Daim hərəkətdə olan uşaq hiperaktiv uşaqdır?

21 Kasım 2016
1 687
0
Daim hərəkətdə olan uşaq hiperaktiv uşaqdır?
Hiperaktivlik uşağın yaşına və “səviyyəsinə” uyğun olmayan və ifrat hərəkətliliklə müşayiət olunan bir problemdir.

Adətən, bu problemin əlamətlərinə bəzi uşaqlarda daha çox stress vəziyyətində rast gəlmək olur və elə buna görə də, alimlər hər hərəkətli uşağın hiperaktiv uşaq olmadığını deyirlər. Odur ki, uşağa “hiperaktiv” diaqnozunu qoymaq üçün bu əlamətlərə onun həyatının bütün sahələrində rast gəlmək lazımdır. Digər tərəfdən, bu əlamətlər 7 yaşından kiçik uşaqlarda baş verdikdə və 6 aydan çox davam etdikdə həyəcan siqnalı vermək olar.

Qız uşaqları ilə müqayisədə oğlan uşaqlarında daha çox müşahidə edilən hiperaktivliyə diaqnoz qoymaq üçün xüsusi bir analiz yoxdur. Ona görə də, bu diaqnozun qoyulmasında əsas rolu bu uşaqların həm fiziki, həm də psixoloji problemləri ilə bağlı məlumatlar (təbii ki, əgər varsa) oynayır.

Digər tərəfdən, hiperaktiv uşaqlarda gələcəkdə davranış pozğunluğu kimi problemlər də ortaya çıxır. Ona görə də, hiperaktiv uşaqlara digər uşaqlarla müqayisədə daha çox vaxt ayırmaq lazımdır. Xüsusilə də, belə uşaqlar üçün xüsusi plan tərtib etmək çox vacibdir. Belə ki, hətta yemək, yatmaq, dərs oxumaq, televizora baxmaq və s. kimi gündəlik fəaliyyətləri bu plana daxil edə bilərsiniz.

Bununla yanaşı, hiperaktiv uşaqların ev tapşırıqlarını yerinə yetirmələri üçün xüsusi bir məkan təşkil edilməli və bu məkan televizordan və ya kompyuterdən uzaq olmalıdır. Hiperaktiv uşaqlar dərs hazırlayarkən ata və ya ana tərəfindən mütləq kömək görməlidirlər. Digər tərəfdən, bu, onların dərsi başa düşməsi, həmçinin yadda saxlaması baxımından da faydalı ola bilər. Həmçinin, başqa uşaqları böyük uğur qazandıqda mükafatlandırdığınız halda, bu uşaqları kiçik uğurlarda belə mükafatlandırmalısınız.

Üstəlik, bu uşaqları başqa uşaqlarla yarışdırmaq da doğru deyil. Başqa vacib bir məsələ isə atanın və ya ananın mütəmadi olaraq uşağın müəllimləri ilə dialoq vəziyyətində olması və uşağı ilə danışarkən göz təmasını yaddan çıxarmamasıdır. Bəs hiperaktivliyin əsas əlamətləri hansılardır? Hər şeydən əvvəl deyək ki, bu problemdə əsas əlamətlər özünü məktəbəqədər dövrdə göstərsə də, daha çox ailə və məktəb mühitidnə formalaşır. Bu cür uşaqların ən çox müşahidə edilən, həmçinin ən çox diqqəti cəlb edən ən vacib xüsusiyyətləri isə onların davranışlarındakı ifrat hərəkətlilikdir.

Eyni zamanda hiperaktiv uşaqlar bu əlamətlərlə də ön plana çıxırlar. Məsələn… * Uzun müddət bir yerdə dayana bilmirlər; * Uzun müddət bir yerdə otura bilmirlər; * Növbə gözləməkdə çətinlik çəkirlər; * Hadisələrə (və ya sözlərə) müdaxilə edirlər; * Həddindən artıq unutqanlıq göstərirlər; * Həddindən artıq danışqalnlıq göstərirlər; * Diqqətlərini gördükləri işə yönəldə bilmirlər; * Bir işi bitirməmiş başqa bir işə keçirlər; * “Təlimatları” yerinə yetirməkdə çətinlik çəkirlər; * Məktəbdə (və ya evdə) əşyaları tez-tez unudurlar; * Yerli-yersiz ora-bura qaçırlar; * Yerli-yersiz mebellərin üzərində gəzirlər; * Hər şeydən çox tez bezirlər; * Düşünmədən hərəkət edirlər; * Səssiz (və ya sakit) oyun oynamaqda çətinlik çəkirlər; * Valideynlərini (və ya müəllimlərini) dinləmirmiş kimi davranırlar; * Bəzən ifrat səbirsizlik göstərirlər; * Bəzən ifrat diqqətsizlik göstərirlər; * Bütün işlərində plansızdırlar; * Bütün işlərində nizamsızdırlar və s…
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.