Müsəlmanları birləşdirən dəyər..

01 Temmuz 2015
1 815
0
Müsəlmanları birləşdirən dəyər..
Müsəlmanları birləşdirən dəyər..

“İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar...” (Həcc, 27-28)

Hər il həccə yüz minlərlə müsəlman gəlir. Öz mənfəətlərinin şahidi olsunlar deyə, Allah-Təala onlara həcci vacib buyurmuşdur. Həmin mənfəətlərdən biri də, bəlkə də ən alisi müsəlmanların ildə bir dəfə bir yerə toplaşması, məşvərət etməsi, birliklərini nümayiş etdirməsi, iradə və güclərini ortaya qoyması, həmçinin, dünya müsəlmanlarının problemlərini çözmələridir.
Milliyyətindən, irqindən, dərisinin rəngindən, məzhəbindən asılı olmayaraq bu qədər müsəlmanların yaxından və uzaqdan onların illik konfransı və qurultayı sayılan həcc ayinini ən layiqli şəkildə yerinə yetirmək üçün gəlmələri bir tərəfdən ürəkaçan vəziyyət olsa da, digər tərəfdən əsas məqsədin və onun nailiyyətlərinin arxa plana keçməsi bizim görmək istədiyimiz və həyata keçməsinə çalışdığımız ümidləri doğrultmur. Hətta belə bir vacib məsələnin mahiyyətinin həqiqətlərini sual altına qoyur. Halbuki həcc müsəlmanların birliyi və həmrəyliyi üçün ən gözəl fürsətdir. Əgər həcc kimi bir ibadət olmasaydı, bəlkə də müsəlmanlar bir yerə bu şəkildə toplaşmazdılar. Doğrudur, camaat namazı, cümə namazı, bayram namazları da müsəlmanları birləşdirən dəyərlərdən və ibadətlərdəndir. Amma həcc ibadətinin digər ibadətlərdən fərqi bütün dünya müsəlmanlarını bir araya gətirə bilməsidir.

Lakin bir müsəlman zehni olaraq məni düşündürən budur ki, görəsən müsəlmanlar həccin əsas məqsədi kimi, öz mənfəətlərinin nə qədər şahidləri ola bilirlər? Görəsən, hacılar birgə təvaf etdikləri kimi onların qəlbləri də birdirmi və öz həmrəyliklərini şüurlu şəkildə dərk edə bilirlərmi? İslama qarşı yönəlmiş məqsədyönlü siyasətlə mübarizədə vahid cəbhədə dura bilirlərmi?
Həqiqətdə, İslam ümmətinin hazırkı durumuna nəzər saldıqda açıq-aydın görmək olur ki, müsəlmanlar hələ də ayrı-seçkilik problemini yaşayırlar. İslama zidd olan qüvvələr tərəfindən ortaya atılan fitnə-fəsada uyub öz daxilindən parçalanır və nəfsi istəklərinin qurbanlarına çevrilirlər. İmperialist və hegemon dövlətlərin qurduğu siyasətə, məqsədyönlü planlara aldanaraq düşmənlərini xaricdə deyil, daxildə axtarırlar. Bundan başqa müsəlman ölkələrində baş verən problemlərə bir müsəlman ürəyi ilə münasibət bildirmək əvəzinə ona həddən artıq laqeyd yanaşırlar. Çox təəssüfləndirici haldır ki, hər gün əksər müsəlman ölkələrində baş verən müxtəlif növ iğtişaşlar, terror aktları, hakimiyyət davası, qarşıdurmalar müsəlmanların həmrəyliyini daha da sarsıdıraraq onları gücdən salmışdır. Müsəlmanların vəziyyətinin ağır olduğu bir halda qlobal problemləri kənara qoyub kiçik məsələlərlə özlərini məşğul edən müsəlman ölkələri belə vardır.
Əlcəzairdə, Sudanda, Somalidə, İraqda, Fələstində, Əfqanıstanda, Pakistanda və s. müsəlman ölkələrində baş verən daxili toqquşmalar təəssüflə ki, din və məzhəb adından baş verir. Halbuki, nə din, nə də məzhəb ondan ötrü gəlməmişdir. Bizim duyğusal davranışlarımız, dinimizi Allahın və Peyğəmbərin (s) istədiyi kimi yox, nəfsimizə uyğun şəkildə başa düşməyimiz ən acı faktlarla bizi üz-üzə qoyur. Məgər Qurani-Kərimdəki bu ayəyə bir dəfə də olsun rast gəlməmişik?
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?" (Casiyə, 23)

Əlbəttə, müsəlmanların vəhdətini zədələyən, birliyini pozan bütün bu arqumentlərin arxasında nəyin durduğunu və problemlərin haradan qaynaqlandığını bilmək hər birimiz üçün önəmlidir və onun həlli yollarını da araşdırmaq vacibdir.
Heç şübhə yoxdur ki, İslam dünyasında baş verən hadisələrin səbəbi din və məzhəb məsələsi deyil, əksinə siyasi arenada yer tutmaq istəyən qüvvələrin mübarizəsidir. Bu mübarizədə ən çox qurban gedən isə din və dindaxili məzhəb faktorlarıdır. Hər bir siyasi qruplaşma mövqeyini gücləndirmək, hegemonluq etmək üçün məzhəb faktorundan istifadə edərək dinc yanaşı yaşamanı pozur və məqsədinə çatmaq üçün hər bir siyasi hiyləyə əl atır. Həmçinin, məzhəb faktorundan istifadə edən təkcə siyasi qüvvələr deyil, həm də hegemon dövlətlərdir.
Herzliya konfransının son iki bəyanatına əsasən imperialist və sionist qüvvələr belə bir nəticəyə gəlmişlər ki, regionda İsrail dövlətinin qalması üçün müsəlman dünyasında hər zaman asayişi poza bilən faktorlardan yararlanmaq lazımdır. Ən yaxşı alət isə məzhəbçilik faktorudur. Xüsusi ilə də Yaxın Şərqdə Türkiyə, İran və Ərəb dövlətlərini bir-birinə qarışdıra bilən məzhəbçilik amili böyük rol oynayır. Görəsən, bu həqiqətləri dərk edən şüurlu müsəlmanlar vardırmı ki, ümmətin gələcəyinə ümid gözü ilə baxmaq fürsətinə sevinək?! Bütün bu problemlərin yeganə həlli İslam birliyinə və həmrəyliyinə dönüşdür. Allahın dinindən, kitabından möhkəm yapışmaqdır. Ən əsası da həccin sirlərinə vaqif olmaqdır. Əgər müsəlmanlar həccin sirlərinə, həmçinin, ən üstün sirri sayılan birlik və həmrəylik hədəfinə yetişsələr, bu böyük güc və iradənin qarşısında hansı antiislam qüvvələr dayana bilər?! Məgər Allah-Təala möminlərə müraciətində bu həqiqəti söyləmirmi:
“Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz daha üstünsünüz!” (Ali İmran, 139)
Həccin öz universal işarələri ilə başqalarından fərqlənməsi və rəmzi mənalar daşımasını başa düşdükdən sonra onun əməllərinin arxasında duran sirləri də başa düşə bilərik.

Həccin ilk əməllərindən sayılan ehram paltarını geyinmək həqiqətdə nəfsin rəzilliklərindən yaxa qurtarmaq, Allahdan başqa hər bir pisliyə açılan nəfsin qapılarını bağlamaqdır. O nəfslə ancaq Allahı düşünmək və Ona xidmət etmək gərəkir.
Təlbiyəni dilə gətirməklə (ləbbeyk Allahummə ləbbeyk deməklə) insan nəfsini həmin rəzil sifətlərdən təmizlədiyinə, itaət edəcəyinə şahid durur.
Ehram geyinəndən sonra təvaf etmək Allahın həqiqətdə hərəmi sayılan qəlbin Onun qüdsiyyəti ətrafında dövr etməsidir. Hədsiz sevən qulun ona nemət verən və sevgisinin isbatı üçün bacardığını sevə-sevə etməsidir. Sevən SEVDİYİNİ görməsə də, Onun nemətlərini görür.
Təvafdan sonra edilən səylə gedişində Allahdan məğfirət diləmək (Ey Rəbbim, Sən məni bağışlamasan, bəs kim bağışlayacaq!), qayıdışında isə Ondan rizvan diləməkdir (Ey Uca Rəbbim, bu zəlil və aciz qulundan razı qal! Sənin razılığın mənim üçün bütün məxluqatın razılığının fövqündədir).
Səydən sonra Ərəfatda vüquf edib duaya dayanmaq xüşu ilə dolu qəlbi dilə gətirməkdir, ürəkdə olanları nitqə çevirməkdir. Ən gözəl istəkləri onu həyata keçirəndən (Allahdan) diləməkdir.

Şeytana daş atmaq isə şər amillərini, nəfsin pisliklərini daşlamaqdır. Fərdi və cəmiyyəti uçuruma aparan nəfsi istəklərin qarşısında əzm və qətiyyətlə dayanmaqdır.
Qurban kəsmək bu ibadət növlərinin sonunda gəlir. Artıq nəfs qurban verilir, paklaşır, yeni həyat başlayır, yeni səhifələr açılır. Allahın əzmkar qullarından olmaq, qoşununda olmaq həmin qurbanlığın rəmzidir.
Allahu əkbər deyən kimsə, Allah qarşısındakı heçliyini etiraf etmiş olur.

mənbə-azerislam.com

R.t.Zemichka

Müsəlmanları birləşdirən dəyər..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.