Əllərdə qaşıntı nədən yaranır?
Feat.Az bildirir ki, bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli açıqlayıb. Həkim bildirib ki, bəzi insanlarda quru dəri problemi genetik pozuntularla əlaqəlidir. Belə xəstələrdə sadəcə, əllərdə quruluq yaranmır: "Bədənin bütün nahiyələrində dəridə quruluq müşahidə edilir. Bu isə öz növbəsində dəridə qaşıntı şikayətini yaradır".
Onun sözlərinə görə, psixoemosional stres faktoru da əllərin qaşınmasına səbəb ola bilər. Belə xəstələrdə əllərin üst hissəsində və lokalizə qaşıntılar yaranır.
Əllərdə qaşıntı peşə xəstəliyi ilə də əlaqəli ola bilər. Bəzi peşə sahiblərinin daima əlləri müxtəlif allergenlərlə təmasda olduğu üçün əldə qızartı və qaşıntı problemləri yarana bilər. Məsələn, rəssamların əlləri daima sulu və yağlı boyalarla təmasda olduğu üçün əl dərisi qaşıntılı və qızartılı vəziyyətə gələ bilər.
Bəzən dəridə qaşıntı və qızartı problemi əllərdən bədənin digər yerlərinə də keçə bilər. Ümumiyyətlə, allergik dəri xəstəlikləri olan insanlarda əllərdə qaşıntı şikayəti tez-tez rast gəlinir.
Dermatoloq qeyd edib ki, əllərdə qaşınma infeksion mənşəli dəri xəstəliklərinə bağlı da yarana bilər. Əsasən əl barmaqları aralarında şiddətli qaşıntılar yaranır və qaşıntılar gecələr şiddətlənə bilir:
"Əllərin qaşınması göründüyü kimi polifaktorialdır. Yəni, çoxlu dəri xəstəlikləri və səbəblər əldə qaşıntı verə bilər. Peşəkar dəri həkimi ilk dəfədə sadə görsənin dəri xəstəliyinin dəqiq diaqnostikasını aparmalıdır. Əl qaşınması yaradan səbəb tapılarsa, bu problemdən biryolluq qurtulmaq da mümkündür".
M.İskəndərli onu da əlavə edib ki, problemin səbəbini tapmaq üçün histopatoloji, laborator, mikrobioloji, radioloji, allergik dəri testləri tələb edilə bilər. Diaqnoz və səbəb təyin edildikdən sonra problemin həlli çox asandır. Profilaktika düzgün və mütəmadı qaydada aparılarsa, əllərdə qaşınma problemi tamamilə aradan qalxa bilər.