Hansı qadın əxlaqlıdır?

27 Ağustos 2014
1 453
0
Hansı qadın əxlaqlıdır?
Hansı qadın əxlaqlıdır?



Məni qınamayın, son vaxtlar gəlinin toydan qaçması əməlli-başlı moda düşüb. Qaçan gəlin haqqında hərə bir cür düşünür. Şübhəsiz, gəlinə el-oba arasında əxlaqsız deyən çox olur. Yəni gəlinin dalına bir vedrə bağlayırlar, içinə bir daş atırlar ki, danqıltısı hər yerdə eşidilir: ata-anasının başını aşağı elədi, el içində biabır oldu, Allah bilir, aparıb başına nə oyun açıblar.

Mənə elə gəlir ki, bu cür məsələlərdə insan heç nəyi nəzərə almır. Yəni insan qəfil dəyişir və qəfil anlayır ki, səhv yoldadır. Vallah, hərdən adam elə bezir ki, başını götürüb dünyadan qaçmaq istəyirsən, nəinki toydan.

Bəzən deyirlər, psixoloqlar bu məsələyə qiymət verməlidir ki, bilsinlər, gəlin toydan niyə qaçıb. Ancaq mənə elə gəlir ki, burada psixoloq rəyinə ehtiyac-zad yoxdur. Qadın istəmir və yeganə çıxış yolunu qaçmaqda görüb. Psixoloq ona nəyi başa salacaq ki? Başa salacaq ki, istəməsən də, dözməlisən?

Təəssüflər olsun ki, bizim psixoloqların əksəriyyəti çox mühafizəkardır və hadisələri milli-mənəvi-əxlaqi dəyərlər pəncərəsindən baxaraq analiz edirlər. Məsələn, əziz dostumuz Elnur Rüstəmovun 1937.az-da təxminən bu mövzuda bir yazısını oxudum və deyim ki, yazı psixoloq tövsiyəsindən daha çox ata-ana nəsihətinə oxşayırdı.

Əslində, toydan qaçmaq məsələsini biz çox faciəvi qəbul edirik. Məncə, burada faciə-zad yoxdur. Əksinə, başqa ailələrə də yaxşı bir nümunədir ki, onlar qorxsunlar, ehtiyat etsinlər və qızlarını zorla kiməsə ərə verməkdən çəkinsinlər.

Bir şey ki, insanın içində həll olunmur, tutalım, bir toy ki, insanın içində çalınmır, o gəlin toydan qaçsa yaxşıdır. Atasının mənasız sözü yerə düşməsin deyə ərə gedib və sevmədiyi bir kişiylə can verən qadınlar mənə elə gəlir ki, özlərini diri-diri oda atırlar. Azərbaycanda nə qədər belə ailələr var ki, axırda qızın atası ölən kimi ailə də dağılır və yaxud atasının başını aşağı eləməyən qız qarnında da bir uşaq geri qayıdır.

Ümumiyyətlə, dünyada iki adamın bir yastıqda qocalmasından əzablı heç nə yoxdur. Ən əzablısı da o ola ki, ürəyin istəmədiyi, ürəyinə yatmayan, sevmədiyin biri ilə hər gün üz-üzə oturmağa məcbursan. Heç olmasa, sevdiyinə birtəhər dözmək olar. Amma ata-ananın, el-obanın xətrinə sevmədiyin bir kişiyə nə qədər dözə bilərsən ki? Lap tutalım, dözdün, amma anlamaq lazımdır ki, bu dözməklə bərabər bir insan həyatı məhv olub gedir.

Mən də o vaxt bir qızı sevirdim. Sonra ayrıldıq və o, başqa bir oğlana ərə getdi. Həmin oğlanı da yaxşı tanıyıram. Çox mədəni oğlandır. Yaxşı işi-gücü, ev-eşiyi var, kostyum-qalstuk, hörmət-izzət, qanacaq-qabiliyyət də öz yerində. Boy-buxun, yaraşığa da söz yox; yemə, içmə tamaşa elə. Pul zibil kimi. Təsəvvür edin, hobbisi pul qazanmaqdır. Yəni mənim kimi avara deyil. İçkidən-zaddan da uzaqdır, səhər saat 9-da gedir işinə, axşam vaxtındaca gəlir xarabasına. İşi-gücü ailə qayğısı çəkmək, uşaqlarına atalıq etmək, ev-eşiyin qeydinə qalmaqdır.

Bir sözlə, sevgilim belə məzmunsuz bir adamla necə yaşayır, bilmirəm. Hər halda, öz işidir. Amma qadın olsaydım, məni ilk dəfə öpən, yəni ilk dəfə sevdiyim kişidən heç vaxt əl çəkməzdim. Nə olur-olsun, son nəfəsimə qədər uğrunda mübarizə aparardım. Halbuki mübarizə nədir, Azərbaycanda sevdiyi oğlana görə heç Allahın saman çöpündən də keçə bilməyən nə qədər qadınlar var.

Atam başımı kəsər, ölsəm də, atamın başını yerə soxa bilmərəm sözləri ilə sevdiyi oğlandan ayrılıb və ailəsinin məsləhəti ilə ərə gedən qızlar haqqında danışanda həmişə yadıma Dostoyevskinin bir fikri düşür: “Əzizim, mən sənə heç fikrimdə də xəyanət etməmişəm”.

Məsələn, məndən ayrılıb atasının sözü ilə başqasına ərə gedən sevgilim hər gecə beynində, düşüncəsində, fikrində toydan qaçır və hər gün fikrində ərinə xəyanət edir. Yəni mənəvi mənada atasının boyunu yerə soxur, başını aşağı eləyir ki, onun qızı xəyalında ayrı oğlanı düşünüb yataqda ayrı kişi ilə sevişir.

Görəsən, kim əxlaqlıdır? Mənim eks-sevgilim, yoxsa toydan qaçan gəlin? Mənə elə gəlir ki, hər gün ruhən qaçmaqdansa, canını götürüb birdəfəlik aradan çıxmaq daha gözəldir. Ona görə də toydan qaçan gəlinlərin hərəkətləri, fikrimcə, doğru addımdır. Və bunu nümunəvi hərəkət hesab edirəm. Rahat və xoşbəxt ola olmadığın hər yerdən qaçmaq məsləhətdir. Özü də vaxtında qaçmaq lazımdır. Saat 12-dən sonra gec ola bilər.


Hansı qadın əxlaqlıdır?


Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.