Gözəl bədən quruluşu arzulayanlara LİPOSAKSİYA

Gözəl bədən quruluşu arzulayanlara LİPOSAKSİYA
Feat.Az lent.az-a istinadən plastik və estetik cərrah Op. Dr. Günel Bayramlının liposaksiya (piy sovurma əməliyyatı)haqda məqaləsini təqdim edir.

Diyeta saxlamanıza və idman etməyinizə baxmayaraq, hələ də bədəninizin bəzi yerlərində bölgəsəl piy toplanması var? Bu problemdən qurtulmaq üçün başqa bir yol tapmırsınızsa, geyindiyiniz paltarların üzərinizdə gözəl durmağını istəyirsinizsə, o zaman liposaksiya sizin daha yaraşıqlı görünməyinizə və özünüzü daha yaxşı hiss etməyinizə kömək ola bilər.

Liposaksiya "lipos - yağ" və "suction - sovurmaq" sözlərinin birləşməsindən yaranaraq, "vakuumla piy sovurmaq" mənasını verir. Liposaksiya əməliyyatı bölgəsəl piy toplantılarını o bölgədən uzaqlaşdıran cərrahi müdaxilədir. Bu müdaxilənin məqsədi sadəcə bədəni şəkilləndirməkdir, yəni çəki atmaq üçün bir yol deyil. Xüsusən də obezitenin (piylənmənin) müalicəsi deyildir. Bədəninizin gizli yerlərində açılan kiçik giriş dəliklərindən sovurma gücünə sahib incə uzun borularla istəmədiyiniz nahiyələrdəki yağ toxumaları parçalanıb, vakuum yaradılaraq uzaqlaşdırılır. Nəticədə bölgəsəl piylənmə olan nahiyələr yenidən şəkilləndirilərək daha düzgün bədən konturları əldə edilir.

Liposaksiya əməliyyatı üçün kimlər uyğundur?


Əgər bədəninizin başqa yerləri ilə müqayisədə piylənmiş nahiyələr varsa, bu nahiyələrdəki piylər diyeta və idmanla getmirsə, dərinin elastikliyi yaxşıdırsa və büzüşmələr yoxdursa (çünki liposaksiya əməliyyatında artıq dəri çıxarılmır), artıq kilolar bədən ağırlığının çox üzərində deyilsə, bu əməliyyat sizə uyğundur. Həm kişi, həm də qadınlara icra oluna bilən bu cərrahi müdaxilə ilə qarında, beldə, budda, baldırda, qolda, kişi və qadın məməsində, ombada, kürəkdə və buxaqda olan piylənməni götürülə bilər.

Ümumiyyətlə, bədəndəki yağ hüceyrələrinin sayı 18 yaşdan sonra sabit qalır. Beləliklə, böyük insanlarda kökəlmək yağ hüceyrələrinin sayının artması hesabına deyil, var olan hüceyrələrin böyüməsi hesabına olur. Yağ toxuması liposaksiya ilə sovrulub çıxarıldıqda sözü gedən piylər yox oldu deməkdir, amma qalan piylərin yağı depolayaraq böyüməməsi üçün diyetaya diqqət edilməlidir.

Liposaksiya əməliyyatının məqsədi bədən konturlarını gözəlləşdirmək və ideallaşdırmaqdır. Son nəticəni görmək üçün ən azı 6 ay gözləmək lazımdır. Ona görə də əməliyyatdan əvvəlki və sonrakı müqayisələr 6 ayın tamamında aparılmalıdır.

"Kanyula" adlandırılan, Liposaksiya zamanı piyləri çıxartmaq üçün istifadə olunan incə boruların giriş dəliklərinin yeri vaxt keçdikcə solur, hətta çox vaxt görünməz olur. Liposaksiyanın nəticəsi ümumiyyətlə, qalıcıdır, amma hamiləlik, 10 kiloqramdan artıq kökəlmək və qeyri-düzgün həyat tərzi buna mənfi təsir edir.

Konsultasiya:

Əməliyyatdan əvvəl konsultasiya çox vacibdir. Konsultasiya zamanı bədəninizlə bağlı narahatlıqların hamısını həkimə deyin. Yalnız belə olarsa, cərrahınız sizin nə istədiyinizi düzgün dəyərləndirə və bunun cərrahi müdaxilə ilə mümkün olub-olmayacağını deyə bilər. Konsultasiya zamanı dərinizin elastikliyi, yəni keyfiyyəti qiymətləndirilir. Əgər yaxın zamanda hamiləlik və ya kilo dəyişimi planlaşdırırsınızsa, bu haqda cərrahınıza mütləq deyin. Əlavə xəstəlikləriniz və istifadə etdiyiniz dərmanlar haqqında da məlumat verməyiniz şərtdir.

Məlumat:

Liposaksiya əməliyyatı pasientin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat ortalama 1-2 saat çəkir. Əməliyyat sahəsinə dəstək məqsədi ilə sizə korset geyindirəcəklər. Bu korsetin 1 ay taxılması məsləhət görüləcək. Əməliyyatdan sonra ağrı hissini endirmək üçün sizə ağrıkəsici dərmanlar vurulacaq. Əməliyyatdan qısa müddət sonra qidalanmağa başlayacaqsınız. Çox vaxt əməliyyat axşamı və ya ertəsi gün evə getməyə icazə verilir. Əməliyyatdan sonra bir neçə gün həssas olacaqsınız. Ağrılar, ağır idman hərəkətlərindən sonra olan ağrılara bənzəyir. Əməliyyatdan 2-3 gün sonra duş ala bilərsiniz. Əməliyyatdan sonra 1 ay müddətində ağır idman etmək, sauna, türk hamamı, solariyə getmək olmaz. Bu bir ay müddətində liposaksiya nahiyələrində dəriniz gözəl otursun deyə korseti geyinməyiniz şərtdir. İlk əvvəl bədəninizdə göyərmələr və şişkinliklər olacaq. Göyərmələr 1 həftəyə, uzağı 10 günə keçib gedəcək. Göyərmə nahiyələri korsetin altında olacağı üçün sizi narahat etməyəcək. Şişliklərin isə 70%-i bir ayda, qalan 30% isə 6 ayda keçir.

Qeyd: Əməliyyatdan sonra, xüsusən də ilk həftə çəkidə azalma gözlənilməməlidir. Bədəndə olan şişliklər və damardan verilən mayelər hesabına tərəzidəki çəkiniz əməliyyatdan əvvəlki kimi, hətta ondan artıq ola bilər. Çəkilən yağın miqdarından asılı olaraq 5-10 günə rahatlıqla işə çıxa bilərsiniz. Liposaksiya nahiyələrinin daha ideal şəkil alması üçün 1 ayın tamamında masaja getməyiniz məsləhət görüləcək.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.