Bəylər, siyasət dediyiniz budur?

06 Kasım 2014
1 315
0
Bəylər, siyasət dediyiniz budur?
Bəylər, siyasət dediyiniz budur?

Siyasətdə necə oynadığın yox, hesabda kimin irəlidə olması önəmlidir. Bu, bir şərtdir və məqamı unudan siyasətçinin özü şərti fiqura çevrilir.

"İctimai Palata" macərasından sonra prezident seçkilərində Cəmil Həsənlinin "mübarizə"yə qatılması və gözlənilən fiasko ilə uduzması müxalifət düşərgəsindəki ambisioz fiqurların irreallıq hisslərinə hələ də son qoymayıb.

Xüsusilə də Cəmil Həsənlinin.

Əslində o, Azərbaycanın ən zəngin və varlı adamıdır. Çünki emosiyaları yığır və xəzinəsində nə emosiya desən, var.

Sosial şəbəkələrdəki cavabsız və uğurla unudulan dəvətləri saysaq, cənab Həsənli oliqarx sayıla bilər.

Milli Şura noyabrın 10-da keçirməyə hazırlaşdığı mitinqlə bağlı Facebook-da dəvətlər və çağırışlar yollayır.

"Azadet" şüarlı mitinqin keçirilməsinin nəzərdə tutulduğu yer Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionu, yəni "Məhsul" arenasıdır.

Saat 15.00-da başlanıb 17.00-da başa çatdırılması planlaşdırılan mitinqlə bağlı Facebook-da 38 min adama dəvət yollanıb.

Onlardan hələlik yalnız 1300 nəfəri "gələcəyəm" deyib.

"Azadet" heşteqli dəvətlərlə bağlı situasiya "toylarayoxde" kampaniyasının astar üzü sayıla bilər. Toylarımızın əndazədən çoxdan çıxmasından zinhara gələn bir dəstə ədib, ictimai xadim və gənc yazarlar birləşərək "Toylara yox de!" söylədilər, dostlarını, tanışlarını, oxucularını əsəbləri tarıma çəkən toylara yollanmamağa çağırdılar və əslində düz də etdilər.

"Azadet"in sosial şəbəkələrdəki çağırışları da elə həmin toy dəvətlərini xatırladır ki, harasa çağıran adamın məclisinə getməmək, eyni zamanda o adamı başdan etmək üçün "Yaxşı, gələcəyəm" sözləri ilə yaxa qurtarlırlar.

Facebook-da 38 min nəfərə göndərilən çağırışlar sıx dumanda batan səsə bənzəyir, çünki Milli Şuranın mitinqləri də əfsuslar olsun, şounu xatırlatmağa başlayıb.

Son mitinqdə Cəmil Həsənli və AXCP funksionerlərinin nümayişkaranə şəkildə Musavata "səmimi münasibət" nümayiş etməsi, müsavatçıların tribunaya çağırılmaması əslində müxalifət düşərgəsində güclənən və gün keçdikcə ağırlaşaraq metastaza çevrilən parçalanmanın təzahürü də sayıla bilər.

Hakimiyyətə gəlməyə çalışdığını deyən, özünü müxalifət düşərgəsinin lideri kimi qələmə verməyə cəhd göstərən Cəmil Həsənli və onun "yavərləri" elə həmin düşərgədə ən yaxın müttəfiqləri ola biləcək Müsavatı özlərindən kənarlaşdırırlarsa, hansı siyasi taktika və ya fəaliyyət strategiasından danışmaq olar - bəlli deyil.

Cəmil Həsənlinin tərəfdarları və AXCP funksionerləri indi siyasi mübarizəni "Müsavatı vur!" çağırışları ilə əvəzləyərək mərkəzdənqaçma təmayüllərini daha da gücləndirirlər.

Bu şəxslər unudurlar ki, böyük siyasət əslində böyük işlərlə tətbiq edilən məramlardır.
Cəmil Həsənlinin məramları isə cılızdır, çünki "mübarizə" anlamı daxili qarşıdurma, idealların əvəzlənməsi, tərəfdarların radikallığa çağırışları, yalnız irəliləmək üçün hərəkətə dəvətlə əvəzlənib.

Əvəz isə əsildən həmişə pis, təkrar orijinalla müqayisədə zəif, rimeyk ilkin variantdan maraqsız olur.

...Facebook-dakı dəvətlərə gəldikdə isə, cənablar, stadiona yığışmaq siyasi sağlamlıq və fəaliyyət məhsulu vəd etmir. Yığışıb yeni nə isə demək gərəkdir.

Yoxsa artıq klişeyə çevrilmiş "İstefa!", "Azadlıq" bağırıb "bəy havası"na rəqs etməyi siyasət sayırsınız?


Milli.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.