Ərlərini intihara sürükləyən bədbəxt qadın: Dalidanın faciəvi həyat hekayəsi - FOTOLAR

01 Mart 2017
2 036
0
Ərlərini intihara sürükləyən bədbəxt qadın: Dalidanın faciəvi həyat hekayəsi - FOTOLAR
Dalida bütün fotolarda fərqli düşür: gah sadə sarafanlı gənc parisli qadın, gah təkəbbürlü şahzadə, gah da bədbəxtlik gətirən italyan divası, gah da şərq gözəli və ya zərif sadə qadın kimi... Belə müxtəlif cür görünmək yalnız nadir simaların sahiblərinə müyəssər olur. Bu, onun xoşuna gələrdi. Hətta mahnılarının birində o belə oxuyur: “Mən – bütün qadınlaram”.

Gəncliyində “Miss Misir” titulu daşıyan fransız müğənnisi, əslində, italiyalı idi.
Dalida Qahirədə doğulub. Atası italyan, anası isə fransız idi. Əsl adı İolanda Cilyottadır. Uşaqlıqda ağır göz xəstəliyi üzündən iki dəfə əməliyyat olunub. Bununla belə, Dalida ömür boyu azacıq göz çəpliyindən və baş ağrılarından əziyyət çəkib. Əməliyyat onu xəstəlikdən azad etsə də, görünüşündə ömürlük iz qoyub.
On altı yaşında gözəllik müsabiqəsində qalib gəldikdən sonra bir sıra filmlərdə çəkildi, maneken kimi çalışdı. Qahirənin ulduzuna çevrilən Dalidanın şöhrətpərəstliyi daha da artdı. Bir gün o, əşyalarını yığaraq Fransa paytaxtını fəth etməyə yollandı. Qardaşı və anası (atası 12 yaşında vəfat etmişdi – C.) Parisi əxlaqsızlıq yuvası hesab edir, Dalidanın oraya yollanmasının əleyhinə çıxırdılar. Amma Dalida ailə üzvlərinin sözünə qulaq asmadan Parisə üz tutdu.
Hələ Qahirə şəhərində ikən o, səhnə adını Dalila təxəllüsünə dəyişmişdi. Bu ad Bibliyadan gəlir, yazılır ki, Dalila ərinə ölüm gətirib...
Nəyə görə, bu ad xoşuna gəlirdi? Məlum deyil. Yəqin ki, mistika...

Parisdə isə adındakı “l” hərfini “d” hərfi ilə əvəzləyərək Dalida oldu. Lakin təxəllüs dəyişsə də, məzmun eyni idi: Dalida, həqiqətən də, hər üç ərini intihara apardı...
Dalida aktrisa karyerasını davam etməyi düşünürdü. Lakin şərait düşdükcə oxuyurdu da. Professor Rolan Berje onda gələcəyin ulduzunu görürdü. Gənc qız ondan dərs alardı. Dalida üçün hər bir qapı açıq idi. Lakin şöhrətpərəstlik qıza dinclik vermirdi! O, fransız radio stansiyasında yenicə oxumağa başlayanların müsabiqəsində iştirak etməyə qərar verir. Xoşbəxtlikdən, onun dinləyiciləri arasında radio stansiyanın direktoru Lüsyen Morris də olur. Dalida dərhal səsyazma studiyası ilə müqavilə imzalayır. Lüsyen Morris ona görə ailəsini ataraq, özünün faciəvi ölümünə qədər Dalidanın yanında duracaq sadiq dosta çevrilir.
Onlar birgə çox çalışır, lakin istədikləri zirvəni fəth edə bilmirdilər. Lüsyen Dalidanın ətrafdakı insanların sezə bilmədiyi xarizmaya malik olduğunu görürdü. Morris çox inadcıl idi...

Nəhayət ki, “Bambino” doğuldu. Dalida məhz Lüsyen Morrisin bu mahnısının sayəsində “yarandı”. Pərəstişkarların sayı dayanmadan artmağa başlayırdı. Bununla belə, Dalida tənqidçilərin də hədəfindən yayına bilmirdi: “Həddindən artıq bəzənib, çox qəmzəlidir... Bərbad zövq, pis nümunə... Çox kökdür...”
Sonuncu irad Dalidaya pis təsir etdi və o, çəkisini atmağa başlayır. O, 168 santimetr boyu ilə 51 kiloqrama düşür.
Şöhrət, pərəstişkarlar, sevgililər... Hətta Edit Piaf özü belə onun istedadını yüksək qiymətləndirərdi. 1961-ci ildə – 5 il nişanlı qaldıqdan sonra – o, Lüsyen Morrisə ərə gedir. Lakin ərə gedənədək Dalida ona qarşı yalnız dost kimi yanaşırdı, göstərdiyi köməyə görə ona minnətdar idi. Dalida nişanlı qaldığı ilk aylarında polyak əsilli rəssam Jan Sobeski ilə tanış olub, on beş yaşlı qızın məhəbbəti ilə ona vurulur. Amma Jan tezliklə Dalidanı tərk edir. Jan yeganə kişi idi ki, Dalidanı tərk edib getdi və sağ qaldı...

Dalida başını işlə qarışdırır və nəyisə dəyişməyə çalışırdı. Nəhayət, o, sarışına “çevrildi”. Yeni görkəmi Dalidanın elə xoşuna gəldi ki, sarı saç rəngini ömrünün sonuna kimi saxlayır.

Lüsyenlə boşandıqdan sonra bir çoxları ondan üz döndərdilər. Və ilk növbədə Morris özü ondan üz çevirdi. Keçmiş əri radioda onun ən pis mahnılarını səsləndirərdi. Dalida yalnız verdiyi zəfər konsertindən sonra publikanın sevgisini geri qaytara bildi.

1962-ci ildə Dalida Monmartrda ev aldı. Bu, tarixi binada Lui-Ferdinand Selin “Gecənin sonuna səyahət” adlı romanını bitirmişdi. Ən pisi isə odur ki, Dalida da öz səyahətini bu binada başa vuracaq... Hələlik isə, o, tvist və rok-n-rol janrında mahnılarını ifa etməyə davam edirdi.

Dalida fransızların sevimlisi idi. Axı Edit Piaf 1963-cü ildə vəfat etmişdi, Mirey Matye hələ peyda olmamışdı, Qloriya Lasso isə Fransanı tərk edərək getmişdi.
1966-cı ildə Dalida yenidən aşiq oldu. Onun budəfəki seçimi italiyalı bəstəkar Luici Tenko idi. Yeni sevgilisi Dalidaya 1967-ci ildə San-Remo festivalında duetlə çıxış etməyi təklif etdi. Lakin duet alınmır. Parisə qayıdan şöhrətpərəst Luici özünü güllələyir... Görünür, o, həyatdan çox şey tələb edib, sonda uğursuzluğa düçar olan insanlardan idi. Dalida isə bütün bunları görə bilmirdi, çünki o sevirdi. Sevirdisə, demək, kor idi. Məsələn, Dalida onunla yaşayaraq Teskonun hansısa bir qadına “ilişdiyini” görmürdü, sevgilisini həmin qadına məktub yazdığını da bilmirdi. Tesko özü söz-söhbətlərlə bağlı belə deyirdi. “O, əxlaqsızdır, avam nevrastenik qadındır. Özümə bağışlaya bilmirəm ki, ona ilişmişəm! Hər şey bitdikdən sonra səninlə çıxıb gedəcəyik...”. Xoşbəxtlikdən, həmin məktub Dalidanın ölümündən sonra yayıldı...
Teskonun intiharından sonra Dalida depressiyaya düşdü. O, hətta intihara da cəhd etdi. Onu möcüzə sayəsində həyata qaytarmaq mümkün oldu. Lakin koma onda ciddi fəsadlar yaratdı: yaddaşı pozuldu və o, kar oldu. Əlində başlayan nekroz xəstəliyinə görə Dalida dəri köçürülməsi üçün bir neçə dəfə əməliyyat keçirdi. Həmin vaxtlarda onu Morris xilas edirdi. O, bir addım da olsun, Dalidanı tərk etmirdi. Morris özü isə 1970-ci ildə intihar etdi.

Dalida bir neçə ay çıxış etmədi. Həyatının daha çox hissəsini daxili axtarışlara sərf etdi. İndi o, dərin və fəlsəfi mahnılar ifa etməyə başlamışdı.
Növbəti uğur 1971-ci ildə gəldi. Bu dövrdə Dalidanın homoseksualizm mövzusunun qaldırıldığı ən məşhur mahnısı “Tənhalıqda yaşamamaq üçün” doğuldu. “Mavilər” cəmiyyəti 70-ci illərdə göstərilən diqqətə görə ona minnətdar idi.

Həyat öz axarı ilə davam edirdi. Dalida qraf Rişar Şamfre ilə tanış oldu. O, Rişarla bir neçə il xoşbəxt yaşadı. Xoşbəxt günlər Rişar bir oğlanı qarətçi bilib ona atəş açdığı vaxta qədər davam etdi. Oğlan sağ qaldı, lakin Rişar həbsxanaya düşdü. Həbsxanadan çıxdıqdan sonra o, arvadının yanına qayıtmadı. Dalida isə buvaxtadək artıq Alen Delonla birgə “Sözlər, sözlər” adlı məşhur mahnısını oxumuşdu. Mahnının fransız versiyası İtaliyanı da fəth etmişdi.
1974-cü ildə müğənni şöhrətinin zirvəsində idi və o, sərhədlərdən də kənarda tanınırdı.

Lakin 1983-cü ildə yenidən bədbəxtlik baş verdi. Rişar Şamfre intihar etdi. Bu xəbər Dalidanı şoka saldı. Axı bu, Dalidanın artıq üçüncü sevgilisi idi ki, intihar edirdi. Müğənni taqətdən düşmüş və ümidsizliyə qapılmışdı.

1984-cü ildə “İdeal Dalida” şousunun çəkilişləri bitdikdən sonra o, elan etdi: “Bu, mənim vəsiyyətnaməm olacaq”. Vaxtında bu sözləri heç kim ciddiyə almadı. Hədsiz acgözlükdə günahlandırıldıqdan sonra Dalida çıxışlarının sayını azaltdı. Əslində isə, o, həm mənəvi, həm də fiziki cəhətdən özünü pis hiss edirdi. Dalida yenidən əməliyyat stoluna uzandı. Bu dəfə onun görmə qabiliyyəti düzəldi...

1986-cı ildə Dalidanın “Sevginin üzü” adlı sonuncu diski çıxdı. Dalida bu ifadəni təkrarlamağı sevərdi: “Əgər xoşbəxtlyini saxlamaq istəyirsənsə, onu gizlət”. O, tənhalıqdan əziyyət çəkir və gələcəyini qaranlıq görürdü. Övladı da yox idi. Düşünürdü ki, bundan sonra qadın kimi hər hansı xoşbəxtliyə sahib olmayacaq. Dalida ömrünün son həftələrini tənhalıqda keçirməklə başa vururdu. Dostlarının sözlərinə görə, son vaxtlarda Dalida onlara zəng vuraraq yalvarırdı ki, onu tək qoymasınlar.
Ölüm onu hər yerdə izləyirdi. Dalida 1967-ci ildən bəri qoyduğu qərarı, nəhayət ki, 1987-ci ilə yerinə yetirir...

“Mənim həyatım dözülməzdir. Bağışlayın”. Bu, onun son sözləri idi. 2000 mahnı, 120 milyon val buraxdıran Dalida 1987-ci il mayın 3-də intihar etdi. Bu zaman onun cəmi 54 yaşı vardı.

Dalidanın ifa etdiyi mahnılarının birində belə deyilir:
Vaxt keçdikcə hər şey unudulur. Üz, saç
və bir daha döyünməyən qəlb unudulur.
Axtarışları davam etdirməyin mənası yoxdur,
Qoy hər şey öz axarı ilə getsin...
O, Janna d’Ark və Sara Bernardan sonra Parisdə heykəli qoyulan üçüncü qadın idi.

Ərlərini intihara sürükləyən bədbəxt qadın: Dalidanın faciəvi həyat hekayəsi - FOTOLAR

Ərlərini intihara sürükləyən bədbəxt qadın: Dalidanın faciəvi həyat hekayəsi - FOTOLAR

Ərlərini intihara sürükləyən bədbəxt qadın: Dalidanın faciəvi həyat hekayəsi - FOTOLAR

Ərlərini intihara sürükləyən bədbəxt qadın: Dalidanın faciəvi həyat hekayəsi - FOTOLAR

Ərlərini intihara sürükləyən bədbəxt qadın: Dalidanın faciəvi həyat hekayəsi - FOTOLAR

Ərlərini intihara sürükləyən bədbəxt qadın: Dalidanın faciəvi həyat hekayəsi - FOTOLAR

Tərcümə: Camalə
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.