Azərbaycan – Türkiyə Dostluğu.
Regionumuzda sülhün, təhlükəsizliyin daimi olması, sürətli inkişafın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşması, qarşılıqlı regional münasibətlər sisteminin möhkəm təməllər üzərində davam etdirilməsi üçün Türkiyə — Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə malikdir. XX əsrin əvvəllərində məhz Türkiyə ilə Azərbaycan həmrəyliyi Bakını düşmən işğalından azad etmişdir. 1918-ci ildə dünya xalqları öz ölkəsini təhlükə qarşısında qoyaraq Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş müzəffər Türk Ordusunun qətiyyətli yürüşünü təəccüblə izlədi. Şanlı zəfərlə başa çatan bu yürüş qardaşlığın, birliyin şərəfli salnaməsinə çevrilərək tarixə qızıl hərflərlə yazıldı. Bu, qardaşın qardaşa köməyi, vəfa borcu idi. Təbii ki, Azərbaycan da qardaşını darda qoymamış, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşı qələbə ilə sona çatanadək hər ay Bakıdan yüzlərlə vaqon neft və benzin, onlarla vaqon maye qaz göndərilmişdir. Türkiyə ilə Azərbaycanı “Bir millət, iki dövlət” adlandıran türk dünyasının böyük oğlu hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olduğu 1992-ci ildə Türkiyə rəhbərliyi ilə birlikdə Qars müqaviləsini yenidən imzalamış, blokada şəraitində yaşayan qədim diyarın qardaş ölkə ilə 11 kilometrlik hissəsində, Araz çayı üzərində “Həsrət” və “Ümid” körpüsü adlandırılan keçid məntəqəsinin istifadəyə verilməsini təmin etmiş, bununla Naxçıvanı saysız-hesabsız çətinliklərdən xilas etmişdir. Ümummilli liderimizin xeyir-duası ilə Türkiyənin ilk təhsil müəssisəsi - Naxçıvan Türk Liseyi fəaliyyətə başlamış, “Zaman” qəzetinin Azərbaycana ilk gəlişi burada baş tutmuşdur. Azərbaycan və Türkiyəni biri-birinə bağlayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu da ulu öndər Heydər Əliyevin əsərləridir. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının davam etdirilməsi üçün hətta maliyyə imkanları ölkəmizdən zəif olan Gürcüstana kredit ayrılması barədə tapşırıqlar verdi. Ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənəd - Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalandı. Azərbaycan çox mühüm bir təşəbbüs göstərərək, Trans-Anadolu qaz boru kəməri layihəsinin reallaşdırılması təklifi ilə çıxış etdi. Qüdrətli Türkiyə ilə gündən-günə güclənən Azərbaycan birlikdə bu layihənin həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən müqaviləni imzalamaqla, gələcəkdə Avropa ölkələrini, necə deyərlər, böyük bir problemdən xilas etmiş oldular. Bəli, tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan – Türkiyə qardaşlığı daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda əmin-amanlığın qarantına çevrilir. Bu isə belə deməyə əsas verir ki, bu mövzu daim tədqiqatçıların, siyasətşünasların diqqət mərkəzində olacaq. Mənbə: “Xalq qəzeti”.
Bu mövzudan irəli gələrək, mən də düşündüm ki, sizlərə istedadlı bir müğənnimiz olan Elton Hüseynəliyevin ifasında 2008-ci ildə Türkiyədə bir müsabiqədə canlı ifa etdiyi “Sizə Salam Gətirmişəm” mahnısını təqdim edim. Buyurun dinləyin, zövq alın...
Bu mövzudan irəli gələrək, mən də düşündüm ki, sizlərə istedadlı bir müğənnimiz olan Elton Hüseynəliyevin ifasında 2008-ci ildə Türkiyədə bir müsabiqədə canlı ifa etdiyi “Sizə Salam Gətirmişəm” mahnısını təqdim edim. Buyurun dinləyin, zövq alın...