Çəkini azaltmaq üçün pomidor, alma və yerkökü şirəsindən istifadə etmək yaxşı səmərə verir
Feat.Az bildirir ki, həkim-diyetoloq Sevinc Həsənzadə AZƏRTAC-a deyib: "Çəki atmaq üçün üç şirədən istifadə etmək xüsusilə yaxşı səmərə verir. Pomidor şirəsinin 100 qramında 18, alma şirəsinin 100 qramında 50, yerkökü şirəsinin 100 qramında 48 kalori var. Həmin şirələri qəbul edərkən həm rejimə düşmək olur, həmçinin orqanizmdən artıq toksinlər xaric edilir".
Onun dediyinə görə, əvvəlcə ağır karbohidratlı qidalar mümkün qədər rasiondan çıxarılmalıdır. Həzm sistemini yaxşılaşdıran yeməklərə üstünlük vermək, yağlı xörəklərdən imtina etmək tövsiyə olunur. Lifli qidalar da maddələr mübadiləsinin sürətləndirilməsinə kömək edir, əks halda həzm sisteminin fəaliyyəti pozula bilər: "Hər səhər bir dilim çörək üzərinə kəsmik yaxıb yemək və ya salatlarla qidalanmaq lazımdır. Günorta daha çox soyutma yeməklərə üstünlük verilməlidir, axşam isə balıq, göbələk, yanında isə çoxlu salatlar yemək daha yaxşıdır".
Mütəxəssislər deyirlər ki, yeməyin yaxşı həzm olması üçün piyada gəzmək, yuxu rejiminə düzgün əməl etmək lazımdır.