Magistr və doktorantlara hərbi möhlət hüququ verildi

15 Haziran 2016
1 655
0
Magistr və doktorantlara hərbi möhlət hüququ verildi
Prezidentin təşəbbüsündən sonra deputatlar mövqelərini 180 dərəcə dəyişdilər
Fazil Mustafa: «Yaxşı ki, gələcəyimizi düşənən prezidentimiz var»
Oqtay Əsədov: «Heç kim özünü «geroy» hesab eləməsin»


Feat.Az bizimyolinfo-ya istinadən xəbər verir ki, Milli Məclisin növbədənkənar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək. İndiyə qədər Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.

Dəyişikliyə əsasən bundan sonra Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Qeyd edək ki, may ayında keçirilən iclasda "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli başda olmaqla bir sıra deputatlar doktorant və magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinin əleyhinə çıxıb, fikirləri təsdiqləmək üçün müxtəlif arqumentlər gətirmişdilər. Lakin sonradan Prezident İlham Əliyevdən parlamentə magistr və doktorantlar üçün hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilik qaydasında təşəbbüs gəldikdən sonra elə həmin millət vəkilləri öz dedikləri arqumentlərin tam əksinə olan fikirlər söyləyərək, möhlət hüququnun olmasının vacibliyini bildiriblər.

Bununla bağlı deputat Fazil Mustafa bildirib ki, "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı möhlət hüququnun həmin qanundan çıxarılmasını az qala bütün deputatlar dəstəkləyiblər.
"Ancaq nə yaxşı ki, bizim təhsilimizi, gələcəyimizi düşünən prezidentimiz var. Millət vəkillərinin bütün çıxışları, protokolları durur. Yəqin ki, ölkə başçısı da millət vəkillərinin fikirlərindən sonra belə bir qərar qəbul edib. İctimaiyyətin fikrini nəzərə alıb. O hər şeyi bizdən daha yaxşı görür. Biz burada nə dediyimizə fikir verməliyik ki, sonradan pis vəziyyətə düşməyək".

Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinə əsəbi şəkildə cavab verib: "Əslində möhlət hüququ həmin qanunun predmeti deyildi. Ona görə də həmin qanundan çıxarılmalı idi. Möhlət hüququ məsələsi ilə bağlı qərar vermək səlahiyyəti də cənab prezidentə məxsus idi. O bunu nə zaman edəcəyinə özü qərar verir. Yəni indi kimsə özünü "geroy" hesab edib sinəsinə döyməsin ki, vaxtilə mən belə demişdim, elə demişdim. Bu məsələ ilə bağlı qərarı prezident verib və verir".
Deputat Qüdrət Həsənquliyev də çıxışı zamanı deyib ki, prezidentin belə bir qanun layihəsi göndərməsində parlamentdəki çıxışların rolu olduğunu hesab edir.

Müzakirələr zamanı deputat Z.Oruc deyib ki, bir alim hərbi xidmətdə olmayacaqsa, yerinin boş qalacağını, yaxud ermənilərin güclənəcəyini heç kim düşünməsin: "Hətta yaxın 10 ildə də çağırışçıların sayını proqnozlaşdıra bilərik. Mən alimlərimizin sayına da diqqət çəkmək istəyirəm. 10 min alimimiz var. 10 min nəfərə 1 alim düşür. İndi 30 yaşında alim tapmaq çətindir. Magistrlərə möhlət hüququnun ləğv edilməsi buna təsir etdi. Orta məktəblərdə müəllimlərin 93 faizi xanımdır. Gənclərimizin kişi kimi hazırlanmasında kişi müəllimlərin rolu əhəmiyyətlidir. Magistrlərin arasında da oğlanların sayı azdır. Məsələn, Bakı Dövlət Universitetində magistrlərin 83 faizi xanım, 17 faizi oğlandır. Dövlət başçısı tərəfindən atılan bu addım, elmdə fasiləsizliyin təmin edilməsi elmin inkişafına səbəb olacaq. Azərbaycan elmi cavanlaşmalıdır".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə belə bir dəyişiklik təklif edilib: "Bu, təhsildə fasiləsizliklə bərabər, elmin də inkişafına səbəb olacaq".

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Ziyafət Əsgərov nəzərə çatdırıb ki, hazırda bakalavr pilləsini bitirən gənclər magistraturaya imtahan verə bilmirlər: "İndi necə olacaq? Bakalavr pilləsini bitirən gənc magistraturaya qəbul olacaqsa, magistraturanı bitirdikdən sonra doktoranturaya da imtahan verə biləcək. Bununla da təhsildə fasiləsizlik təmin olunacaq. Bakalavr pilləsini bitirən gənc magistraturaya qəbul ola bilməyəcəksə, hərbi xidmətə getməlidir. Çünki möhlət hüququ bir dəfə verilir".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.