"Atam da, anam da işləmir" - 692 bal toplayan Aynur - FOTOLAR

30 Temmuz 2016
2 079
0
"Atam da, anam da işləmir" - 692 bal toplayan Aynur - FOTOLAR
692 bal toplayan məcburi köçkün Aynur Babayeva yüksək nəticəsini ona təmənnasız kömək edən müəllimlərinə hədiyyəsi kimi qiymətləndirir

"Azərbaycan dili fənnindən açıq sualdan birini səhv yazmışdım. "Emblem” sözünün tələffüzündə problem yaşadım. Rast gəlmədiyim bir söz məni 700 baldan uzaqlaşdırdı” – bu sözləri bizimlə söhbətində bu il III ixtisas qrupu üzrə ali məktəbələrə qəbul imtahanında 692 bal toplayan Aynur Babayeva söylədi.

Aynur haqqında bizə Azərbaycan dili - Ədəbiyyat müəllimi Asif Salmanov danışmışdı. Qeyd etmişdi ki, Ağdamdan məcburi köçkün ailəsində böyüyən Aynurun təhsil alması üçün bir çox evlərdə olan komfortlu şərait olmayıb. Onlar Binəqədi rayonunda köhnə bir zavodun həyətində məskunlaşıblar. Maddi cəhətdən çox çətinlikləri olan bir ailədə böyüyüb. Buna baxmayaraq, onun dərslərində problem olmayıb.

"Ən imkansız vaxtımızda müəllimlərim yardım etdilər”

Biz də bütün çətinliklərə baxmayaraq, yüksək nəticə göstərən Aynurun yaşadığı yerə baş çəkmək qərarına gəldik. Aynur bizimlə söhbətində dedi ki, Biləcəri qəsəbəsində yerləşən Binəqədi rayonu 314 nömrəli tam orta məktəbi bitirib. Onların məktəbində bu il 11-ci sinfi bitirənlərin sayı çox olmasa da, 6-7 nəfər 600-dən yuxarı nəticə göstərib. Ən yüksək nəticə isə ona məxsusdur.

Bu yüksək nəticə böyük bir dəstəyin nəticəsində mümkün olub. Bu dəstək isə ailəsi ilə yanaşı, müəllimlərindən də gəlib: "Maddi vəziyyətimiz müəyyən bir vaxt çox ağır oldu. İndi də heç ürəkaçan deyil. Atam müəyyən vaxt işləyir, hazırda isə işsizdir. Anam da işləmir. Babam bizə köməklik edir. Ən imkansız vaxtımızda müəllimlərim yardım etdilər deyə, təhsilimi davam etdirməyimə maddiyat problemi mane olmadı. Maddi sıxıntı yaşadığımız üçün repetitor yanına gedə bilmirdim. Bu, bizim ailənin maddi imkanları səviyyəsində qətiyyən həll olunacaq iş deyildi”.

"Müəllimim yuxuda görmüşdü ki...”

Aynur deyir ki, belə bir vəziyyətdə qəfildən xoş sürprizlə üzləşib: "Azərbaycan dili - Ədəbiyyat (Asif Salmanov), tarix (Ramal Alıyev), riyaziyyat (Maral Rzayeva) və ingilis dili (Ruslan Nuriyev) müəllimlərim öz aralarında qərara gəliblər ki, məni pulsuz hazırlaşdırsınlar. Bu mənim üçün çox böyük sürpriz oldu. Direktorumuz Nadir Əliyev də mənə dəstək göstərən insanlardan idi. 4 müəllimin əziyyəti sayəsində bu nəticə əldə olundu. Mən də çalışdım ki, onların etimadını doğrulda bilim. Bu nəticəmi onlara bir hədiyyə kimi də qiymətləndirmək olar.

Hazırlığa gedəndə dərs vəsaitləri almaq üçün xeyli pul lazım olur. Ailəmizin hətta buna da imkanı yox idi. Babam bizə kömək edirdi. Əmim də həm maddi, həm də mənəvi olaraq mənə çox dəstək olub”.

Aynur deyir ki, imtahan stressi keçirməyib. Buna səbəb isə ətrafdakıların ondan dəstəyini əskik etməməsi olub: "İmtahana girəndə ilk 5-10 dəqiqə stress ola bilər. Amma ümumiyyətlə imtahan stresi yaşamadım. İmtahanda stressimin olmamasına səbəb müəllimlərim və ailəm tərəfindən daim hiss etdiyim dəstək idi. Mənə heç vaxt deyilməyib ki, filan nəticəni toplasan elə olar, belə olar. Amma həmişə yüksək bal toplamağa layiq olduğumu deyirdilər. Özüm özümə psixoloqluq edirdim. Həm də sınaqlarda göstərdiyim nəticələr də yüksək olurdu. Yüksək nəticələr olduğu üçün qorxmurdum. Ətrafımda hər kəs məndən 700 bal gözləyirdi. Özüm də rekord göstəriciyə ümidli idim. Bilməzdim ki, bir sualla belə olar. Asif müəllim yuxusunda görübmüş ki, qəbul imtahanında bir sualı səhv yazıram. Ona görə düşünürəm ki, xeyirlisi belə imiş”.

"Televizoru bağlayın”
"Atam da, anam da işləmir" - 692 bal toplayan Aynur - FOTOLAR

Yüksək nəticənin əldə olunmasının başqa bir səbəbini isə Aynur bütün fikrini dərslərə yönəltməsi, digər əyləncələrdən imtina etməsi ilə əlaqələndirir: "İndiyə qədər heç bir sosial şəbəkədə olmamışam, televizordan da əlaqəmi kəsmişdim. Futbolla yaxından maraqlanırdım, amma bu il ondan da tamamilə uzaq düşmüşdüm. Müəyyən qədər cəmiyyətdə gedən proseslərdən, vacib hadisələrdən xəbərim olurdu. İstər-istəməz, danışırdılar, eşidirdim. Amma heç nəyi izləmirdim. Dərsdən başqa nəyəsə vaxt sərf edə bilməmişəm. Dərs hazırlayanda diqqətim televizora yayınardısa, əsəbləşirdim. Hazırlıq vaxtı ən çox işlətdiyim söz "televizoru bağlayın” olub. Yorulmurdum, əziyyətimin nəticəsini görəndə sevinirdim”.

"Özümü ilk növbədə siyasət sahəsində görürəm”
"Atam da, anam da işləmir" - 692 bal toplayan Aynur - FOTOLAR

Universitet seçimi Azərbaycan Diplomatik Akademiyası (ADA) olan Aynur ixtisasının nə olmasına universitetdə "açıq qapı” günü bəzi suallarına cavab tapandan sonra qərar verəcək. Amma dövlət və ictimai münasibətlər ixtisasını artıq nəzərində saxlayıb. Aynur deyir ki, valideynləri təhsilsiz olmalarının çətinliklərini yaşayıblar. O isə təhsili sayəsində daha irəlilərə gedə biləcəyini düşünür: "Maddi vəziyyətimizin yaxşı olmamasının səbəbi təhsilsizlikdir. Valideylərim bunu gördükləri üçün mənə dəstək oldular. Gələcəkdə ailəmiz üçün çox şey etmək istəyirəm. Özümü ilk növbədə siyasət sahəsində görürəm. Amma alınıb-alınmayacağını hələ ki dəqiq bilmirəm. Çünki mən bir az sərt danışanam. Amma aldığım təhsil sayəsində maddi vəziyyətimizin yaxşılaşacağına inanıram. Maddiyyata o qədər də üstünlük verən biri deyiləm. Çünki pul nə qədər üstün olsa da, mənəviyyatı üstələmir.

Savadı işıq kimi qiymətləndirirəm. Dünyanı görmək üçün insana savadın çox vacib olduğunu düşünürəm. Kiminsə prinsipinə deyil, gələcəyim üçün yüksək balla ali təhsil müəssisəsinə qəbul olmaq istəyirdim. Mən öz qrupuma daxil olmayan fənlərə belə, maraq göstərirəm. Çox insan kiminsə prinsipinə universitetə daxil olmaq istəyir. Mən isə gələcək üçün oxuyuram”.

Aynur bildirdi ki, bakalavr təhsilini Bakıda almaq istəyir. Amma magistratura üçün xarici ölkəyə üz tuta bilər: "Evdən mane olacaqlarını düşünmürəm. Amma mane olmağa çalışsalar da, düşünürəm ki, alınmayacaq. Əgər nəsə istəyirəmsə, onu mütləq etməliyəm”.

"Heç vaxt müəllimlərin şikayətini eşitməmişik”

Aynurun atası Ramil Babayev qızının uşaqlıqdan dərs oxumağa həvəsli olduğunu söyləyir. Həmişə bütün dərslərdən əla qiymətlər alıb: "Dərslərinə qarşı məsuliyyətli idi və həmişə çox yaxşı hazırlaşırdı. Özəlliyi odur ki, heç vaxt müəllimlərin şikayətini eşitməmişik. Universitet, ixtisas seçiminə qarışmırıq. Özünü harada görürsə, oranı da seçə bilər. Bu uğuru ilə bizi çox sevindirdi. Özü də, imtahanı Ağdamın işğalı gününə təsadüf etdi”.

Anası Ruhiyyə də qızının çətin bir şəraitdə yüksək nəticə ilə ali təhsil müəssisəsinə qəbul olduğuna çox sevinir. Qardaşı Əli isə bizə söz verdi ki, bacısı kimi o da valideynlərinə sevinc yaşadacaq: "Bacımın bu nəticəsindən sonra mən də yüksək nəticə göstərmək istəyirəm. İkinci qrup üzrə gedəcəm. Maddi cəhətdən vəziyyət yaxşı olmadığı üçün indiyə qədər hazırlığa gedə bilməmişəm. Bir il hazırlaşacam. Amma yaxşı təhsil almaq üçün var gücümlə çalışacam”.

Kaspi.az / Aygün Asimqızı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.