Axtarış sistemi GOOGLE yaranması haqda hər şey

23 Kasım 2016
1 695
0
Axtarış sistemi GOOGLE yaranması haqda hər şey
İnternet dünyası ilə yaxından-uzaqdan tanış olan hər bir kəs GOOGLE adına yaxşı bələddir. Bu gün internetin az qala sinoniminə çevrilən GOOGLE artıq bir çoxumuzun həyatına daxil olmuş, internet fəaliyyətlərimizdə əvəzolunmaz resursa çevrilmişdir. Gündə yüz milyonlarla insan tərəfindən müraciət edilən google.com axtarış sistemi və portalı hal-hazırda dünyanın ən inkişaf etmiş internet resursu sayılır. Özünün iqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən GOOGLE internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixcəsi var.

GOOGLE-un qurucularından biri Sergey Brin əslən rusiyalı mühacirdir. GOOGLE-un digər qurucusu Larri Peyc Sergeylə 1995-ci ildə ABŞ-ın Stanford universitetində tanış olub. Bu iki gəncin elmi araşdırmalarının əsasını gündən-günə böyüməkdə olan nəhəng internet məkanında lazımi informasiyanın ən qısa və effektiv şəkildə əldə edilməsi üçün tələb olunan axtarış sistemlərinin yazılması təşkil edirdi.

1996-cı ilin yanvarında onlar Backrub adlanan axtarış sistemini proqramlaşdırmağa başladılar. Bu sistem kiçik miqyasda test edildi və onun axtarış probleminə gətirdiyi unikal həllər mütəxəssislərin təqdirini qazandı. Larri və Sergey 1998-ci ilin ilk yarısında internetdə inqilab yaradacaq layihələrin həyata keçirilməsi üçün öz fəaliyyətlərini gücləndirdilər. Onlar icad etdikləri yeni texnologiyanı GOOGLE adlandırdılar. Google riyazi termindir və 1 rəqəminin arxasında 100 sıfırı ifadə edir. Bu termindən istifadə etməklə onlar təqdim etdikləri texnologiyanın sonsuz imkanlarını ifadə etmək istəyirlər. Dostlar 1 terabayt həcmində olan kompyuter harddiskini güzəştli qiymətə alırlar və tələbə yataqxanasında Larrinin otağını GOOGLE-un informasiya bazasının mərkəzi kimi istifadə etməyə başlayırlar.

Ilk olaraq onlar Yahoo şirkətinin qurucusu Devid Filoya müraciət edirlər. Filo onların yeni texnologiyasının əhəmiyyətini təqdir edir. Lakin dostların Devidden yardım almaq planları baş tutmur. Digər internet portallarının rəhbərləri ilə də danışıqlar nəticəsiz qalır. Bu uğursuz səylərdən sonra Sergey və Larri öz bizneslərini qurmaq qərarına gəlirlər. Bunun üçün müəyyən sərmayə tələb olunurdu. Onlar tezliklə biznes plan hazırlayırlar

İlk müraciət etdikləri şəxs Sun Microsystems şirkətinin qurucusu olan Endi Bextolşaym olur. O, uzaqgörən olduğundan GOOGLE sisteminin gələcəyi və perspektivləri onda ciddi təəssürat oyadır. O, dərhal GOOGLE.İnc şirkətinin adına 100 min ABŞ dolları məbləğində çek yazır. Ancaq GOOGLE.İnc adlı şirkət mövcud deyildi. Sergeylə Larrinin ilk işi bu şirkəti qeydiyyatdan keçirmək olur. Daha sonralar onlar öz qohum, dost və tanışları arasında investor arayışların davam etdirərək 1 milyon dollara yaxın pul tapmağa nail olurlar.

1998-ci ildə GOOGLE.İnc şirkəti rəsmi şəkildə fəaliyyət göstərməyə başlayır. Şirkətin qapıları məsafədən idarə olunan pultla açılıb bağlanırdı. Çünki GOOGLE-in ofisi adi bir qarajda yerləşirdi. Şirkətə cəlb olunan ilk əməkdaş- hal-hazırda şirkətin texnologiyalar üzrə direktoru Kreyq Silversteynin maşını bu qarajda saxlanılırdı. Getdikcə böyüməyə başlayan Google 1999-cu ildə qarajı tərk edib ciddi bir ofisdə fəaliyyətini davam etdirməyə başladı. Googlenin artıq 8 əməkdaşı var idi. Serverləri isə gündəlik 500 min sorğu qəbul edirdi. Şirkətin xidmətlərinə də maraq artmağa başladı. Google-ın birinci müştərisi linux sistemləri üzrə ixtisaslaşmış RedHat şirkəti oldu.

GOOGLE-nın fəaliyyətləri artıq 140 mindən artıq server vasitəsi ilə aparılmaqdadır. Onun təqdim etdiyi xidmətlər 101 dilə, eyni zamanda Azərbaycan dilinə tərcümə edilmişdir. Yahoo və MSN kimi məşhur internet portalları pulsuz e-poçt xidməti üçün sadəcə bir neçə meqabayt sahə təklif edərkən, GOOGLE 2004-cü ildə hamını heyrətə gətirərək, təqdim etdiyi Gmail adlanan pulsuz e-poçt xidməti ilə bu sahəni birdən-birə 1 Gbyte-a yüksəltdi və bu e-mail sahəsinin günbəgün artacağını bəyan etdi. Hal-hazirda Gmailin istifadə sahəsi artıq 3GByte-ı keçmişdir.

GOOGLE tərəfindən təqdim edilən GOOGLE Earth proqramı vasitəsilə internet istifadəçiləri kompyuterlərin arxasında oturaraq dünyanın istənilən nöqtəsinin peyk vasitəsilə yaxından çəkilmiş detallı fotoşəkillərini seyr edə bilərlər. Artıq bir çox dövlətlər ərazilərindəki hərbi və məxfi obyektləri ifşa etdiyi üçün bu proqramın qadağan olunmasını tələb etmişdir. Bu yaxınlarda video faylların online şəkildə izlənməsinə imkan verən YouTube.com saytını 1 milyard 650 milyon dollara alması ilə, GOOGLE, öz ətrafındakı heyrət dairəsini daha da genişlətmiş oldu.

Keçən il üçün GOOGLE-un illik gəliri 4.6 milyard ABŞ dolları olmuşdur. Forbes jurnalı 2006-cı il üçün elan etdiyi dünyanın ən varlı adamları siyahısında GOOGLE şirkətinin qurucuları Larri Peycin və Sergey Brinin də adları var. Onların hər biri 14 milyard dollar sərvətə malikdirlər. GOOGLE 2006-cı ildə ABŞ-ın ən yaxşı iş yeri titulunu almışdır. Hal-hazırda GOOGLE-un ofisinin dəyəri 319 milyon ABŞ dolları təşkil edir. Burada şirkət işçiləri üçün bir sıra xidmətlər: idman və əyləncə meydançaları, camaşırxana, kimyəvi təmizləmə, avtomobil servisi, spa mərkəzi, üzgüçülük hovuzları, yüksək keyfiyyətli nahar, masaj və pulsuz tibbi xidmətlər təqdim olunur.

Analitiklərin fikrincə, GOOGLE hələki öz potensialından və resurslarından tam şəkildə istifadə etmir. Bu şirkətin sonu görünməyən layihələrinin və uğurlarının hara kimi gedəcəyini indidən təsəvvür etmək çox çətindir. Son olaraq, yaxın keçmişdə GOOGLE möcüzəsinə ev sahibliyi etmiş məşhur qarajın artıq köhnə kirayişinləri- Larri Peyc və Sergey Brin tərəfindən alındığını bildirmək istərdim. Dostların bir zamanlar kirayə üçün aylıq 1700 dollar ödədikləri bu qarajı hansı məbləğə aldıqları isə açıqlanmır. Qaraj minlərlə turist tərəfindən ziyarət edilir. Çox maraqlıdır ki, Sergey və Larri xəbər agentliklərindən bu qarajın ünvanını gizli tutmağı xahiş etsələr də, özlərini qurduğu GOOGLE Earth axtarış sistemi ilə bu qarajın da ünvanını asanlıqla tapmaq mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.