Ailələrimiz niyə dağılır? (3-cü məqalə)

16 Aralık 2014
1 831
0
Ailələrimiz niyə dağılır? (3-cü məqalə)
Ailələrimiz niyə dağılır? (3-cü məqalə)

8. Övladın olmaması və sonsuzluq da bir çox hallarda ailələrin dağılmasına səbəb olur. Bunun qarşısını almaq üçün evlənmək istəyənlərin əvvəlcə tibbi müayinədən keçmələri də faydalı ola bilər. Nəzərə alaq ki, dinimiz bir qadının sonsuz olduğunu bilə-bilə onunla evlənməyi müsbət hesab etmir. Qərb ailələrindən fərqli olaraq, Şərq ailəsini üşaqsız təsəvvür etmək çətindir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, qiyamət günündə mən öz ümmətimin sayının çoxluğu ilə digər peyğəmbərlərin qarşısında fəxr edəcəyəm. Öz ərinə sağlam və nəcib övlad bəxş edən qadın İslamda yüksək qiymətləndirilir. Hətta tövsiyə edilir ki, kişi özünə həyat yoldaşı seçərkən, onun mənsub olduğu nəsildə qadınların oğul-uşaq sahibi olduğunu (yəni sonsuz olmadığını) araşdırsın.

Rəvayətə görə, bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Mən öz əmim qızı ilə evlənmək istəyirəm. Onun gözəllyindən də, dinindən də razıyam. Amma bir eybi var ki, sonsuzdur“. (Ola bilər ki, həmin qadın bundan əvvəl ərdə olmuş və sonsuzluğu aşkara çıxıbmış). Peyğəmbər ona məsləhət görür ki, əmisi qızı ilə evlənmək fikrindən daşınsın. Həzrət Əlinin (ə) Ümmül-bəninlə (Həzrət Abbasın anası ilə) evlənərkən əsas məqsədi bu olmuşdu ki, ona şücaətli oğullar bəxş edəcək bir qadınla ailə qursun. Bu məqsədlə qardaşı Əqilə müraciət etmiş, o da Bəni-Kilab qəbiləsindən Fatimə bint Hizamı məsləhət görmüşdü. Bu izdivacdan 4 oğul doğuldu ki, onların hamısı şücaətdə məşhur idilər və Kərbəlada şəhid oldular. Əlbəttə, əgər tərəflər arasında sevgi və bağlılıq kifayət qədər güclüdürsə, bu problem onlara mane olmaya bilər. Əgər sonsuzluğun səbəbi qadındırsa, alternativ variant kimi bu evliliyi saxlamaq şərti ilə kişinin başqa bir qadınla da evlənməsi mümkündür. Səbəb kişidədirsə, övladlığa uşaq götürməklə problemi qismən həll etmək olar.

9. Boşanmaya gətirib-çıxaran səbəblərdən biri bəzən kənar şəxslərin məsələyə müdaxiləsi olur. Kənar şəxslər küsülü ərlə arvadı barışdıra bildikləri kimi, mehriban ərlə arvadı bir-birindən ayıra da bilərlər; əgər onlar iradəcə zəif və tez təsirə düşəndirlərsə, bu daha asan olur. Çox vaxt oğlanın və ya qızın valideynləri bu cür mənfi rolda çıxış edirlər. Hətta oğlandan ev və ya əmlak almaq üçün öz qızını boşatdıran valideynlərə də təəssüf ki rast gəlirik. Dinimiz qaynana və qaynataya hörmətsizlik etməyə icazə vermədiyi kimi, qaynana və qaynatanın da öz səlahiyyətini aşmasına, gənclərin ailə məsələlərinə müdaxilə etməsinə haqq qazandırmır.

10. Bir çox hallarda boşanmalara səbəb xəyanət olur. Xəyanəti doğuran səbəblərin özü də diqqətli araşdırmaya ehtiyaclıdır. Bu sırada bəzi KİV-də və sosial şəbəkələrdə aparılan pozucu təbliğatın, feminist şüarların rolu xüsusi qeyd edilməlidir.

11. Nəhayət, elmi-texniki tərəqqinin də boşanmada müəyyən qədər mənfi rol oynadığını etiraf etməliyik. Bəzən tərəflərdən biri (ya kişi, ya da qadın) virtual dünyaya aludə olur, internetdə, sosial şəbəkələrdə vaxtını keçirir, nəticədə ailədən soyuyur. Qarşı tərəf buna etirazını bildirəndə isə kobudluqla qarşılaşır. Virtual aləmdə qurulan tanışlıqlar hətta xəyanətə kimi apara bilər. Ən azından, virtual dünyaya aludəlik real həyatdan və onun qayğılarından insanı uzaqlaşdırır, insan öz ailəsinə yetərincə diqqət yetirə bilmir. Bu isə arada soyuqluq yaradır. Məlumdur ki, ailə münasibətləri ardıcıl diqqət tələb edir. Bu diqqət və qayğı azalanda yerini soyuqluq, biganəlik, inciklik tutur. İnciklik daha da dərinləşəndə, qarşılıqlı münasibətlərdə ciddi problemlər yaranır.

Boşanmaların qarşısını almaq üçün ən səmərəli üsullar da boşanmaya aparıb-çıxaran yuxarıdakı səbəblərin yaranmasına yol verməməkdən ibarətdir.


Mənbə: islam.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.