Yay uzanacaq, qış qısalacaq

23 Ekim 2014
2 451
0
Yay uzanacaq, qış qısalacaq
Yay uzanacaq, qış qısalacaq


Azərbaycanda yay fəslinin müddəti uzanacaq, qış fəslinin müddəti isə qısalacaq. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan verilən məlumata görə, dünyanın iqlim məlumatlarının toplanması ilə məşğul olan mərkəzlərin iqlim ssenarilərinə əsasən, Azərbaycanda yaxın 50 ilə qədər olan müddətdə orta illik temperaturun 2 dərəcə artacağı gözlənilir. Bu rəqəm kiçik hesab edilə bilməz. XX əsrdən əvvəlki min il ərzində bütün dünyada havanın temperaturu 1,5 dərəcə yüksəldiyi halda, çox da uzun olmayan dövr ərzində - XX əsrin 50-ci illərindən XX əsrin sonuna kimi havanın orta illik temperaturu 0,6 dərəcə yüksəlib. Artıq Azərbaycanda 1960-cı ildən 2000-ci ilə kimi orta illik temperatur 0,2-0,7 dərəcə yüksəlib. Bu artım davam edəcəyi təqdirdə və temperaturun 2 dərəcə artması barədə proqnozlar özünü doğrultduqda isə Azərbaycanda keçid fəsillərin müddətləri dəyişməsə də, qışın müddəti azalacaq, yayın müddəti daha da artacaq. Yayın müddəti 15-20 gün arta bilər ki, bunun da nəticəsində yay sentyabrın sonu, oktyabrın əvvəllərinə qədər davam edə bilər. Yayın müddətinin artması daha çox dəniz səviyyəsindən 1000 metrə qədər yüksək olan ərazilərdə müşahidə ediləcək. Azərbaycanın ərazisinin yalnız 27 faizi dəniz səviyyəsindən 1000 metrdən yüksək olduğundan, 73 faizi isə dəniz səviyyəsindən 1000 metr hündürlüyə qədər olduğundan yayın isti günlərinin çoxalması da ölkənin çox hissələrində, yəni 73 faizində hiss ediləcək. Həmin ərazilər Bakı, Abşeron, Qobustan, Neftçala, Salyan, Saatlı, Sabirabad, Göyçay, Ağdam, Ağdaş, Bərdə, Ağcabədi, Yevlax, Qazaxın xeyli hissəsi, Şabran, Siyəzən, Xaçmaz rayonları, Lənkəran və Astara rayonlarının dəniz sahili hissələri olacaq. İnstitutdan bildirilib ki, iqlim fəsilləri (astronomik fəsillər Yerin Günəş ətrafında hərəkəti ilə bağlıdır və buna uyğun olaraq, 22 martda yaz, 22 iyunda yay, 22 sentyabrda payız, 22 dekabrda qış fəsli başlayır) havanın temperaturunun müəyyən hədləri keçməsindən sonra olan müəyyən dövrləri əhatə edir. Azərbaycanda havanın orta sutkalıq temperaturunun sabit olaraq 17,5 dərəcədən yüksək olması yay fəslinin başladığını göstərir. Havanın orta sutkalıq temperaturu 17,5 dərəcədən aşağı olduqda və 8-10 dərəcəyə düşənə qədər payız fəsli, temperatur 8-10 dərəcədən aşağı düşəndən sonra qış fəsli, temperatur 8-10 dərəcə istidən 17,5 dərəcə istiyə yüksələn kimi yaz fəsli kimi qəbul edilir. Azərbaycanda hazırda fəsillər arasında ən çox yay davam edir. Astronomik fəsilə uyğun olaraq, yay 90-91 gün davam etməli olsa da, ölkəmizdə yay dövrü 105-116 gün müşahidə edilir. Azərbaycanda keçid fəsilləri - yaz və payız bir qədər qısa müddətdə müşahidə edilir. Yəni yaz və payız astronomik fəsillərə uyğun olaraq, 3 ay - 90 gün deyil, 75-80 gün davam edır. Azərbaycanda ən qısa davam edən fəsil isə qışdır. Ölkəmizdə əsl qış günləri 60-65 gün davam edir. Azərbaycanda yayın çox davam etməsində ölkəmizin yerləşdiyi coğrafi enlik də rol oynayır. Yerləşdiyi coğrafi enliyə uyğun olaraq, ölkəyə Günəş şüalarının düşmə bucağı böyük olduqca ərazi də bir o qədər çox istilik alır. Bu baxımdan Azərbaycanda da günəşli günlərin sayı çox olur.


Yay uzanacaq, qış qısalacaq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.