Başqasına tәnә etmә, öz başına gәlәr!..

09 Mayıs 2015
921
0
Başqasına tәnә etmә, öz başına gәlәr!..
Başqasına tәnә etmә, öz başına gәlәr!..


Məzəmmət — insan oğlunun ən qüsurlu sifətlərindən biridir.. Heç bir vaxt, qarşı tərəfi (tənə olunanı) məmnun etməz, ona qarşı əziyyətdən başqa bir şey olmaz..


Başlıqda qeyd etdiyimiz sözün açıqlaması belədir: Etdiyi günahdan dolayı dostunu, qardaşını biabır etməyə çalışma.. O günah və qüsur sənə dönəcək və onu (həmin günahı) etməyin, qaçınılmaz olacaq… Bu söz məşhur hədis alimi Tirmizi`nin «əl-Cəmi» adlı əsərində rəvayət etdiyi bir hədisdən alınmışdır..

Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurur: «..Kim qardaşına (etmiş olduğu) bir günahdan dolayı tənə etsə, o (tənə edən), həmin günahı işləmədən ölməz..»


Bəzi alimlər bu hədisi «tövbə etdiyi bir günahdan ötəri məzəmmət etsə… » şəklində şərh etmişlər. Həmçinin, bu məzəmmətlə yanaşı, tənə edilən adamla bir növ lağ-lağı və günahını ifşa etmə də, vardır. Mərfu olaraq rəvayət edilən hədisdə belə buyurulur: «..Qardaşını (etmiş olduğu) günahından ötrü ayıblayıb (məzəmmət edib) sevinmə.. Bir də görərsən ki, Allah ona mərhəmət edər, səni isə, bəlaya düçar edər..»

Digər bir ehtimal da budur: Günahından ötrü qardaşını ayıblamaq, daha böyük bir günah, onun üsyanından daha şiddətli bir üsyandır. Çünki, bu günah — itaət və ibadətə, nəfsi təmizləməyə, nəfsin şükrünü ifadə etməyə, günahlardan xilas olmaq üçün nəfsi hesaba çəkməyə vəsilə ola bilər. Din qardaşın bu günahdan dönmüş və bəlkə də, işlədiyi günahından dolayı çox pis bir vəziyyətdədir. Bu günahın həmin insanda meydana gətirdiyi zillət və nəfsi-tərbiyə — onun «mən»lik iddiasından, qürur və ucbdan (özünü bəyənməkdən) xilas olmağa çalışması, Allahın hüzurunda boynu bükük, başı aşağı, ürəyi qırıq olaraq dayanması, sənin itaətinin çoxluğundan, hazırladığın ibadətlərdən və bunu Allaha və məxluquna minnət saymağından daha xeyirlidir.

Elə isə bu asi insan Allahın əzabına nə qədər də yaxındır! Allah`ın hüzurunda qulu zəlil edən bir günah, ətrafa öyünərək elan etdiyin bir ibadətdən daha xeyirlidir. Çünki, özünü bəyənən insanın əməli Allah qatına yüksəlməz. Günahını etiraf edərək gülmən, göstərişlə elan edərək ağlamandan daha xeyirlidir. Allah qatında günahkarların inləmələri, ətrafa elan edərək zikr edənlərin səs-küyündən daha xeyirli və daha sevimlidir. Bəlkə Allah ona, bu günahı səbəbilə bir dərman içirər və heç hiss də etmədən bir xəstəlik verər.
Doğrusu, Allah`ın itaət və üsyan əhli haqqında yalnız Özünün bildiyi bir sıra sirləri vardır. Bu sirləri ancaq bəsirət əhli görə bilər. Onlar da, bu sirrlərin yalnız insan ağlının dərk edə biləcəyi qədərini bilə bilərlər. Bundan başqasını isə, heç Uca Allah`ın mələkləri belə bilə bilməzlər.

Әziz Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurur: «..Sizdən biriniz, nökəri zina etdiyi zaman, hədd (cəzası) tətbiq etsin, onu ayıblayıb, qınamasın..» (Buxari və Muslim)

Yusuf Peyğəmbərin (Allahın ona salamı olsun) qardaşlarına söylədiyi söz də bu qəbildəndir: «..Bu gün sizə (etdikləriniz günahlara görə) qınama, məzəmmət yoxdur..»

Həqiqətən də Uca Allah, Öz Elçilərinə hikmət, ədəb və böyük bir əxlaq bəxş etmişdir.. Yusuf`un məşhur hekayəsi hamıya məlumdur. Ona verilən bu qədər əziyyətlərdən sonra, qardaşlarına artıq heç bir söz söyləmədi, əksinə onlar üçün Allah`dan bağışlanma dilədi.. Bu, hamı üçün gözəl bir örnək olmalıdır: «..Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən Rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)..» (Yusuf, 92)

Doğrusu, insanı qoruyan, onlara müvəffəqiyyət bəxş edən yalnız Uca Allah`dır. Allahu Təalə, məxluqat içərisində Özünü (Allahı) ən yaxşı tanıyan və Özünə ən yaxın olan əziz Peyğəmbərinə belə xitab etmişdir: «..Әgər biz səni sabit etməsəydik, yəqin ki, az da olsa onlara meyl edəcəkdin..» (İsra, 74)

Yusuf Peyğəmbər belə deyirdi: «..Sən onların (Yusufu fitnəyə düşürmək istəyən qadınların) hiylələrini məndən çevirməsən, onlara meyl edər və cahillərdən olaram..» (Yusuf, 33)

Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) belə buyurur: «..Elə bir qəlb yoxdur ki, Rəhman`nın iki barmağı arasında olmasın.. O, qəlbi istiqamətləndirmək istəsə istiqamətləndirər, sürüşdürmək istəsə də, sürüşdürər..» (İbn Macə, Muqəddimə, 13 ; «Musnəd» 4-cü cild, 182.)

Biz də, məxluqatın ən şərəfli insanının (Allahın ona salavat və salamı olsun) etdiyi kimi, dua edirik: «..Ey qəlbləri çəkib çevirən Allahım, qəlblərimizi Sənə itaət etməyə yönəlt..» (Muslim və Tirmizi)

Uca Allah bizləri bu cür sifətlərdən uzaq etsin, bu cür sifətlərə sahib olanları isə, islah etsin, onları bağışlasın..

(Bu yazının tərtibində «Mədəricus-Səlikin» adlı kitabdan geniş şəkildə istifadə olundu.)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.