Oxuyursan oxu, oxumursan özün bilərsən

15 Mayıs 2016
1 476
2
Oxuyursan oxu, oxumursan özün bilərsən
Oxuyursan oxu, oxumursan özün bilərsən

FeaT.Az kaspi.az-a istinadən Aygün Əzizin yazısını təqdim edir

Təhsil, elm, bilik... Bu 3 kəlmə insanın həyatında necə də böyük rol oynayır... Hər bir insan təhsil alır. İnsan kitab oxuyursa, televizorda hər hansı bir verilişə baxırsa, film izləyirsə, bu, artıq öyrənmək deməkdir. Təhsilsiz insanın həyatı yoxdur deyirlər. Bəs hərf tanımayan, adını yaza bilməyən insanlar necə yaşayır?!

Hər rayonda hərf bilməyən 5-6 nəfər var?
Hərf tanımayan məktəblilər haqqında yəqin ki, eşitmisiniz. Bu dəhşətli faktlar bir neçə gün mətbuatın gündəmindən düşmədi. Bu gün ölkəmizdə təhsil sahəsində ən müasir standartlar tətbiq olunsa da, müəyyən problemlərin olduğunu da açıq etiraf etməliyik. Bu yaxınlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə IX sinfin buraxılış imtahanları ilə bağlı acınacaqlı faktlar açıqladı və bildirdi ki, bəzi şagirdlər hətta öz ad-soyadlarını belə yaza bilmirlər: "Şagird imtahana gəlirsə, boş kart versə də, onun üzərində adını yazmalıdır. Amma adlarını yaza bilməyən 9-cu sinif şagirdləri olub. Bu rəqəm çox deyil, hər bir rayonda 5-6 adam var. Amma bu faktın olmasının özü də çox acınacaqlıdır".
Həqiqətən acınacaqlıdır. Statistika 5-6 göstərsə də, çoxumuz hərf tanımayan insanlarla rastlaşmışıq. Bəzən gülmüşük, bəzən təəccüblənmişik, bəzən də o insanlara yazığımız gəlib. Bəs bir insanın adını yaza bilməyəcək qədər savadsız olmasının günahkarı kimdir? Müəllim, valideyn, yoxsa elə şəxsin özü?

"Oxuyursan oxu, oxumursan özün bilərsən"

Gülzar (ad şərtidir) Sabirabad rayonunda Cavad kənd məktəbində təhsil alıb. Düzdür, özünün oxumağa, təhsil almağa marağı olmayıb. Amma bu o demək deyil ki, Gülzar hərf tanımasın. Gülzarın hərf tanımaması onu həyat yoldaşının da yanında utandırır: "Orta məktəbdə oxumağa marağım olmayıb. Müəllimlərim tələbkar deyildilər. Deyirdilər, oxuyursan oxu, oxumursan özün bilərsən. İmla, inşa yazılarını özüm yazmırdım. Müəllimlərim də bilirdi ki, mən yazmıram, amma göz yumurdular. Əsəblərini mənimlə korlamaq istəmirdilər. İndi ailəliyəm. Uşağımla məşğul ola bilmirəm. Onun əlifba kitabından, müəllimlərinin verdiyi tapşırıqlardan hərf öyrənirəm. Müəllimlər insan həyatında mühüm rol oynayırlar. Mənim bu halda olmağımın səbəbkarı özümlə yanaşı, müəllimlərimdir".
Hərf tanımayan insan hüquqlarını da müdafiə edə bilmir. Cəmiyyətimizdə şikayət ərizəsini belə yaza bilməyən insanlar yetişir. Məsələn, Astara rayon Polis İdarəsinin adının açıqlanmasını istəməyən polis işçisi deyir ki, bu hal artıq onlar üçün adiləşib: "Bizə şikayətə gələnlərin əksəriyyəti hərf tanımadığı üçün şikayət ərizələrini yaza bilmirlər. İzah edəndə ki belə yaz, deyir hərf tanımıram, necə yazım. Mən deyim, sən yaz".
Məktəblilərin bu statistikasından heyrətlənən gənc ingilis dili mütəxəssisi Məlahət Nuriyeva deyir ki, əgər vaxtında valideyni onunla maraqlanmasaydı, bəlkə o da indiki səviyyədə olmazdı. Məlahətin fikrincə, bu problemin əsas səbəbkarı valideynlərin məsuliyyətsizliyidir: "Orta məktəbdə, xüsusən də 1-2-ci sinifdə oxumağımdan söz düşəndə anam: "İlk 2 ili Məlahətlə bərabər mən də oxudum" - deyir. Hər gün dərsə hazır gedirdim, yaxşı oxuyurdum, amma bu, məndən çox anamın əməyi idi. Yadıma düşür, bütün günü həyətdə uşaqlarla oynayır, axşam da yorğun olduğumu bəhanə edib yatmaq istəyirdim. Anam mənə məcburən dərs oxutdururdu. İndi düşünürəm ki, məndən çox anam əziyyət çəkirdi. Amma sonradan bu məndə vərdiş halını aldı və oxumağa başladım".

Günahkar nazirlikdirmi?
Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Çünki adını yaza bilməyən şagirdin 9-cu sinfə qədər necə oxuduğu maraqlıdır. Təhsil Nazirliyindən qəzetimizə daxil olan məlumata görə, əsas günahkar məktəb rəhbərləri və müvafiq məktəblərin pedaqoji kollektividir: "Ümumtəhsil məktəb məzunları arasında yazıb-oxumağı bacarmayanların olmasında, heç şübhəsiz, məsuliyyət müvafiq məktəblərin rəhbərlərinin və pedaqoji kollektivlərin üzərinə düşür. Övladlarının təhsilinə valideynlərin səhlənkar münasibəti də istisna olunmur. Hazırda nazirlik tərəfindən həmin şagirdlərlə bağlı araşdırmalar aparılır. Belə faktların yaranmasının əsas səbəbləri araşdırma zamanı aşkar ediləcək".
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət düşünür ki, problemin kökündə həmin şagirdin ailəsi və çevrəsi dayanır: "Valideyn nəzarətinin olmaması, məktəb-valideyn münasibətlərinin düzgün qurulmaması da əsas səbəblərdən biridir. Uşağın inkişafı üçün valideyn nəzarəti hökmən lazımdır. Bu, ailədə olan münasibətlərin normal qurulmamasından irəli gəlir. Valideynlərin şagirdə olan diqqətsizliyi ucbatından yaranan boşluqlar yaş artdıqca böyüyür və sonda savadsız bir şəxsin yaranmasına səbəb olur. Ancaq mən inana bilmirəm ki, indiki dövrdə bizim orta məktəblərdə təhsil alan şagirdlərimizdən kimsə adını yaza bilməsin. İnana bilmirəm ki, müasir zamanədə belə hal ola bilər. Yalnız məktəbdən yayınanlarda belə hallara rast gəlmək olar. Çünki orta ümumtəhsil məktəblərinə gedən uşaqlarımız ən azı yazı və kiçik hesabları aparmaq qabiliyyətinə malik olurlar. Bunun da təməli ilk növbədə ailədə və əgər məktəbəqədər təhsilə cəlb olunubsa, orada qoyulur. Məktəbəqədər təhsilə son illər çox böyük diqqət ayrıldığından deyilən problem varsa, o zaman onun həllinin çözülməsinə start verilir".
Həmsöhbətimiz düşünür ki, savadsız böyüyən məktəblilər cəmiyyət üçün gələcək təhlükədir: "Bunun fəsadları savadsızlıq, işsizlik, sonda cinayətkar qrupların yaranmasıdır. Bunların qarşısının alınması üçün mütləq ailə pedaqogikasına diqqət ayrılmalıdır. Ailədə valideynlər övladlarına nəzarəti gücləndirməli və məktəb-valideyn münasibətləri düzgün qurulmasıdır. Problemlərin çözülməsi işində kompleks olaraq tədbirlər həyata keçirilməlidir".

"Çox bilən çox dərd çəkər"

Bakı kəndlərindən birində təhsil alan Firuzə (ad şərtidir) ailəlidir. Nə hərf tanıyır, nə də rəqəm. Hətta saatı belə bilmir: "Türkmənistanda yaşayırdıq. 2-ci sinifdən Bakıya köçdük. Oxumağa marağım yox idi. İki bacı idik, heç birimiz məktəbi xoşlamırdıq. Evdən çıxıb, məktəbə getmirdik. Hətta pulları belə tanımıram. İndi uşaqlarımın, ailəmin, həmyaşıdlarımın yanında çox utanıram".
33 yaşlı 3 uşaq anası Əfsanə də hərf tanımır. Amma utanmaq əvəzinə bunun "müsbət" tərəflərindən faydalanır və savadsız olduğu üçün "sevinir": "Yazıb, oxumağı bilmirəm. Əvvəllər çətinliyim həkimin yazdığı reseptləri oxuya bilməməklə bağlı olurdu. Amma çarəsini tapmışam. Şəklini Votsapda çəkib, hərf tanıyan birinə atıram, o da səsli oxuyub mənə göndərir. Savadsız olduğuma görə utanmıram. Çox bilən çox dərd çəkər. Mənim üçün belə rahatdır".

"Müəllimin vəzifə borcudur..."
"Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən olan fizika müəlliməsi Aliyə Əhmədova deyir ki, müəllimlik dövründə adını yaza bilməyən şagirdlərə rast gəlməsə də, sadə riyazi hesablamanı bilməyən, üzündən oxumaqda çətinlik çəkən şagirdlərlə çox rastlaşıb: "Adını yaza bilməmək" şərti deyimdir. Amma həqiqətən də qiraəti çox zəif olan, sadə riyazi hesablamanı bilməyən şagirdlərə rast gəlmək qeyri-adi hal deyil. Bir neçə dəfə olub ki, şagirdi üzündən oxutdurmaqla aşkarlamışam ki, hətta mətni üzdən oxumaqda çox çətinlik çəkir, o ki qaldı fizikanı mənimsəmək. Günahkar ilk olaraq valideynlər, onların diqqətsizliyi və böyük ehtimalla valideynlərin təhsil səviyyəsinin, düşüncəsinin çox kasad olmasıdır. Belə valideyn-şagird cütlüyü bəzi üzdəniraq müəllimlərdə də onlara qarşı laqeydlik yarada bilir. Müəllimin vəzifə borcudur ki, valideynin statusundan, maddi durumundan və s. asılı olmayaraq, bütün şagirdlərə eyni gözlə baxsın. Hər şagirdin mənimsəmə qabiliyyətinə uyğun tapşırıqlar versin, düzgün istiqamətə yönəltsin. Valideyn bir çox səbəblərdən övladına diqqət ayıra bilməsə də, məktəb kitabxanası, müxtəlif dərnəklər, nazirliyin apardığı müxtəlif maarifləndirici tədbirlər məhz şagirdin şəxsiyyət kimi inkişafı üçün təyin olunub. Yetər ki, həm valideyn, həm də məktəb öz üzərinə düşən vəzifə öhdəliyini yerinə yetirsin".

"Hər kəsin ali məktəbə qəbul olması vacib deyil"

Təhsil layihələri ilə tanınan ictimai fəal gənc Rövşən Nəcəfov düşünür ki, insanların təhsil almasından daha çox maariflənməyə ehtiyac var: "Yəni təhsilə paralel olaraq şagirdin həvəsləndirilməsi, stimul verilməsi, dərsə marağının gücləndirilməsi və ən əsası onun gələcəyinin bundan asılı olduğu önə çəkilməlidir. Əgər bir şagird məktəbdə oxuyarkən heç nə qazanmırsa, bu, şagirdin günahı deyil. Bu gün valideynlər övladlarını daha çox liseylərdə oxutmaq istəyirlər. Çünki valideyn bilir ki, onun övladı liseydə mütləq biliklər qazanacaq. Liseylər öz imiclərini qorumaq üçün şagirdlərini yaxşı yetişdirir. Kommersiya olaraq ən uğurlu PR budur. Amma orta məktəblərin ictimaiyyət qarşısında belə öhdəliyi yoxdur. Düşünürəm ki, Azərbaycan təhsil sistemində yeni tendensiyalar yaratmağa ehtiyac var. Təhsil qurumlarında motivatorların olması, şagirdləri müxtəlif nümunələrlə tanış etmək kimi layihələr icra etmək olar. Günahkar axtarmaq yox, suallara cavab tapmaq lazımdır. Həmin şagird necə 9-cu sinifdə oxuyur? Niyə şagird 11-ci sinifdə oxuduğu halda hərf tanımır? Nə üçün o şagirdin gələcəyi düşünülmür? Təhsili uğursuz olan bir şagird, növbəti mərhələdə uğursuz gəncdir. Cəmiyyətimizdə öz rolunu itirmiş insanlarla tez-tez rastlaşırıq. Cinayətkarlar, özünü mənfi ideologiyalara təslim etmiş insanlar təhsil sisteminin boşluğunda formalaşır".
R.Nəcəfovun fikrincə, təhsil sisteminin məqsədi hər kəsi əlaçı etmək olmamalıdır: "Məqsəd cəmiyyətə faydalı insanlar yetişdirməkdir. Hər kəsin ali məktəbə qəbul olması deyil, hər kəsin ali vətəndaş olması vacibdir. İnsan özünü tapmalı, inkişaf etdirməli və özünü cəmiyyətə təqdim etməyi bacarmalıdır".
Yazımı sonda Balzakın sözləriylə tamamlamaq istəyirəm. Balzak deyir ki, bütün elmlərin açarı sual işarəsidir. Hərf tanımayan insan isə heç sual işarəsini də tanımır axı... Balzak bu dəhşətli nəticəni bilsəydi, bəlkə də bu gün təhsil işçiləri tərəfindən tez-tez misal gətirilən bu ifadəni işlətməzdi...
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 15 Mayıs 2016 20:34

    Xəbəri oxudum və ümummilli liderimiz Heydər Əliyevin sözü yadıma düşdü: "Təhsil millətin gələcəyidir" . Bu cümlənin fərqinə varsaq görərik ki, nə qədər də hikmətli bir cümlədir. Hər bir kəsin gələcəyi üçün təhsil mühüm amillərdən biridir. Təhsil insan həyatının bir hissəsidir. İndi hər bir kəsin oxuması üçün təhsildə geniş imkanlar yaradılmışdır. Ancaq buna baxmayaraq xəbərdə yazıldığı kimi hərf tanımayan insanlara da rast gəlirik. Bunun səbəbi müxtəlif amillərdən ibarət ola bilər. Burda valideynlər, müəllimlər, eyni zamanda insanın özü də günahkardır. Səbəbsiz heç nə yoxdu. Əsas odu bunun nədən qaynaqlandığını öyrənib qarşısını almağa cehd etməkdir. Mən belə düşünürəm ki, valideyn- müəllim- şagird əməkdaşlığı düzgün aparılsa, gələcəkdə belə problemlərin qarşısı alınar. İnşAllah!
    Məqalə üçün təşəkkürlər)
  2. Princess
    Məncə hər bir insanin ən azından 11 ci sinifə kimi təhsil alması vacib bir şeydir. cünki həmin insanlar gələcəkdə ailə qurur və uşaqlarına kömək edə bilmirlər dərslərdə,uşaqlarda valideynlərinə baxaraq oxumamağı seçirlər,geridə qalırlar həyatda öz yerlərini tapa bilmirlər dünya görüşü danışıq qabilliyəti olmur özünü bir çox yerlərdə müdafiyə edə bilmirlər..

    "33 yaşlı 3 uşaq anası Əfsanə də hərf tanımır. Amma utanmaq əvəzinə bunun "müsbət" tərəflərindən faydalanır və savadsız olduğu üçün "sevinir": "Yazıb, oxumağı bilmirəm. Əvvəllər çətinliyim həkimin yazdığı reseptləri oxuya bilməməklə bağlı olurdu. Amma çarəsini tapmışam. Şəklini Votsapda çəkib, hərf tanıyan birinə atıram, o da səsli oxuyub mənə göndərir. Savadsız olduğuma görə utanmıram. Çox bilən çox dərd çəkər. Mənim üçün belə rahatdır"

    Nə deyəcəyimi bilmirəm,insan necə bu qədər axmaq ola bilər axı,hələ birdə utanmıram deyir...Vatsap olmasaydı görən nə edəcəkdi..

    "Oxuyursan oxu, oxumursan özün bilərsən"

    Belə baxanda müəllimlərdə özlərinə görə haqlıdı..ama birdə başqa tərəfdən fikirləşsək.. o yaşdakı bir uşağa bu sözü desək əksərriyəti məncə oxumamağı seçər.çünki ağıl o cür işləyir nəyin doğru nəyin yanlış olduğunu bilmir..sonradan peşman olar oxumadığına görə..ona görə hər bir uşağa ailədə və məktəbdə yol göstərən biri olmalıdı məncə..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.