TQDK: "9 illik orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanır"

09 Temmuz 2016
3 552
0
TQDK: "9 illik orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanır"
İyulun 8-dən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanır və bu proses iyulun 18-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə həyata keçirilir.

Feat.Az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərşivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. 2016-2017-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədi ilə TQDK tərəfindən bu təhsil pilləsinə 2015-ci ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunmuşdur. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər isə “qabiliyyət imtahanına buraxılış vərəqi”ni bu linkdən (https://eservices.tqdk.gov.az/erizetex/qabiliyyetbv/?frm=egov) çap edib götürə bilərlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri ilə “Abituriyent” jurnalının 3-cü sayında ətraflı məlumat verilmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.