Yuxu görmək istəyirəm...

02 Nisan 2015
3 455
0
Yuxu görmək istəyirəm...
Yuxu görmək istəyirəm...


http://img-fotki.yandex.ru/get/5310/65387414.564/0_fff19_5cccc22d_XXXL.gif


İstəyirəm bu axşam yatım və səhər yuxudan duranda görüm ki son 25 il olmayıb.Baxım ki, hamı adi qayda ilə məktəbə,işə yollanır və düşünüm:”Bu nə axmaq yuxu idi mən gördüm!”

Görüm ki torpaqlarımız erməni işğalı altında deyil.Yenə də sakit may səhərində məktəblilər avtobusla Şuşaya gəzməyə gedirlər.Bir istirahət gününü vətənimizin gəzməli,görməli bir yeri olan Şuşada keçirəcəklər.Ordan maraq dolu xatirələrlə və şəkillərlə qayıdacaqlar.

Görüm ki daha küçədə zibil qutularını eşələyən ac,cır-cındır içində olan qocalar da yoxdu.Küçədə əl açıb dilənənlər hər tin başını tutmayıb,yolun kənarında körpəsini qucağına sıxaraq sürücülərdən pul istəyən qızcığaz da harasa yox olub.

Kasıb ailələri belə pis vəziyyətdə görməyim.Heç olmasa uşağına məktəbli forması almağa gücü çatmayan valideynin gözlərindəki ümid işığını görüm-dövlət özü kasıb ailələrin uşaqlarını məktəbli forması ilə təmin edəcək. Kommunal xərcləri ödəyə bilməyən insanların qışın soyuğunda qaranlıq otaqda soyuqdan odeyala büründüyünü də görməyim.

Günü gündən yağlanan,piylənən burjuyları,onların yanında kiçilən,aşağı görünən insanları görməyim.Görməyim ki hələ maşın sürməyə yaşı çatmayan papa uşağı növbəti bir ailəni başsız qoyub,neçə nəfərin göz yaşına səbəb olsa da səhəri gün eyni qayda ilə,eyni surət ilə həmin küçədən keçir.

Bütün əmək haqqını kommunal xərclərin ödənilməsinə verib sonra evdə çörək almağa pulu qalmayan atanın acizliyini görməyim.O atanın ki seçim qarşısında qalacaq:kommunal xərcləri ödəsin yoxsa uşaqlarını yedizdirmək üçün bazarlıq eləsin.Cib xərcliyi istəyən oğlüna pulum yoxdur deyən atanın o an keçirdiyi hissləri mən də yaşamayım.

Minimal əmək haqqı adlanan istehza dolu o rəqəmi görməyim.Təqaüdçülərin heç bir həftəyə də bəs etməyən gülünc təqaüdlərinə baxıb utanmayım.Görməyim ki,minimal əmək haqqının "artması”na baxmayaraq insanlar günü gündən kasıblaşır.

Görməyim ki,bir insan neçə il işləməlidir ki özünə yaşamaq üçün heç olmasa adi şəraiti olan bir ev düzəldə bilsin.


Ali təhsil diplomu olan bir gəncin gündəlik iş üçün ora bura vurnuxduğunu görməyim.İş tapa bilməyən,tapdığı işlərin qarşılığında alacağı əmək haqqını dilə gətirməyə utanan gəncin evlənib ailə qurmaq xülyasından əl çəkdiyinə şahid olmayım.Günü gündən dəyişən,heçə çevrilən əxlaqi dəyərlərin yerini yüngül həyat devizinə çevrişmiş əxlaqsızlıqla əvəz olunduğunu görməyim.

Semestrin sonunda tələbələrin müəllimi "görmək”lərini mən görməyim bircə.Müəllim kimi şərəfli bir adın rüşvət,pozğunluq,qızları yoldan çıxarma kimi terminlərlə sakitcə və heç bir dəhşət yaratmadan çəkilməsini görməyim bəlkə.Bəlkə hamilə olan 6-7 sinif şagirdi,narkoman məktəblilər,”kişiləşmiş” qadınlar,”qadınlaşmış” kişilər də tamamilə yad olsun cəmiyyətə.

Televizorda hər gün izlədiyimiz xəbərlərdə ölüm görməyim.Görməyim ki,hər şey dağılır,batır,enir.Mən bundan yaman yorulmuşam.Mən son bu ili rahat yaşamaq istəyirəm.İstəyirəm insanların yüksəlişini eşidim,qələbələrinə sevinim,övladlarımızın ölüm xəbərini yox,nailiyyətlərini paylaşaq.Dəqiq bilim ki orta məktəbi bitirib mütləq ali məktəbə qəbul olunacam,imkanımdan asılı olmayaraq təhsil almaq hüququm olacaq.

Dəqiq bilim ki gecəyədək həyətdə ,küçədə yoldaşlarımla gəzə bilərəm və valideynim düşünməyəcək ki ilahi görəsən necə bir kompaniyaya düşə bilər.Dəqiq bilim ki,bazar günləri "Nağıllar aləminə səyahət”,axşamlar "Gecəniz xeyrə qalsın” efirdə olacaq və biz səbirsizliklə onu gözləyəcəyik.Dəqiq bilim ki tətillərdə sevimli uşaq filmlərini izləyəcəyik.Yay tətilini keçirmək üçün nə qədər uzaqda olsa da nənələrimizin yanına gedə biləcəyik,daha bu valideynlərimizə yarım illik əmək haqqı bahasına başa gəlməyəcək.

İstəyirəm ki sabahım üçün qorxmayım.İstəyirəm ki mənim uşaqlarımın da sabahı sual altında olmasın.İstəyirəm yuxudan ayılım və görüm ki son bu neçə il sadəcə dəhşətli bir yuxu imiş...


http://img-fotki.yandex.ru/get/5310/65387414.564/0_fff19_5cccc22d_XXXL.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.