Hikmətli sözlər

25 Mayıs 2015
2 822
0
Hikmətli sözlər
Hikmətli sözlər
"Yol üstündə düşüb qalmış və insanların gəlib-keçməsinə əngəl olan daş, sümük, tikan kimi maneələri yoldan qaldırıb kənara tullamaq da insana sədəqə qədər savab qazandırar”.

Həzrət Mühəmməd Peyğəmbər (s.).
(Sünənüt-Tirmizi, Birr kitabı, bab 36, hədis 1956).


Deyirlər ki, keçmiş zamanlarda bir padşah yol çəkdirmişdi. Işlər görülüb-qurtarandan sonra yolun açılış mərasiminin vaxtı elan olundu. Amma padşah mərasimi adi şəkildə deyil, yarışma formasında təşkil etmişdi. Ölkəyə car çəkildi ki, padşahın elan etdiyi yarışmada hər kəs iştirak edə bilər. Yarışın şərti isə bundan ibarətdir: Yeni çəkilmiş yoldan ən gözəl şəkildə keçən şəxs böyük mükafat alacaq.

Təyin olunan gün xeyli adam yolun üstünə yığıldı. Kimisi ən gözəl paltarını geyinmişdi, kimisi ən yaraşıqlı atını və arabasını bəzəyib gətirmişdi, kimisi isə yolu xüsusi əda ilə keçməyə çalışırdı. Yol gedə-gedə dua edən, mahnı oxuyan, padşaha tərif deyən də vardı. Hər kəs yarışmanın qalibinin özü olacağını düşünürdü.

Günün sonuna yaxın yolun o biri başına xeyli adam gəlib-çatdı. Onların hamısı yolun geniş və rahat olduğunu söyləyir, razılıq edirdilər. Amma təzə çəkilmiş yolun bircə eybi vardı: düz yolun ortasına daş-kəsək qalağı tökülmüşdü. Hamı təəccüb edirdi ki, nə əcəb padşah daş-kəsəyi yığışdırmağı tapşırmayıb. Daş qalağı yolun həmin yerindən keçməyi əməlli-başlı çətinləşdirirdi. Çoxlarının ayağı daşlara toxunaraq əzilmiş, üst-başı toza bulaşmışdı.

Amma padşah heç kimə əhəmiyyət vermirdi, mükafatı verməyi ləngidir, sanki kimi isə gözləyirdi. Mükafat ümidi ilə gələnlərə padşah etina göstərmirdi. Hamını bu sual düşündürürdü: "Görəsən, padşah mukafatı kimə verəcək?”.


Günün sonuna yaxın sadə geyimli bir oğlan yolun axırına çatdı. O, nə başqaları kimi bər-bəzəkli geyinmiş, nə də cins ata minmişdi, yol-yerişi də ədasız, mütəvazi idi. Əyin-başı toz-torpağa bulaşmışdı, sanki ağır bir işi görüb gəlirdi. Oğlan əlində iri bir kisə də gətirirdi. Hökmdara çatdı, ədəblə salam verdi. Kisəni hökmdara tərəf uzadıb dedi: "Padşah sağ olsun, yolun ortasında iri bir daş-kəsək qalağı gördüm, camaatın rahat keçməsinə maneçilik törədirdi. Mən daş-kəsəyi təmizləyib yolun kənarına tökdüm, altından bu qızıl kisəsi çıxdı. Yəqin ki, bu pullar Sizindir. Çünki yolu siz çəkdirmisiniz. Ola bilər ki, ustalar pulu daş-kəsəyin altında itiriblər”.

Padşah mehribanlıqla söylədi: "Bu pul kisəsi əslində sənindir”.

Təəccübdən özünü itirən oğlan cavab verdi: "Xeyr, mənim ola bilməz! Mənim ömrümdə bu qədər pulum olmayıb”.
Padşah dedi: "Sən bu pulu halal zəhmətinlə qazanmısan. Bu günkü yarışmanın mükafatı elə bu puldur”.

Sonra padşah toplaşan camaata sarı dönüb dedi: "Yarışmanın qalibi bu oğlandır. Çünki yoldan ən gözəl şəkildə keçən – özündən sonra gələnlərin yolunun üstündəki əngəlləri qaldıran adamdır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.