Ata olmaq istəyən kişilər, DİQQƏT! Bunlar sizə ziyandır

Ata olmaq istəyən kişilər, DİQQƏT! Bunlar sizə ziyandır
Sonsuzluq xüsusilə uşaq sahibi olmaq istəyən cütlüklər üçün olduqca böyük problemdir. Ancaq əvvəllər düşünüldüyü kimi, bu problemin yeganə qaynağı qadınlar deyil. Müasir dövrdə kişilərdə də ciddi problemlər yaşanır. Feat.Az türkiyəli mütəxəssis Betül Görgenin kişilərdə sonsuzluğa səbəb olan sperma çatışmazlığı barədə fikirlərini təqdim edir.

Həkim bildirir ki, artıq sonsuzluğun yalnız qadınlara xas bir problem olaraq qəbul edildiyi günlər geridə qaldı: “Bəzən bir ildən tez uşaq istəməyən cütlüklərin çoxunda sonradan uşaq sahibi ola bilməmə problemi məhz kişilərdə aşkar edilir. Kişilərdə orta sperma sayı son 50 ildə haradasa yarı-yarıya azalıb və azalmaqda davam edir”.

Mütəxəssis sperma sayının azalmasına gətirib çıxaran səbəbləri bu cür sıralayıb.


Bioloji saat

Qadınlar kimi, kişilərin də bioloji saatı var. İşləyən kişilərin 35 yaşdan sonra nəsil artırma potensialları azalmağa başlayır. Qadının yaşı 30-dan az, kişinin yaşı 40 və ondan yuxarıdırsa, hamiləlik şansı 25 faiz azalır: “Qadının yaşı 35-37 arasında olduqda hamiləlik şansı 50 faiz azalır. Yəni kişinin yaşı artdıqca spermanın tərkibindəki genlərin anormal olma faizi də artır. Zamanı geri qaytarmaq mümkün olmadığı üçün ata olma yaşını gecikdirməmək lazımdır”.

Enməmiş testis

Bu problem ümumiyyətlə oğlan uşaqlarının 3-4 faizində müşahidə olunur. Bir yaşından əvvəl özü həll edilən bir problemdir: “Nadir hallarda bu problem həll edilmir və yetkinlik dövrünə qədər çatır. Bədən içində qalan və lazım olan yerə enməyən xayalar sperma çıxara bilmirlər. Həmçinin, xərçəng inkişaf etdirməyə meylli olurlar. Enməmiş testis diaqnozu qoyulmuş oğlan uşaqlarında gözlənilən müddətdə vəziyyət normala dönmədikdə əməliyyat edilir”.

Dar geyinmək


Dar geyimlər və dar alt paltarları ilə özünüzü model və ya məşhur bir futbolçu kimi hiss edə bilərsiniz. Lakin bu geyimlər artma qabiliyyətini azaldır: “2500 kişi üzərində aparılan araşdırmalardan biri sübut edib ki, kişidə sperma sayına təsir edən xarici faktorlardan ən əhəmiyyətlilərindən biri dar alt paltarlarıdır. Bu cür geyimlər testislərin bədənə daha yaxın olmasını təmin edərək hava dövranını azaldır və xayalardakı istiliyin artmasına gətirib çıxarır. Çünki xayalar bədən xaricindədir və optimal funksiya üçün ən ideal istilik 35 dərəcədir. Dar alt paltarları geyməyin. Dar cins şalvarlardan və lasinlərdən uzaq durun. Təxminən 3 ay sonra sperma dəyərləri əvvəlki vəziyyətinə qayıdacaq”.

Xərçəng müalicəsi

Xərçəng müalicəsi etdirən kişilərdə də sperma istehsalı kimyaterapiya və radioterapiyadan təsirlənir: “Prostat xərçəngi səbəbindən əməliyyat etdirən kişilərin cərrahiyyədən sonra ereksiya problemi ehtimalı yüksəkdir. Bu səbəbdən də gələcək üçün sperma dondurma tövsiyəsini unutmayın. Çünki bəzi dərmanlar qalıcı olduğu üçün sperma istehsalını korlaya bilər”.

Xəstələnmək

Çox sayda xəstəlik kişi törəməsinə mənfi təsir edə bilər. Ürək-damar xəstəlikləri, qan dövranının pozulması ereksiyanı poza və ya cinsi qeyri-kafiliyə səbəb ola bilər. “Nəzarətsiz diabet iqtidarsızlığın əhəmiyyətli səbəblərindən biridir. Eyni zamanda, sperma keyfiyyətinə də mənfi təsir edir. Sağlamlıq problemlərinin simptomlarını azaltmaq və xəstəliyin gətirdiyi riskləri minimuma endirmək üçün həyat tərzinizi yaxşılaşdırın. Pəhriz və idmanla diabeti nəzarət altında saxlamağa çalışın”.

Dərman istifadə etmək


Bir çox dərman növü müxtəlif formalarda törəməyə təsir edə bilər. Bəzi antibiotiklər, məsələn, "eritromisin" xayalar üçün toksikdir və sperma istehsal edən hüceyrələrə ziyan verə bilər. Bəzi dərmanlar da bilavasitə olaraq təsir edir: “Sperma çıxaran testis hüceyrələrini xəbərdar edən hormon siqnallarını kəsərək, sperma sayının düşməsinə səbəb olur. Bəzi antidepressantlar, antipsixotik dərmanlar da cinsi istəyə mənfi təsir edir və ereksiyasını, spermanın çölə çıxmasını blok edir. Təzyiqi salmaq üçün istifadə edilən kalsium spermanın yumurtanı qidalandırmaq qabiliyyətini azaldır. Belə bir vəziyyətdə dərmanları həkimlə məsləhətləşib sonra istifadə edin. Unutmayın ki, alternativ dərmanlar da var”.

Varikosel

Varikosel - testislərin ətrafındakı damarların anormal olaraq genişlənməsi halıdır. Skrotumdakı istiliyin artımına səbəb olaraq, kişi sonsuzluğunun ən əhəmiyyətli səbəblərindən biridir: “Kişilərdə rast gəlinmə tezliyi 15 faizdir və varikosel olan kişilərin 40 faizində sonsuzluq problemi var. Dünya Sağlamlıq Təşkilatının araşdırmalarından birində varikosel olan 9 min kişidə pozulmuş sperma keyfiyyəti və azalmış testis müəyyən olunub. Müalicə edilməyən varikosel, zaman keçdikcə testisə daha çox zərər verir. Genişlənmiş damarların cərrahiyyə yolu ilə bağlanması azalmış testis funksiyalarını düzəldir. Əməliyyat olan kişilərin 80 faizində sperma sayı və keyfiyyəti normal vəziyyət alır”.

Kanal tıxanıqlığı

Tıxalı kanallar kişi sonsuzluğunun ən aydın mexaniki səbəbidir. Spermalar yaranandan sonra yetişmək üçün "epididim" adlı iki ədəd torbada yığılır. Ereksiya əsnasında spermalar yığıldıqları bu yerdən kanallar vasitəsilə penis xaricinə atılır: “Xlamidiya və qonoreya kimi infeksiyalar bu kanalları tıxaya və spermaların penisə nəqlinə mane ola bilər. Bəzən bu, irsi ola və ya yaralanma ilə nəticələnən qəzalardan sonra meydana gələ bilər. Cinsi yolla keçən xəstəliklərdən uzaq dayanmaq və ya erkən müalicə olmaq da gələcəkdə yarana biləcək problemlərin qarşısını alır”.


Velosiped sürmək


Pedal çevirmək də penise gedən sinir və damarların uzun müddət təzyiq altında qalmasına səbəb olaraq törəməyə mənfi təsir edir. Daimi və uzun zaman velosiped sürən kişilərdə ereksiya problemləri yaşanır. Bu səbəbdən də velosiped pedalları yumşaq olmalıdır.

Həddindən artıq istilik


Xayalarda istilik artımına səbəb olan hər şey sperma istehsalını müvəqqəti olaraq azaldır. İsti su torbasından (“qrelka”) tez-tez istifadə, saunaya tez-tez getmək də eyni təsiri yaradır. 40 dərəcə isidilmiş suda yarım saat qalmaq sperma sayını əhəmiyyətli dərəcədə azaldır.

Masturbasiya


Tez-tez masturbasiya edən kişilərdə sperma gücü azalır. Çünki spermanın toplandığı “anbarlar” boşalır. Aparılan araşdırmalar gündə iki dəfə və daha çox ereksiya yaşamağın kişilərin reproduktiv sağlamlığına mənfi təsir etdiyini müəyyənləşdirib: “Lakin nəzərə alın ki, hər kişi fərqlidir. Ereksiyada sperma sayı orta hesabla 40 milyon olmasına baxmayaraq, kişilərin çoxunda bu say aşağıdır. Tez-tez masturbasiya edənlərdə bu say daha da aşağı ola bilər. Ona görə də uşaq sahibi olma şansını yüksək səviyyədə saxlamaq istəyirsinizsə, 3-5 gün ara verməklə həftədə iki və ya üç dəfə sekslə məşğul olmaq kifayətdir”.

D vitamini çatışmazlığı

D vitamini sperma sağlamlığı üçün əhəmiyyətlidir. Həmçinin D vitamini əskikliyi spermada DNT ziyanı meydana gətirə bilər: “D vitamininin kifayət qədər olmasının ən yaxşı yolu günəş vannasıdır. Xüsusilə günəşli günorta saatlarında çöldə olmağın faydası çoxdur. Müsbət təsiri üç ay ərzində ortaya çıxar”.

Spirtli içkilər

Spirt sperma meydana gətirən hüceyrələri öldürür. Həddindən artıq spirtli içki qəbulu sperma sayını, dölləmə qabiliyyətini aşağı salır, sperma formasını korlayır. Hətta həddindən artıq spirt libidonu da azaldır. Çünki estrogen hormonu bu kişilərdə artmağa başlayır: “Uşaq sahibi olmaq istəyirsinizsə, spirt qəbulunu 2-3 ay əvvəldən azaldın. Həddindən artıq spirtə bağlılıq cinsi iqtidarsızlıq yaradır”.

Siqaret çəkmək


Çox siqaret çəkən kişilərdə spermanın DNT zədələnməsi baş verir. Bu da sonsuzluq yaradır. Bu mənfi təsirlərdən xilas olmanın tək yolu siqareti tərgitməkdir.

Piylənmə

Tədqiqatlar qadınlarda və kişilərdə sonsuzluqla artıq çəkinin əlaqəli olduğunu ortaya çıxarıb. Kişi üçün artıq hər 10 kiloqram nəsil artırma qabiliyyətini 10 faiz azaldır. Yağ toxumasındakı artım hormonal tarazlığı pozur. Sağlam və qalıcı arıqlamaq piylənmənin təsirlərini ortadan qaldırar.
lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.