Niyə Gülürsən Qoca?

02 Ocak 2016
2 352
1
Niyə Gülürsən Qoca?

Niyə Gülürsən Qoca?

Əynində çirkli, cırıq pal-paltarı, paltarlarından daha kirli, tük basmış, qırışmış üzü var idi. Bakının izdihamlı küçələrindən birində yerdə əyləşib öz-özünə qəhqəhə çəkərək gülürdü. Bununla sanki bütün diqqəti özünə çəkməyə çalışırdı və bunu çox gözəl də bacarırdı. Ətrafındakı hər kəs maraqla ona baxır, hətta bəziləri onun qarşısından ötüb keçdikdən sonra belə çevrilib bu səhnəyə baxmaqdan özünü saxlaya bilmirdi. Mən bir az kənarda dayanıb baş verənləri diqqətlə izləyirdim. Qarşımdan keçən insanların bu qoca haqqında sözlərin hər birini eşitməyə, qaçırmamağa çalışırdım. Bəzilərinin bu qocaya yazığı gəlir, bəziləri ona baxıb gülür, ona dəli damğası vururdular. Amma məni ən çox düşündürən kiçik bir qız uşağının anasına verdiyi sual oldu: “Ana o nəyə gülür?” Bəlkə də elə bu sual məni ona yaxınlaşmağa vadar etdi. Görəsən o nəyə gülür? Niyə görə bu sual məni kimi digər insanları da maraqlandırmırdı? Hər kəs, – elə mən özüm də – onun nəyə güldüyünü düşünmək yerinə, ən asan yolu, onu dəli adlandırmağı seçmişdik. Ya da onun halına təəssüflənməyi. Bəlkə həqiqətən də qocanın gülməyə maraqlı bir səbəbi var? Bəs nə idi bu səbəb? Bu fikirlərin müşayiəti ilə qocaya yaxınlaşdım. Çöməlib onunla üzbəüz dayandım. Ətrafımdakıların maraq dolu baxışlarını üzərimdə hiss edirdim. Ancaq onların nə düşündüyündən daha çox qocanın niyə güldüyü maraqlandırırdı məni. Öz-özünə nəsə pıçıldayır, sonra başını təsdiqləyirmişcəsinə sallayır və bərkdən gülürdü.
Yavaşca onun əllərinə toxundum. O başını qaldırıb mənə baxdı. Bu baxış bədənimi bir anlıq iflic vəziyyətinə salmışdı. Onun çökmüş, sönük gözlərindəki kədəri ən ürəkdən gələn gülüş belə gizləyə bilməzdi. Baxışlarımı onun gözlərindən yayındırıb əlimlə onun kirli, dərisi büzüşmüş əllərini ovuşdurdum:
– Nəyə gülürsən, ay dayı?

Gözləri doldu, gülümsəyən dodaqları büzüşdü, üzündəki qırışlar sanki birdən-birə ikiqat artdı. Sanki bir neçə saniyə əvvəl qəhqəhəylə gülən qoca deyildi. Sakit, xırıltılı səsində, parkda oynayan digər uşaqlardan küsüb, kənarda büzüşüb duran bir uşağın küskünlüyü var idi. Cavabı isə valideyni tərəfindən məzəmmətlənib qaranlıq zirzəmiyə qapadılan uşağın “birdə eləməyəcəm” deməsi qədər saf idi:
– Səbəbini desəm, onu da əlimdən alacaqsız axı…
Müəllif: Nurəddin Məmmədli

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 27 Ocak 2016 23:07
    Oxucunu intizarda saxlayan mənalı hekayədi. Oxuduqca qonanın nəyə güldüyü məni də düşündürürdü.Düzü ,qocnın nəyə güldüyünü tam anlaya bilmədim. Sonda da açıq bir fikir bildirilmədi. Mənə elə gəlir ki, qoca öz dərdinə həyatındakı çətinliyinə görə əzab çəkir.Bunun üçün də gülür. Bu mənim öz fikrim idi. Nədənsə hekayəni tam anlaya bilmədim. Təşəkkür)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.