Baş-ayaq statistika özünü təkzib edir

24 Ocak 2017
1 138
0
Baş-ayaq statistika özünü təkzib edir
1,5 milyon qaçqın-köçkünü olan ölkədə yoxsulluq niyə 5 faizdir?
Azərbaycanda 15 və daha yuxarı yaşda olan kişilər arasında siqaret çəkənlərin göstəricisi 35,5 faizdir. Bunu Dövlət Statistika Komitəsi 2015-ci ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən müəyyənləşdirib. Tədqiqatın nəticələrinə görə, siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır. Siqaret çəkənlərin 15,2 faizi 20-44, 24,1 faizi 45-64 yaşlı, 16,6 faizi isə yaşı 65-dən çox olan kişilərdir. Yaş qrupları üzrə qadınların siqaret çəkmə göstəricisi qeyd edilməyib. Bununla belə bildirilib ki, siqaret çəkən qadınlar gündə orta hesabla 20, kişilər 15,9 ədəd siqaret çəkirlər. Ümumilkdə 15 yaşdan yuxarı əhalinin 17 faizi siqaret çəkir. Göründüyü kimi, qadınların hesabına faiz nisbəti iki dəfə aşağı düşür.

100 nəfərdən 35-i siqaret çəkir, onların da cəmi 2-si xəstədir


Elə həmin statistikaya görə, kişilərin 29.4 faizi idman edir. Yəni idmanla məşğul olanların sayı siqaret çəkənlərdən azdır. Qadınların da 10,9 faizi idmanla məşğul olur. Bununla əlaqəli başqa bir maraqlı statistika da var. Ev təsərrüfatları üzvlərinin sağlamlıq vəziyyətinin xarakteristikasında sağlamlığını “yaxşı” qiymətləndirənlərin sayı nə az nə çox, düz 78.3 faizdir. 19.6 faiz sağlamlığı üçün “qənaətbəxş” deyib. Cəmi 2.2 faiz şikayətlidir və sağlamlığını “pis” kimi qiymətləndirib. Kişilərin 81.1 faizi səhəttinin “yaxşı” olduğunu deyib. 17 faiz “qənaətbəxş”, 1,9 faiz isə “pis” qiymətləndirib. Qadınların 75.7 faizi sağlamlığını “yaxşı”, 21.9 faizi “qənaətbəxş”, 2.4-i də “pis” kimi dəyərləndirib. 35.5 faiz siqaret çəkən kişilərin sağlam olmağı 100 faizdə necə ola bilər ki, 80 faiz təşkil etsin? O zaman siqaretin iddia edildiyi kimi səhəttə zərəri yoxmuş. Hələ biz sağlamlığını “qənaətbəxş” qiymətləndirənləri demirik. “Qənaətbəxş” o deməkdir ki, şikayətləri yoxdur. Yəni yaxşıya bərabərdir. Qadınların heç 10 faizi siqaret çəkmir, amma onların 97.6 faizi sağlamlığını yaxşı və qənaətbəxş dəyərləndirib, 2.4 faiz isə səhəttindən şikayətçidir. Belə çıxır ki, kişili-qadınlı, cəmi 4,3 faiz səhəttindən şikayətçidir, 95,7 faiz “top” kimidir. Təsəvvür edin 100 nəfərdən 35-i siqaret çəkir, amma onun yalnız 2-si səhəttindən şikayətlidir, qalanlar sapsağlamdır. İdeallığa yaxın rəqəmdir. Heç inkişaf etmiş qərb ölkələrində vəziyyət belə deyil.

Hər 3 kişidən biri siqaret aludəçisidir

Lakin,reallıq bunun əksini deyir. Təxmini hesablamalara görə, ölkə əhalisinin hər 3 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Elə müşahidələr də bunun gerçəkdən çox da uzaq olmadığını göstərir. Sübut üçün əlinizdə bir kamera şəhəri gəzə bilərsiz. 3 kişidən birinin əlində, ya da damağında siqaret var. Ən çox da siqaret çəkən boş-bekar gənclərin sayı artıb. Dünyada hər 5 ölümdən biri siqaret çəkməkdən baş verir. Bir ədəd siqaret, insan həyatını 11 dəqiqə azaldır. Siqaretin tərkibində 470 ədəd kimyəvi maddə vardır ki, bunun da 69 ədədinin xərçəng hüceyrələrini bədəndə aktivləşdirdiyi elm tərəfindən müəyyən edilib. Yaratdığı fəsadları isə saymaqla qurtarmır. Amma statistikadan görünən odur ki, bizdə əksinədir, siqaret insanların sağlamlığına “xidmət” edirmiş.

Keçən il ölkədə yaşayan əhalinin 10 faizi təcili yardıma “düşüb”


Ötən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 36 min çoxdur. Bunu da stansiyanın baş həkiminin müavini İradə Əliyeva qurumun illik hesabatına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, müraciət edənlərin 63 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən artıqdır. Onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən çox olub. Müavin qeyd edib ki, avtoqəza zamanı xəsarət alanların sayı 2 420 nəfər təşkil edib. 2016-cı ildə avtoqəza nəticəsində xəsarət alanların sayı 2015-ci illə müqayisədə 500 nəfər azalıb. Deməli artımda yer alan bu qədər insan müxtəlif xəstəliklər səbəbindən təcili yardıma müraciət edib. O əlavə edib ki, stansiyaya müraciətlər daha çox qəfil yaranan xəstəliklər, əsas da ürək qan-damar xəstəliyi ilə bağlı olub. Miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın, insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950, doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290, avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya edilənlərin sayı isə 2125-dən artıq olub. Uşaqlar arasında hərarət və qıc olmalara görə müraciətlər çoxluq təşkil edir. Bəzi məlumatlara görə, 3 milyona yaxın insan ölkədən kənarda yaşayıb-işləyir. Deyək ki, hazırda 7 milyon civarında əhali ölkədədir. Elə 680 min xəstə bu əhalinin 10 faizidir.

27 il əvvəl 1,7 milyon xətə vardısa, indi onların sayı 1,8 milyondur


Nəzərə alaq ki, xəstələlənənlərin hamısı təcili yardıma müraciət etmir, daim getdikləri xəstəxana və hospitallar var. Statistik göstəricilər də hər il müxtəlif xəstəliklərin durmadan artdığını deməyə əsas verir. Belə ki, Komitənin məluat bazasında xəstəlik sinifləri üzrə əhalinin xəstələnməsi (ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələr, bütün xəstəliklər üzrə) 1990-cı ildə 1 731 754 olub. 2015-ci ildə bu say 1 824 086 təşkil edib. Bu isə ölkədə yaşayan ümumi əhalinin az qala üçdə biridir. Xəstəliklər azalmaq əvəzinə artıb. Bir sıra xəstəliklər dəfələrlə çoxalıb. Misal üçün, qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntuları o dövrdə 12 021 idisə, ən son 64 078-dir. Artım 5,3 dəfədir. Yenitörəmələr 7 765-dən 11 118-ə qalxıb. Təsadüfən aşkarlanan bu xəstəliklərin sayının deyilən rəqəmin qat-qat üstündə olduğu güman edilir. Qan dövranı sisteminin xəstəlikləri 64 306-dan 134 225-ə qədər çoxalıb. Artım 2 dəfədən çoxdur. Həzm sisteminin xəstəlikləri 85 114-dən 156 197-yə çatıb. Iki dəfəyə yaxın çoxalıb. Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları 25 159 qeydə alınmışdısa iki dəfə artaraq 53 371 olub. Halbuki bu müddətdə səhiyyəyə ayrılan pullar dəfələrlə çoxalıb. Azərbaycan səhiyyəsinə hər il büdcədən birbaşa 1 milyarddan çox vəsait ayrılır. Təkcə keçən il 1,5 milyard manatın üzərində olan bir məbləğdən söhbət gedir. Sağlamlıq statistikasına baxılsa, səhiyyəyə ayrılan pulları azaltmaq zərurəti yaranır.

Kişilərin 61, qadınların 54 faizi işsizdir, status alanlar 33 mindir

Bizdə bu cür gülünc rəqəmlər çoxdur. Əhalinin cins-yaş üzrə iqtisadi fəallığı üzrə rəsmi statistikaya nəzər salaq. Ölkə üzrə işləyənlər və iş yeri olan kişilər 60,8 faiz, işsizlər 46,4 faiz, işləyən qadınlar 39,2 faiz, işləməyənlər isə 53,6 faiz təşkil edir. Amma hər il cəmi 30 min civarında insan işsizlik statusu alır, onun da beşdə biri işsizlik müavinəti ala, ya da almaya. 2016-cı il dekabrın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə işsiz statusu verilmiş şəxslərin sayı 33 421, işsizlik müavinəti alanların sayı isə 2 935 nəfərdir.

Üçüncü nəsil köçkün doğulub, amma statistika dəyişmir


Rəsmi deyilənə görə ölkədə yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enib. Bu göstərici ilə nə beynəlxalq təşkilatlar razılaşır, nə də yerli ekspertlər. Müstəqil araşdırmalar da yoxsulluq həddinin bu rəqəmin qat-qat üstündə olduğunu deməyə əsas verir. Təkcə bir misal məlumatı alt-üst edir. Biz deyirik ki, ölkədə bir milyon qaçqın-köçkün var. 25 ildir bu rəqəm dəyişmir. Halbuki, bu illər ərzində artıq üçüncü nəsil köçkün dünyaya gəlib. Yəni, 20-25 il əvvəl köçkünlükdə doğulanların indi özlərinin uşaqları var. Bunu müşahidələrə əsasən yazırıq, ortada hər hansı rəsmi statistika yoxdur. O hesabla say 1,5 milyon civarındadır və avtomatik yoxsul sayılırlar. Nə olsun ki, “Qaçqınkom” onların bir hissəsini müvəqqəti mənzillərdə məskunlaşdırıb. Əmlak onların sayılmır, dövlətin balansındadır. Çünki, həmin mənzilləri satmaq ixtiyarları yoxdur. Bu, eyni zamanda mənzili olanın yoxsul olmadığı anlamına da gəlməməlidir. Əhalinin sayı 9,8 milyondur. 1,5 milyon qaçqın-köçkün ümumi əhalinin 15,3 faizini təşkil edir. Deməli, avtomatik bu qədər insan yoxsuldur. Amma yoxsullar təkcə qaçqın-köçkünlərdən ibarət deyil. Hökumətin etiraf etdiyi 4,9 faiz yoxsulu da bunun üzərinə gəlsək 20 faiz civarında bir yoxsulluq səviyyəsi rəsmən ortaya çıxır.

80 faiz qazancımız yeməyə gedir, hamımız yoxsul sayılırıq


Azərbaycanda əhalinin istehlak xərcləri əhəmiyyətli dərəcədə artıb. “Statkom”un məlumatına görə, yola saldığımız ilin yanvar-noyabr aylarında gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,9%-i isə yığıma yönəldilib. Beynəlxalq standartlarda gəlirinin 50 faizindən çoxunu istehlaka xərcləyən insanlar kasıb sayılır.

Adama elə gəlir ki, bu rəqəmləri kimsə kabinetdə əyləşib göyə baxaraq yazır. Başqa nə cür ola bilər ki?!
Bizimyol
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.