Necə üzək ki, boğulmayaq?

15 Temmuz 2018
1 109
0
Necə üzək ki, boğulmayaq?
Mahmud Şahbazov: "Dənizə üzmək yox, dincəlmək üçün getmək lazımdır"

Feat.Az
kaspi.az-a istinadən yazını təqdim edir.

Yay mövsümünün gəlişi elə dəniz mövsümünün də başlaması deməkdir. İnsanların bir çoxu istirahətini dənizdə keçirir. Qum, günəş və dənizdən yayda imtina etmək çox çətindir. Amma təəssüf ki, bəzən bu istirahətlər boğulma hadisələri ilə nəticələnir. Təəssüf ki, son dövrlə dənizdə boğulma halları tez-tez baş verir. Ona görə, budəfəki yazımızda dənizdə boğulmamaq üçün nələrə diqqət etməli olduğumuzu, kimsə boğularkən nə kimi köməklik edə biləcəyimizi öyrənməyə çalışdıq. Həmsöhbətimiz "Təhsil" Respublika İdman mərkəzinin üzgüçülük bölməsinin baş məşqçisi Mahmud Şahbazovdur.

Həmsöhbətimiz deyir ki, son dövrlər üzgüçülüklə məşğul olanların sayı əvvəlki dövrlərə nisbətən artıb: "Ölkəmizdə beynəlxalq oyunlar keçiriləndən sonra üzməyi öyrənmək istəyənlərin sayı çoxalıb. Peşəkar səviyyədə, idmançı kimi məşğul olmaq üçün kiçik, təxminən 6-7 yaşından məşğul olmaq lazımdır. Amma son zamanlar yeniyetmələr yox, daha böyük - 25-30 yaşlarında üzməyi öyrənmək istəyənlərin sayı artıb. Xüsusən də dincəlmək üçün xaricə gedənlər daha çox maraq göstərir. İstəmirlər ki, üzməyi bacarmayan biri kimi görünsünlər".

Məşqçidən üzməyi öyrənmək üçün nə qədər vaxt gərək olduğunu da soruşduq: "Kimdəsə bir az gec, kimdəsə tez alınır. Minimal öyrənmək vaxtı var. Gərək heç olmasa kursu keçəsən. İnsan var iki aya, insan var 3 aya öyrənir. Yəni, bu müddətdə heç olmasa 60-70 faiz üzməyi bacarır. Amma tam professional üzmək üçün çox vaxt tələb olunur. Bir neçə il lazımdır ki, sərbəst, özünə güvənlə üzə biləsən".

"Hovuzla dənizin fərqi çoxdur" deyən müsahibimiz hovuzda üzməklə dənizdə üzməyin fərqindən də danışdı: "İnsanlar düşünür ki, hovuzda üzməyi bacarırsa, dəniz onun üçün problem deyil. Lakin məsələ göründüyü kimi deyil. Hovuz 25-30 metrdir, bir sonu var. Amma dənizdə elə bir şey yoxdur, dənizdə açıqlıqdır. Dənizdə şərait tamamilə başqadır. Əslində, dənizə üzmək üçün yox, dincəlmək üçün getmək lazımdır. Üzmək üçün hovuzdan istifadə etmək daha məsləhətə uyğundur".

Belə bir fikir var ki, professional səviyyədə üzməyi bilən dənizdə boğulmaz. Məşqçinin bu barədəki fikirləri də maraqlıdır: "Bilirsiniz, heç kim zəmanət verə bilməz ki, əla səviyyədə üzməyi bacaran üzgüçü suda boğulmaz. Belə bir qayda yoxdur. Hətta, ən yaxşı üzgüçü də hansısa bir anda ola bilər ki, suda boğulsun. Sadəcə olaraq, professional tərəfdən baxanda, haradasa özünü tənzimləyə, bu hadisədən uzaq ola bilər. O qədər dünya şöhrətli üzgüçülər olub ki, dənizdə batıb".

Mahmud bəydən dənizdə üzərkən edilən ən böyük səhvləri soruşduq: "Birincisi, dənizdə su ilə rəftar qaydalarına fikir vermək lazımdır. Belə ki, suda davranış qaydalarına riayət olunmalıdır. Buna riayət etməyəndə hər bir hadisə baş verə bilər. Məsələn, əzələ dartınması, qolun, ayağın sınması ola bilər. Bir də görürsən ki, bir-birlərinin çiyinlərinə çıxıb suya tullanırlar. Bu vaxt həmin adamın başı suyun dibindəki daşa da dəyə bilər. Digər tərəfdən, dənizdə çox uzağa, dərinliyə doğru üzmək olmaz. Çünki insan yorular, damar dartınması ola bilər. Bu da boğulmaya gətirib çıxarar. İndi Fövqəladə Hallar Nazirliyi müəyyən qadağalar, baryerlər qoyub ki, heç kim həmin hissədən sonra üzməsin. Dənizdə insanın boyu hara qədər çatırsa, ayağı yerə dəyirsə, həmin məsafəyə qədər üzmək lazımdır. Əslində, insanların etdikləri ən böyük səhv bir az hovuzda üzməyi öyrənəndən sonra özlərini professional üzgüçü bilmələridir. Onlar hovuzla dənizin fərqini anlamalıdırlar. Dənizdə bir az üzəndən sonra insan yorulur və geri qayıda bilmir. Bəzən görürsən, suda burulğanlar olur. İnsanlar suya kəllə vururlar və həmin burulğana düşürlər. Həmçinin, dərinliyə tullananda da bunu nəzərə almalıdırlar. Çünki hovuzun dərinliyi ilə dənizin dərinliyi müxtəlifdir. Dənizdə dərinə gedənlər müvazinətini itirib çıxa bilmirlər və boğulma hadisəsi baş verir. Ümumiyyətlə, dənizlə ehtiyatlı olmaq lazımdır".

Deyirlər ki, dənizdə üzmək üçün insanın özünəinamı olmalıdır. Bu, həqiqətən belədirmi? Məşqçinin məsləhətləri belə oldu: "Ümumiyyətlə, insana hər sənətdə özünəinam lazımdır. Nə ilə məşğul olursansa, özünə güvənməlisən ki, mən bunu bacaracağam. Amma özünəinam dənizdə keçmir. Nə qədər yaxşı üzsən də, dənizdə uzağa üzmək təhlükəlidir. Dənizdə damar dartınması, su burulğanı, dalğa ola bilər. Burada əminlik kimi amillər heç kimə kömək olmur. Burada sənə gərək qıraqdan kömək edən olsun".

Məşqçidən boğulan insana ilk yardım göstərməyin yollarını da soruşduq: "O baxır insanın boğulma vaxtına. İnsana 1 dəqiqə yarım bəsdir ki, boğulsun. Ona heç cür kömək etmək olmur. Əgər bir insanın boğulduğunu tez hiss edibsinizsə, onu dərhal suda arxası üstə çevirib sahilə çıxarmaq lazımdır. Sahilə çıxardıqdan sonra üzüstə uzadıb qarnına basanda onun ağzından su çıxmalıdır. Yəni, boğularkən udduğu su xaric olunmalıdır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.