Övlad qatilləri: bu müdhiş adətin qarşısını kim alacaq? - ARAŞDIRMA

21 Ekim 2017
1 782
0
Övlad qatilləri: bu müdhiş adətin qarşısını kim alacaq? - ARAŞDIRMA
“Biz həmişə toya gedəndə mütləq “Əmiqızı” mahnısını sifariş verib, məni oynamağa dəvət edirdi. Əvvəllər bu mahnının sözlərinə və mahiyyətinə o qədər fikir verməsəm də, sonradan gördüm ki, onun niyyəti tamam başqadır. Sən demə, əmim oğlu mənə aşiq olub və evlənmək istəyir. Amma mən başqasını sevirdim və bu təklifə qəti surətdə “yox” cavabı verdim. Təəssüf ki, bu cür məsələlər mənim yox deməyimlə həll olunmurdu. Böyüklər - əmim, bibim, atam, anam hamısı mənə qarşı çıxdılar və əmim oğlu ilə evlənməyimin mənim üçün daha uyğun olduğunu söylədilər. Məktəbi təzəcə qurtarmışdım, heç hansısa texnikuma, ali məktəbə də sənəd verməyimə imkan vermədilər. Mən çox istəyirdim, bağça müəlliməsi olum. Axı mən uşaqları çox sevirəm...”

“Biz istəmədən övladımızın qatilinə çevrilmişdik”

Feat.Az bildirir ki, 32 yaşlı Nuridə Qulamova ailem.az-a həyat hekayəsini danışarkən göz yaşlarını saxlaya bilmir. Deyir, onun narazılığına baxmayaraq, böyüklər toy barədə razılığa gəlir və istəmədən əmisi oğluna ərə gedir: “Bir müddət sonra bildim ki, ana olacam və bu, mənə bir az təsəlli verdi. Çünki sevmədiyim biri ilə ailə qurmuşdum və heç olmasa sevgimi övladıma yönəldəcəkdim. Onun doğulmasını böyük səbirsizliklə gözləyirdim. Amma uşaq doğulandan sonra məlum oldu ki, sağalması çətin olan qan xəstəliyi var. Uşaq elə zəif idi ki, qorxa-qorxa qucağıma alırdım. Elə zəif nəfəs alırdı ki, qulağımı ağzına yaxınlaşdırmasam hiss edə bilmirdim. Amma gözləri... Gözləri mənə elə baxırdı ki... Mən balamın gözünə doyunca baxmağa qorxurdum, baxa bilmirdim. Hara baxsam, yatanda da onun o baxışları məni təqib edirdi. Hansı həkimə müraciət etdiksə, hara apardıqsa, dedilər əlac yoxdur. Üç ayına təzəcə keçmişdi. Beşiyinin yanında oturub, barmağımı uzatdım əlinin içinə. Həmişə belə edəndə barmağımı bərk-bərk sıxıb, gözümün içinə baxırdı. Birdən dəhşətlə dik atıldım, artıq bu nazik, ağappaq və balaca əl barmaqlarımı sıxmırdı... Biz istəmədən övladımızın qatilinə çevrilmişdik. Aylarla özümə gələ bilmədim. Adətən insanlar mənə təsəlli verirdilər ki, cavansınız və yenə də övladlarınız olar. Amma həkimlər bildirdi ki, bizim övladlarımızın sağlam olma ehtimalı yoxdur. Çünki biz qohum idik və buna görə də doğulacaq uşağımız mütləq hansısa qüsurla dünyaya gələcək, ya da ölümə məhkum olacaqdı...”

Qohum evliliklərində uşaqların qüsurlu olma riski 4-8 faizdir

Nuridənin başına gələnlər Azərbaycanda bir çox ailələrdə yaşanır. Bilindiyi kimi, bizim ölkədə qohum evliliyi geniş yayılıb. Həm də bu tək indi yox, bütün zamanlarda belə olub. Amma mütəxəssislər qohum evliliyinin olduqca təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq edirlər.

Aşdırmalar zamanı müəyyən olunub ki, yad insanların evliliyindən doğulan uşaqların qüsurlu olma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Yəni bu risk 2 dəfə artır.

İngiltərədə, Hollandiyada, İsveçdə, Hindistanda, Yamaykada, Küveytdə, Almaniyada, Suriyada, Fələstində, Livanda, Ərəbistanda qohum evliliklərinə nadir hallarda təsadüf olunur. Almaniyada əmioğlu, əmiqızı evliliyi tamamilə qadağandır. ABŞ-ın 50 ştatının 24-də əmi, dayı, xala, bibi uşaqları ilə, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulur. Məsələn, Arizonadakı qaydalara görə, yaşı 65-i keçibsə, qadın, yaxud kişi sonsuzdursa, o zaman evlənə bilərlər.

Bəs Azərbaycanda vəziyyət necədir? Niyə insanlar daha çox qohumla evliliyə üstünlük verirlər? Bunun psixoloji, sosioloji səbəbləri hansılardır? Qohum evliliyi zamanı doğulacaq uşaqların sağlamlığının qorunması üçün hansı tədbirlər görülür? Ümumiyyətlə, qohum evliliyi Azərbaycanda da qadağan oluna bilərmi? Qanunla bu necə tənzimlənir? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.

Psixoloq Elnur Rüstəmov deyir ki, qohum evliliyində tərəflər özlərini sanki sığortalamış və qohumluq əlaqələrini daha da bərkitmiş olurlar. Eyni zamanda özlərini güvəndə hiss edirlər ki, necə olsa da qohum ona baxacaq: “Amma məlum olur ki, qohum evliliyi də bir çox problemlərə yol açır. Ailə daxili münasibətlərin pozulmasına səbəb olur. Məsələn, tərəflər bir-birinə bacı kimi baxıblar, indi evlənirlər və bu da narahatlıq yaradır. O qədər qohumlar var ki, qız alıb-verdikdən sonra qohumluq əlaqələri pozulub. Çox rastlaşırıq bu cür hallarla. Deyirlər, misal üçün, o, xala kimi yaxşı idi, gəlin oldum, xalamı itirdim”.

“Ölkənin genofondu zəifləyir...”


Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, qohum evliliyinin aradan qaldırılmaması müəyyən qədər cəhalətlə bağlıdır: “Ortada xeyli faktlar var ki, qohumla evlilikdə kifayət qədər problemlər yaşanır. Bu barədə neçə illərdir deyilir, amma camaat buna elə də reaksiya vermir. Bu, birbaşa cəhalətlə bağlıdır. Əvvəllər yaxın qohumlarla ailə qurmaq barədə o qədər də məlumat yox idi, amma indi demək olar ki, hər kəsin məlumatı var. Buna baxmayaraq, belə evliliklər hələ də varsa, buna cəhalətdən başqa ad vermək olmaz”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, əvvəllər qohum evliliklər həm də iqtisadi məsələlərlə bağlı idi. Qohumlar mala-mülkə görə yenidən qohum olurdular: “İndi isə iqtisadi məsələlər bir az zəifləyib. İndi bir faktora çox rastlanır - bəzən qız uşağı ailə qura bilməyəndə məsləhət görürlər ki, onu elə öz əmisi, dayısı oğluna versinlər. Bu da avamlığın nəticəsidir”.

“Qohumların nikahı kəsilməsin”

Sosioloqun fikrincə, qohum evlilikləri inzibati yolla qadağan etmək lazımdır: “Bir şeydən ki, insanlara böyük bəla gəlir və ölkənin genefondu zəifləyir, bu şeyi ancaq qadağan etmək lazımdır. Artıq bunun yaxşı və pis qarşılanması artıq müzakirə olunmamalıdır. Milli Məclisdə dəfələrlə deyirlər ki, bu məsələ müzakirə olunacaq. Görünür, Milli Məclisdəki komitədə bu məsələ nəyə görəsə təxirə salınır. Düşünürəm, qanun qəbul olunmazdan öncə VVAQ idarələrinə göstəriş verilə bilər ki, qohum olanların nikahı kəsilməsin. Bu daha tez bir müdaxilə olar. Amma hər halda qanun layihəsini də sürətləndirmək lazımdır ki, hansısa nəticələr əldə etmək olsun”.

Rəsmi statistika yoxdur


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirir ki, Azərbaycanda qohum evliliyi barədə statistika aparılmayıb: “Təəssüf ki, bununla bağlı rəsmi statistikamız yoxdur. İkinci bir tərəfdən ailə məcəlləsində də göstərilir ki, evlilik könüllülük prinsipi əsasında olur. Yəni tərəflər nikah yaşlarına çatıblarsa, onların öz qərarı və razılığı nəzərə alınır. Azərbaycanda qohum evlilikləri bir, iki ilin hadisəsi deyil. İllərlə davam edən bir nikah formasıdır. Biz bunun qarşısını almaq üçün Ailə Məcəlləsinə dəyişiklik edilməsi üçün müraciət etdik. 1 iyun 2015-ci ildən etibarən nikaha daxil olan şəxslərin mütləq tibbi müayinədən keçirməlidir. Əvvəllər bu, könüllük prinsipi ilə olurdu. Amma artıq icbari xarakter daşıyır. Bu, hansısa genetik, müxtəlif irsi xarakterli xəstəliklərin, hansısa infeksiyaların öncədən aşkar edilməsi üçün yaxşı haldır. Gələcəkdə dünyaya gələcək uşağın sağlamlığına hansısa formada təsir edir. 2015-ci il 1 iyundan 2017-ci il 31 maya qədər 279 min 383 nəfər müayinədən keçib. Onlar arasında talassemiya daşıyıcıları, QİÇS aşkar olunan insanlar var. Qohum evliliyi də müxtəlif xəstəliklərə, talassemiyalı, hemofiliyalı uşaqların doğulmasına səbəb olur. Bununla bağlı da dövlət proqramları var. Həmin proqramlarda talassemiya, hemofiliya xəstəliklərinin aradan qaldırılması ilə bağlı tədbirlər keçirilir”

“Bəzən ata xəstə uşağını qəbul etmir və atıb gedir”

A.Veysəlova deyir ki, bu məsələdə maarifləndirmə işi aparmalıdırlar. Çünki bəzən valideynlər günahı bir-birlərinin üstünə atırlar: “Ailədə xəstə uşaqlar doğulan zaman bir çox hallarda kişilər günahı atırlar qadınların üstünə. Deyirlər, “sən xəstə olduğun üçün uşaq da belədir. Mən sənin uşağını qəbul etmirəm”. Elə bil heç onun öz uşağı deyil. Bəzən ailəsini atıb çıxıb gedir və bu, boşanma ilə nəticələnir. Amma elə ailələr də var ki, bu çətinliyin öhdəsindən bir gəlirlər, çalışırlar övladlarına təhsil versinlər. Bizdə qohum evliliyinin qarşısının alınması ilə bağlı çap məhsulları var. Onları məktəblərdə, ali təhsil müəssisələrində, hərbi hissələrdə yayırıq. Amma yenə də seçim insanların özündədir”.

“Qanunvericilik bazasını gücləndirməliyik”

Millət vəkili Fazil Mustafa hesab edir ki, qohum evliliyini gecikmədən qadağan etmək lazımdır: “Bizim cəmiyyətin ictimai şüur vəziyyəti o deyil ki, bu məsələləri nəzərə alsın. Dəfələrlə məsələ gündəmə gətirilib, bildirilib ki, bu, çox təhlükəlidir. Qohum evliliyi nəticəsində doğulan uşaqların xeyli hissəsində irsi xəstəliklər aşkarlanır. Amma Azərbaycan cəmiyyətində xeyirli məsələyə meyl etmək hələ ki, çox yoxdur. Ona görə də biz bunun qarşısını almaq üçün qanunvericilik bazasını gücləndirməliyik. Bunların müəyyən dərəcədə qarşısının alınması üçün maarifçilik işi ilə yanaşı, həm də qanunvericilikdə müəyyən maneələr yaratmağa çalışmalıyıq ki, bu cür ailələr mövcud olmasın”.

F.Mustafanın sözlərinə görə, yaxın zamanlarda bu məsələ parlamentdə qaldırıla bilər, amma bunun üçün qanunvericiliklə bağlı qeyri-hökumət təşkilatlarından konkret təkliflər daxil olmalıdır: “Əgər bunlar olarsa, məsələ daha rahatlıqla həll olunar. Hesab edirəm ki səlahiyyətli qurumlar bu məsələdə özləri daha ciddi addımlar atmalıdırlar. Bu cür nikahların baş tutmasını əngəlləməyə çalışmalıdırlar ki, gələcəkdə Azərbaycanda belə demoqrafik əsaslar genişlənməsin”.

Qeyd edək ki, AR Ailə Məcəlləsinin 12-ci maddəsində bildirilir ki, qohum nikahları ölkəmizdə qadağandır. Amma orada yaxın qohumlar - valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar nəzərdə tutulur.

Apardığımız kiçik araşdırmadan da bəlli oldu ki, bu məsələnin kökündən həll olunmasına yalnız qanunla, qadağalarla nail olmaq mümkün deyil. Sözün əsl mənasında şüurlarda bir inqilab olmalıdır. İnsanlar dərk etməlidirlər ki, ən azından yaxın qohumlarla evlənməməklə ailəsinin sağlam təməllər üzərində qurulmasını təmin edirlər. Düzdür, bəzən ürəyə söz keçirmək olmur. Amma övlad ailə həyatının elə bir məqamıdır ki, burada bütün duyğular, istəklər tamamilə arxa plana keçir və bunun üçün şəxsi hisslərdən vaz keçməyə dəyər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.