Heç kəs heç vaxt sizin kimi olmayıb - Oşo

Heç kəs heç vaxt sizin kimi olmayıb - Oşo
Feat.Az Oşonun "Emosiyalar" kitabından seçmələri təqdim edir

Nə qədər ki vaxtınız, imkanınız var, özünüzə "qərq" olun, özünüzü müşahidə edin. Özünüzə yenidən, daha yaxın gedin, öz varlığınızın həqiqətinə daha çox yaxınlaşdıqca, özünüzü daha çox anlayacaqsınız.

Əgər siz hirsinizi tökdüyünüz adam ağıllı adamdırsa, burda heç bir problem yoxdur. O razı olacaq ki, siz hirsinizi ona töküb sakitləşəsiniz. Amma elə ki, hirsinizi tökdüyünüz adam nadandır - o sizə reaksiya verəcək. O da hirsini sizə tökəcək. O sizin üstünüzə daha çox hirs tökəcək. Bu halda zəncir yaradırsınız, hirsinizi ona tökürsünüz, o da sizə. Sonda düşmən olursunuz.

Hirsinizi heç kimin üstünə tökməyin.
Hirsiniz də qusmaq kimi bir şeydir. Qusmağınız gələndə gedib kiminsə üstünə qusmursunuz axı. Hirsi də qusmaq kimi qaytarmaq lazımdır. Qusmağınız gələndə hamama gedib qusursunuz, bütün bədəniniz təmizlənir. Əgər qusmasanız, bu bədəniniz üçün çox təhlükəlidir. Qusanda isə bədəniniz təmizlənir, boşalır, sanki ağır yükdən xilas olur, sağlam olursunuz. Yediyiniz yeməkdə nəsə bir problem olmuşdu, qusmaqla ondan imtina etmiş oldunuz.

Birincisi odur ki, reaksiya ilə cavab arasında fərq var. Reaksiya başqa şəxs tərəfindən idarə olunur. Kimsə sizi təhqir edir, siz acıqlanırsınız, siz acıqlı hərəkət edirsiniz. Bu, reaksiyadır. Müstəqil deyilsiniz, istənilən adam sizi bu və ya digər başqa yola çəkə bilər. Sizə tez təsir etmək olur, siz asanlıqla şantaj olunursunuz. Reaksiya emosinal şantajdır. Siz acıqlı deyildiniz. Kimsə sizi təhqir etdi, onun təhqiri sizdə acıq oyatdı, indi sizin hərəkətinizə səbəb də acıqdır.
Cavab isə azadlıqdan doğur. Cavab başqa bir şəxsdən asılı deyil. Başqa adam sizi təhqir edə bilər, amma siz acıqlı olmursunuz. Əksinə siz fikirləşirsiniz, götür-qoy edirsiniz, öz-özünüzə sual verirsiniz ki, axı o sizi niyə təhqir etdi? Bəlkə o təhqir etməkdə haqlıdır? Əgər həqiqətən də belədirsə, siz ona hirslənməkdənsə ona minnətdar olmalısınız.
Bəlkə sizi təhqir edən səhv edib? Əgər o səhv edibsə, niyə onun səhvi ucabtından ürəyinizi hirslə zədələməlisiniz?

Alkoqol insanı necə kor edirsə, emosiyalar da eləcə kor edir.

Qəzəbin psixologiyası belədir ki, siz nəyisə istədiniz, kimsə sizə onu əldə etməkdə mane oldu. Kimsə yolunuzda durdu. Sizin bütün enerjiniz nəyisə əldə etməyə yönəlir, kimsə bu enerjinin yolunu kəsdi, siz istədiyinizi ala bilmədiniz. Bax, onda bu alt-üst edilə enerji qəzaba dönür - arzunuzu həyata keçirmək imkanınızı darmadağın edən, sizə mane olan o şəxsə qarşı.

İrəliyə doğru hərəkət edin, daha dərinliyə gedin, elə bir yerə çatacaqsınız ki, orda qəzəb yoxdur.
İçinizdə, mərkəzdə heç bir qəzəb yoxdur.

Qəzəb heç vaxt mərkəzdən gəlmir, o, eqodan gəlir. Eqo da saxta obyektdir.

Əgər siz içinizin daha dərinliyinə getsəniz, görərsiniz ki, qəzəbiniz kənardan, çöldən gəlir, mərkəzdən yox. Qəzəb mərkəzdən gələ bilməz, mərkəzdə boşluqdur, tamamilə boşluq. Qəzəb eqodan gəlir, eqo isə cəmiyyət tərəfindən yaradılan saxta obyektdir, o nisbidir. Qəflətən kimsə sizə "zərbə" endirir, budur, eqo incidilir, qəzəb peyda olur.

Sizin bütün varlığınız içinizdə boğduğunuz qəzəblə zəhərlənib. Siz qəzəblə yeyirsiniz. Qəzəblə yeməyən şəxsi müşahidə etsəniz, görərsiniz ki, onun fərqli keyfiyyəti var, ona baxmaq xoşdur, çünki o, qəzəblə yemir. Ola bilsin ki, o ət yesin, amma qəzəblə yemir. Ola bilsin ki, siz tərəvəz, meyvə yeyirsiniz, əgər içinizdə qəzəb boğmusunuzsa, siz qəzəblə yeyəcəksiniz. Çünki yemək yeyərkən dişləriniz və ağzınız vasitəsilə içinizdəki qəzəbi çölə çıxarırsınız.Siz ağzınızdakı yeməyi elə əzirsiniz ki, sanki düşməninizdir.

Qəzəbinizi kiminsə üstünə tökməyinizə ehtiyac yoxdur. Qəzəbli olanda hamama girə bilərsiniz, piyada uzun bir yol gedə bilərsiniz. Bu o deməkdir ki, içinizdə olan qəzəbdən azad olmaq üçün sürətli fəallıq lazımdır. Qəzəbli olanda yavaş sürətlə qaçın, onda görəcəksiniz ki, qəzəbdən azad olmuşsunuz. Ya da heç qaçmayın, yastığı götürüb onu əzişdirin, dişləyin. Onda əlləriniz və dişiniz sakit olacaq. Cəmi beş dəqiqəlik katarsis nəticəsində siz sakitləşəcəksiniz, sanki yükdən azad olacaqsınız. Bircə unutmayın ki, qəzəbinizi başqasının üstünə tökmək axmaqlıqdır.

Xalis qəzəb gözəldir, çünki bütövdür, içində hər şey var. İsanın başına gələnlərə bir baxın. O bir gün böyük bir məbədə gedir, orada pul dəyişənləri və onların masalarını görüb cin atına minir, qəzəblənir - mərhəmətin və sevginin içində olan eyni enerji. Yalın əllə, siahsız bütün pul dəyişənləri qovub məbəddən çıxardır, onların masalarını aşırdır. Həqiqətən də o çox qəzəbli olub. Çünki bir neçə puldəyişəni məbəddən yalın əllə qovub çıxarmaq o qədər də asan deyil.
Onun içindən gələn qəzəb əsl, xalis qəzəb idi.

Dediyim odur ki, heç kimin qəzəbdən əzab çəkməyinə ehtiyac yoxdur. Sadəcə, qəzəbinizi dərk edin, həmişə ayıq-sayıq olun. Qəzəb qalxanda onu dərk etməklə siz onu dəyişəcəksiniz. Qəzəbini dərk edən şəxs qəzəbli olmur, tamahkarlığı dərk edən şəxs tamahkar olmur, qısqanclığı dərk edən şəxs qısqanc olmur. Dərk etmək- qızıl açardır.

Qəzəbin niyə baş verdiyini anlamağa çalışın.
Anlayın görün o haradan qalxır, onun kökləri haradadır.
Onun necə baş verdiyindən agah olun, onun sizə necə qalib gəldiyini öyrənin, anlayın görün qəzəbli olanda siz dəliyə necə dönürsünüz.
Qəzəb əvvəllər də olub,
indi də baş verir.
Ancaq indi ona bir element də əlavə edin.
Bu elementin adı anlamaqdır.
Onda qəzəbin keyfiyyəti dəyişəcək.
Bundan sonra yavaş-yavaş,
tədricən anlayacaqsınız ki,
siz qəzəbi nə qədər çox anlasanız
o bir o qədər də az olacaq.
Elə ki, siz qəzəbi tamamilə anlayırsınız
onda o yox olur.
Anlama istilik kimdir.
İstilik müəyyən dərəcəyə - 100-ə çatanda su yox olur.

Deyirlər ki, qəzəb pisdir.
Hamı sizə qəzəbin pis olduğunu deyib, amma heç kim sizə deməyib ki, qəzəbi necə anlamaq olar.

Hamı deyir ki, seks pis şeydir. Sizə öyrədiblər ki, seks çox pisdir. Amma heç kim seksin nə olduğunu, onun nə olduğunu öyrəməyi sizə deməyib. Seks haqqında atanızdan soruşun, o dəqiqə özünü narahat hiss edəcək. O deyəcək: "Belə pis şeylər haqda danışma!" Amma axı onun pis dediyi bu şeylər faktdır. Hətta, atanız da bu pis "fakt"dan xilas ola bilməyib, belə olmasaydı, siz heç dünyaya gəlmzədiniz. Siz əsl faktsınız.

Bir şeyi də unutmayın- axtaran üçün bunu anlamaq çox vacibdir.
Öz faktlarınızla bir yerdə qalın,
Onları öyrənməyə cəhd edin.
Cəmiyyəti izləməyin
Cəmiyyətin ideologiyasını özünüzə tətbiq etməyin.
Özünüzə başqalarının gözüylə baxmayın.
Axı öz gözləriniz var, siz kor deyilsiniz.
Öz daxilinizdə faktlarınız var.
Öz gözlərinizi işlədin!

Öz ideyalarınızın, fikirlərinizin, bu vaxta qədər qəbul etdiklərinizin əksi olanla qarşılaşdığınız an, qızıl bir andır. Əgər qarşılaşdığınız düzdürsə, ondan niyə qorxasınızki?

Qısqanclıq müqayisədir.
Biz isə müqayisə etməyə öyrəşmişik.
Biz müqayisə etməyə öyrəşmişik, həmişə müqayisə etməyə adət etmişik.
Kiminsə qeşəng evi var,
kiminsə daha yaxşı bədən forması,
kiminsə çoxlu pulu var.
Kiminsə daha çox xarizmatik şəxsiyyəti var.
Yanınızdan keçən istənilən şəxslə müqayisə edin özünüzü
Nəticə - qısqanclıqdır...
Bax, müqayisə etməyə adət etməyin "meyvə" si budur.
Əks təqdirdə isə, yəni siz müqayisə etməyə son qoyandan sonra qısqanclıq da yox olur. Bu halda anlayırsınız ki, siz kimsiniz, heç kim siz ola bilməz, buna ehtiyac da yoxdur. Nə yaxşı ki, siz özünüzü ağaclarla müqayisə etmirsniz, yoxsa içinizdə qısqanclıq oyanardı ki, niyə siz də ağac kimi yaşıl deyilsiniz? Deyərdiniz ki, niyə Tanrı sizə qarşı sərt olub, niyə sizə də meyvə verməyib? Yaxşı ki özünü quşlarla, çaylarla, dağlarla müqayisə etmirsiniz? Yoxsa həmişə elə əzab çəkərdiniz. Özünüzü yalnız insanlarla müqayisə edirsiniz, çünki siz yalnız insanlarla müqayisə etməyə öyrəşmişsiniz. Siz özünüzü tovuz quşları, tutuquşları ilə müqayisə etmirsiniz, yoxsa daha çox qısqanclıq olardı içinzidə. Yoxsa elə qısqanc olardınız ki, yaşamağa gücünüz də çatmazdı.
Müqayisə çox axmaq bir münasibətdir, çünki hər bir insan özlüyündə unikaldır, nadirdir, müqayisə edilməzdir.
Elə ki, siz bunu dərk edirsiniz, qısqanclıq da yox olur.
Unutmayın, hər bir insan unikal və müqayisə edilməzdir.
Siz yalnız özünüzsünüz.
Heç kəs heç vaxt sizin kimi olmayıb.
Və heç kəs heç vaxt sizin kimi olmayacaq.
Elə isə sizin də başqa birisi kimi olmağa ehtiyacınız yoxdur.
Tanrı yalnız orijinalları yaradır.
Tanrı nüsxələrə inanmır.

Cəmiyyət fərdləri elə müxtəlif yollarla istismar edib ki, artıq ona inanmaq mümkün deyil. Cəmiyyət elə qurğular yardıb ki, siz heç onların qurğu olduğuna da inana bilmirsiniz, çünki çox inandırıcıdır. Bu qurğuların hamısı fərdləri istismar etmək üçün, onların bütövlüyünü darmadağın etmək, onların malik olduğu hər şeyi onların əlindən almaq üçündür - cəmiyyət bunu elə alır ki, fərdlər bunu heç duymur da.

Mən sizə nəyisə "fikirləş, götür-qoy et" deyəndə, müşahidə etməyi nəzərdə tuturam. Öz daxili dünyanızda alim olun. İmkan verin beyniniz laboratoriyanız olsun, siz isə müşahidə edin - ittiham etmədən.

Heç bir mühakimə yürütmədən müşahidə edəndə nə baş verir?
Siz açıq-aydın görməyə başlayırsınız. Qısqanclıq çox şəffaf olur, siz onun axmaqlığını görürsünüz, siz onun sarsaqlığını görürsünüz. Artıq siz görürsünüz ki, qısqanclıq axmaqdır. Əgər belə qərar vermişsinizsə, onda əsas məqamı unudursunuz. Unutmayın! Mən demirəm ki, siz qısqanclığın axmaq olması qərarını verəsiniz. Bu axmaqlıqdır. Əgər belə qərar versəniz vacib olan məqamdan yan keçirsiz. Siz sadəcə qısqanclığı müşahidə edin, onun nə olduğunu görün.
Nədir qısqanclıq?
Qsqanclıq adlanan bu enerjinin adı nədir? Qızılgülü necə müşahidə edirsinizsə, qısqanclığı da eləcə müşahidə edin - onun içinə baxın. Heç bir nəticəyə gəlməyənlərin gözü daha aydın görür. Qısqanclığı müşahidə edin, içinə baxın. Bu vaxt o, çox şəffaf olacaq. Görəcəksiniz ki, o axmaqlıqdır. Onun axmaq olduğunu biləndən sonra o öz razılığı ilə itir. Onu tullamağınıza ehtiyac yoxdur.

Hətta sevdiyiniz insanın başqasıyla necə xoşbəxt olmasına heç bir dəqiqə də baxa bilməzsiniz. Amma fikirləşirdiniz ki, sevdiyiniz o şəxs üçün ölərdiniz, hər şeyə dözərdiniz. Sadəcə, içinizə baxın, görün o insana qarşı içinizdə olan nədir - bu vaxt qısqanclıq qeyb olur. Çox hallarda sizin sevginiz də qısqanclıq ucbatından qeyb olur. Bəlkə də belə yaxşıdır. Qısqanclıqla dolu olan sevgi, heç sevgi deyil, ona nə ehtiyacınız varki?
Əgər qısqanclıq yox olandan sonra da sevginiz qalırsa, deməli, həyatınızda yaxşı nəsə var, buna sahib olmağa dəyər.

Qısqanclıq özünüz, başqalarınız, əlaqələriniz haqqında ən geniş yayılmış psixoloji nadanlıqdır.

Hamıya elə gəlir ki, onlar sevginin nə olduğunu bilirlər, amma əslində bilmirlər. Onların sevgi haqqındakı anlaşılmazlığı qısqanclıq yaradır. İnsanların çoxu "sevgi" deyəndə, müəyyən bir inhisar, xüsusi mülkiyyət başa düşürlər. Sadə bir faktı anlamaq istəmirlər ki, canlı varlığa sahib olmaqla onu öldürmüş olurlar.

Fb: Azərbaycan Milli Kitabxanası
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.