Xoşbəxtliyin Riyazi Formulu

23 Ekim 2016
1 685
0
Xoşbəxtliyin Riyazi Formulu
İnsanların xoşbəxtlik məsələsinə baxışları fərqlidir. Hər kəs xoşbəxt olmaq üçün nələrin gərək olduğu və bu gərəklərin hansının daha vacib olduğu barədə görüşlərə sahibdir. Özü də, belə görüşlər sabit deyil, yaş ötüşündən və hətta ruh hallarından asılı olaraq dəyişir.
Müxtəlif ölkələrdən olan tədqiqatçılar son illər ərzində on minlərlə adamların fikirlərini, həyatını öyrənməklə bir sıra ümumi nəticələrə gəlmişlər. Əsas nəticə budur ki, insanların özünü xoşbəxt sanması üçün hansısa amillərin birgə mövcudluğuna ehtiyac vardır. Özünü xoşbəxt sayan və saymayan zəngin adamların fikirlərini öyrənməklə müəyyən edilib ki, adətən xoşbəxtliyə açar sayılan çoxlu pul, sağlamlıq və s. məlum amillər heç də həmişə adamların özünü xoşbəxt sanmasına təminat vermir.

Amerikalı psixoloq Martin Selinqman zəruri amilləri üç qrupda ümumiləşdirərək, onların faiz nisbətlərini təyin edən formul düzəldib. Formul belədir:

X = G + M + N
X – xoşbəxtlik; G – genetika (təqribən 50%); M – mühit (8-15%); N – nəzarət (35-42%)

Genetika – insanın xoşbəxtlik potensialı onun genomunda qabaqcadan prorqamlaşır. Selinqmanın fikrincə təqribən 50 faiz. O deməkdir ki, yeni mayalanmış insan ziqotunun genetik materialını tamamən inclələmək mümkün olsa, əvvəlcədən demək olar: bu ziqot necə bir insan doğuracaq, onun xarici görkəmi, şəxsiyyət tipi, temperamenti, xarakteri və s. əlamətləri necə olacaq. O cümlədən, gələcək bu insanı həyatında nələr xoşbəxt edə bilər. Başqa sözlə, təbiət insana xoşbəxt olmaq üçün baza verir, məsələnin 50 faizini qabaqcadan həll edir, qalan 50 faiz digər iki amildən asılı olur.

Mühit – insan ziqotunun ana bətnində inkişafından tutmuş ölüm anınadək içindən keçdiyi bütün prosesləri nəzərdə tutur. Doğulduğu ərazinin təbiəti, iqlimi, ailənin sosial/maddi vəziyyəti, valideynlərin kimliyi, məhəllə, məktəb, iş və sair. Orta statistik mühit faktoruna 8-15 faiz yer ayrılır, amma rəqəmin kiçik olması az əhəmiyyətdən xəbər vermir. Mühit insanı kamil şəxsiyyətə də, cinayətkara da çevirə bilər. Yaxud, imkanlı ailədə doğulmaq daha şanslı olmaq deməkdir, amma başqa zəruri şərtlər olmasa, ailənin var-dövləti fərdin bədbəxt olmasına yol açar. Yaxud, təhsilli valideynlər övlad üçün bir şansdır, amma onun təhsilə meyl edəcəyinə birmənalı zəmanət deyil, bunun üçün yaxşı məktəb, dostluq çevrəsi və s. şərtlər də lazımdır.

Qeyd: Orta statistik mühit – fərdin doğulub böyüdüyü ölkə, bölgə, şəhər və s. üçün normal sayıla bilən hədləri nəzərdə tutur. Mühit normal sayılacaq çərçivədə deyilsə, faciəvi spesifikaya malikdirsə, fərddən asılı olan heç nə saxlamırsa, formul işləmir.

Nəzarət – insanın mühitdə nələrisə öz xeyrinə dəyişə bilmək qabiliyyətini, imkanlarını nəzərdə tutur. Bu amilə 35-42 faiz yer ayrılır. O deməkdir ki, orta statistik mühitdə hər bir insanın öz xoşbəxtliyinə töhvə vermək, habelə onu bədbəxt edəcək hallardan uzaq durmaq üçün xeyli imkanları var. Birinci amili də nəzərə alsaq, xoşbəxt ola bilmək üçün 85-92 faiz arası şans deməkdir.
____________________


Mövzu üçün, dünya statistikasından bəzi rəqəmlərə baxaq:


· dünya əhalisinin 89 faizi heteroseksual, 11 faizi homoseksualdır. Homoseksualların dünyanın əksər ölkələrində hansı basqılar altında olduğu məlumdur;
· sərvətlərin (pul, əmlak, torpaq və s.) 59 faizi dünya əhalisinin 6 faizinə məxsusdur;
· dünya əhalisinin 80 faizi kasıblıq və yoxsulluq hədlərində yaşayır;
· 70 faiz insan normal təhsil almaq imkanına sahib deyil; yetkin yaşlı 25 faiz insan yazıb-oxumaq bacarmır;
· 50 faiz insan normal qidalanmaq imkanına sahib deyil;
· bir tək Hindistanda şəxsi hamam-tualeti olmayan insanların sayı 700 milyondan çoxdur. Bu, dünya əhalisinin 10 faizi deməkdir;
· müvafiq beynəxlaq qurumun məlumatına görə, dünyada 27 milyon insan kölə vəziyyətindədir. Hərçənd, ixtiyarı öz əlində olmayan insanların sayı bundan qat-qat çoxdur;
· qəza, yoluxucu xətəlik, hərbi əməliyyat və s. bu kimi səbəblərdən hər gün on minlərlə insan vaxtsız ölür;
· dünya əhalisinin 7 faiz qədəri mütəmadi hərbi əməliyyatlar, terror, yoluxucu xəstəlik, təbii fəlakət qorxusu altında yaşayır;
· 3 milyard insan öz əqidəsinə, etiqadına, dünyagörüşünə görə təqib olunmaq təhlükəsindən azad deyil;
· şəxsi mənzili, geyimləri, soyuducuda ərzaq ehtiyatı olan adam dünyanın 75 faiz əhalisindən varlı deməkdir;
· bank hesabı və orda az-çox pulu olan adam dünya əhalisinin 8 faizini təşkil edən üst maliyyə təbəqəsinə aiddir.


Bu rəqəmlər qeyd olunan kateqoriyara daxil insanların özünü bədbəxt sanmasına birmənalı işarə etmir. Savadsız, təhsil almaq imkanı olmayan, şəxsi mənzili olmayan və s. hallarda da insanlar özlərini xoşbəxt sana bilərlər. Müvafiq ölkələrdə aparılan sosial sorğular, araşdırmalar bunu təsdiq edir.

Vaxtaşırı olaraq dünya təşilatları "Dünyanın xoşbəxt ölkələri" siyahısı tərtib edirlər. 2014-cü il üçün Gallup təşkilatının 143 ölkə üzrə təşkil etdiyi siyahıda Azərbaycana 56 bal verilmişdi. Müqayisə üçün: İran - 61; Türkiyə - 54; Pakistan - 57; Əfqanıstan - 55; Ermənistan - 59; Rusiya - 65.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.