Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəlidirmi?
Çoxlarına gigiyenik görünməsə də, əslində mütəxəssislərin fikrincə bu uşağın sağlamlığı üçün xeyirlidir, onun immunitetini möhkəmləndirir.
Feat.Az medicina.az-a istinadən bildirir ki, bu istiqamətdə aparılan araşdırmanın nəticəsi Sietldə keçirilən "Allergiya, astma və immunologiya" konfransında açıqlanıb. Alimlər 128 ana arasında uşaqların əmziklərini necə təmizləmələri ilə bağlı sorğu keçiriblər. Onlardan əmziyi qaynar suda, qabyuyan maşında, axar suda sabunla və yaxud da ağızları ilə təmizlədiklərini soruşublar. Mütəxəsislər həmçinin uşaqların qanlarında olan E immunoqlobulinin miqdarını da ölçüblər. Bu immunoqlobulin müxtəlif allergiyalar və astma ilə bilavasitə əlaqədardır. Bu maddənin qanda miqdarı nə qədər çox olsa həmin xəstəliklərin inkişaf riski də bir o qədər yüksək olur.
Araşdırma göstərib ki, əmziklərini ağızları vasitəsilə təmizləyən anaların körpələrində E immunoqlobulinin səviyyəsi digər uşaqlarla müqayisədə daha aşağı idi. Bu hal ananın tüpürcəyi ilə uşağın ağız boşluğuna bakteriyaların düşməsi səbəbindən onların immunitetlərinin inkişaf etməsiylə əlaqəli ola bilər.