatorlar vurulur. Amma bunlar standartın icazə verildiyi normada əlavə edilir”.

Komitənin mətbuat katibi deyir ki, halal adı altında istehsal olunan kolbasa və sosiska məhsullarına donuz piyi deyil, onu əvəz edən müxtəlif xammallar, bitkilər vurulur. Bununla da standarta uyğun məhsul istehsal olunur: “Yoxlamalarımız nəticəsində tərkibində donuz piyi olan, amma üzərində «Halal» yazılan məhsullar aşkarlanıb ki, onların da istehsalı dayandırılıb. Biz bu haqda mətbuata məlumat veririk”.

F.Talıblı onu da bildirdi ki, halal məhsul istehsal etməyin şərtləri bir az sərtdir: “Eyni avadanlıqda həm donuz piyi vurulan, həm də halal məhsul istehsal edilə bilməz. Sexlər ayrı olmalıdır. Xammallara, daşınmaya olan tələblər başqadır. Ona görə də hər bir istehsalçı halal məhsul istehsal edə bilməz. Əgər hansı müəssisələrin “Halal” standartlarına uyğun məhsul istehsal etdiyini bilmək istəyirsinizsə, bizim komitənin saytında “Uyğunluğun qiymətləndirilməsi” bölümündə reyestr var. Orada “halal qida” sözünü yazmaqla məhz o standartlar əsasında istehsal olunan məhsulların siyahısını görə bilərsiniz”.

Hisə verilmiş kolbasadan uzaq durun

Həkim-terapevt Məlahət Abbasova deyir ki, normal şəraitdə, keyfiyyətli ətdən hazırlanan kolbasalar sağlamlıq üçün təhlükəli deyil. Amma əks halda sağlamlıq üçün problemlər də yarada bilər: “Normal şəraitdə hazırlanmırsa, cürbəcür rənglər vurulursa, bunun fəsadları ola bilər. Kimyəvi rənglər qaraciyərə ziyan vurur. Yaxud hansı ətdən hazırlandığını bilmədiyimiz halda da təhlükəli ola bilər. Amma qaydasında və sağlam şəkildə hazırlanan kolbasanın ziyanı yoxdur”.

Həkimin sözlərinə görə, hisə verilmiş kolbasa və sosiskalardan uzaq durmaq məsləhətlidir: “Bişmiş kolbasalara üstünlük verilməsinin tərəfdarıyam, nəinki hisə verilmişin. Hisə verilmiş kolbasalar çətin həzm olunur. Sağlam şəkildə hazırlanan və bişirilmiş kolbasaları 3 yaşından böyük uşaqlara da müəyyən qədər vermək olar. Amma xanımlara məsləhət görərdim ki, həmin kolbasaları özləri ev şəraitində hazırlasınlar. Bişmiş olan kolbasanı gündəlik də istifadə etmək olar. Amma hisə verilmiş kolbasanı həftədə bir-iki dəfədən çox istifadə etməmək məsləhətdir”.Kaspi.az
Aygün Asimqızı

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.