Gözə Görünməyən Adamlar

Gözə Görünməyən Adamlar
Gözə Görünməyən Adamlar

Bütün reklamlarda təbliğ olunan xoşbəxt həyat səhnələri sizin də televizorda göstərirsə və hələ də təbəssümün diş məcunundan asılı olduğunu düşünürsünüzsə, sevgiliniz olmadığına görə hamamdakı adı güclə oxunan şampunu günahlandırırsınızsa, üzünüz qaş-qabaqlı ola-ola whatsappda “gülər üzlər” göndərirsinizsə, “İndi həmin adamın üzünü gözünüzün qabağına gətirin”.

Fikir kimi qırılan yolların ağ xəttlərinin kənarı ilə gedəndə özünüzü başlı-başına buraxılan səki hesab edirsinizsə, avtobusda camaatla birgə yırğalananda, tutacaqdan sallanan yaşlı xanıma gec yer verdiyinizə görə oturmaqdan imtina edirsə və oturacağın boş olduğu halda heç bir sərnişin oturmağa cəsarət etmirsə, elə bu vaxt nagahan qəzada öldüyü ehtimal olunan adamlar görürsünüzsə, indi avtobusun pəncərəsindən çölə baxan həmin adamların üzünü gözünüzün qabağına gətirin.

Ziyafətə gedəsən, orda bir qız bəyənəsən, yaxınlaşmaq barədə planlar qurasan, beynində üç-dörd cürə romantik salamlaşma variantları uydurasan, tam cəsarətini toplayıb yaxınlaşmaq istəyəndə səndən əvvəl yaşlı bir kişinin artıq ünsiyyətə keçdiyini görəsən... Elə bil danışmağa başlayan kimi reklam fasiləsinə görə sənin sözünü kəsir aparıcı. İndi həmin adamın üzünü gözünüzün qabağına gətirin.

TV-lərimizdə müğənnilərin bağ evlərindən çəkilən verilişlərə avtobuslarda darıxmamaq üçün təkrar-təkrar oxuduğumuz “siqaret çəkmək qadağandır”, “gediş haqqı 20 qepik” cümlələri kimi baxırıqsa, aparıcılar müştərisi çox olan mağazaların vergidən qaçan, yad adam görəndə isə kassa aparatının klavişini həyəcanla takkıldadan satıcıları kimi arabir reytinqli veriliş apardıqlarını qeyd edirlərsə, elə bil günorta saatlarında öz işlərini bacarıqsız şagirdinə tapşırmış ustanın bərbərxanasına gedirsiniz. İndi zəhmət olmasa həmin adamın üzünü gözünüzün qabağına gətirin.

Kirayə evdə kitabların arasında tənhalığı eynəyini axtaran adam kimi gəzirsinizsə, havanın dəyişməsi canınızı paltarının bir hissəsi metro qapıları arasında qalan adam kimi sıxırsa, yazdığınız yazını su butulkalarının üstünü oxuyacaq adamlar qədər oxunmasını ehtimal edirsinizsə, külək açıq qoyduğunuz pəncərəni canı ağrıyan adam kimi arabir inildədirsə, indi bu şəraitdə yaşayan adamın üzünü gözünüzün qabağına gətirin.

Bu sifətlər “Tarqovı”da öpüşən cütlüyün rəsmi qədər sizə tanış gəlməsə də, bilin ki, şəhərimizdə gözümüzün qabağına gəlməyən adamlar da yaşayır.


Müəllif:Vüsal Hacı

Redaktə etdi: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.