Qamətin düzəlməsinə əmin olmaq üçün Test

03 Aralık 2021
2 296
0
Qamətin düzəlməsinə əmin olmaq üçün Test
Gözəl qamət

Qamətin düzlüyü ilk baxışdan diqqəti özünə cəlb etmə gücünə malikdir. Gözəlliyin ilk göstəricilərindən biridir. Şax qamətə sahib olmaq üçün sizə aşağıdakı sadə məşqləri təqdim edirəm.

1. Divara söykənilir.Kürək, çiyin, çanaq, qollar, ovuc və daban divara doğru möhkəm sıxılır. Belə vəziyyətdə bir dəqiqə dayanıb 7 dəfə dərindən nəfəs alıb-vermək lazımdır. Sonra vəziyyəti dəyişmədən otağın içərisində müxtəlif istiqamətlərə addımlar atılır. Elə təsəvvür etmək lazımdır ki, divar kürəyə yapışıb və onu özünlə daşıyırsan. Beli donqar olanlar üçün həmin məşq əvvəllər bir qədər ağrılı ola bilər.

2. Yenə divara söykənilir, bu dəfə əvvəlki kimi möhkəm yox. Dizi bükərək hər ayaq 7 dəfə açılıb-yığılır. Həmin hərəkəti yerinə yetirmək istənilən ayaqqabıda, hətta dikdabanda da rahatdır.

3. Divara söykənərək qollar dirsəkdən qatlanılır. Hər qol 7 dəfə açıb-bükülür. İstənilən geyimdə onu yerinə yetirmək çətinlik törətmir.
Eyni vəziyyətdə sağ əl və sol ayaqla 7 dəfə həmin hərəkətlər edilir, sonra digər əl və ayaqla təkrarlanır.
İrəliyə doğru əyilməklə əlləri aşağı sallayıb yellədərək 7 dəfə dərindən nəfəs alıb-vermək lazımdır.

4. Kürək düz vəziyyətdə saxlanılır və sanki suda üzürmüş kimi qollarla dairəvi hərəkətlər edilir. Çiyin əzələləri üzərindəki məşq, boynu düz tutmağı asanlaşdırır. Onurğanı düz tutmağı vərdiş edincəyə qədər, kətillərdə əyləşməmək məsləhətdir, çünki söykənəcəyin olmaması beli bükməyə sövq edir.
5. Düz dayanaraq əllər bədəndən bir qədər aralı vəziyyətdə aşağı salınır. Bədən yerdən qoparılaraq yuxarıya doğru dartılır. Hərəkəti yerinə yetirərkən çənə nisbətən aşağı əyilmiş vəziyyətdə olmalıdır.

6. Səhər və axşam qabağa doğru əyilərək əllərlə topuğu tutmağa cəhd edilməsi məşqləri də, qaməti gözəlləşdirir. Onurğa dartılır və onun "əyriliyi” aradan qaldırılır.

7. Dizləri qatlayıb dabanların üstündə oturmaq, ovuclarla dizləri tutub onurğanı düzləşdirmək və 3-4 dəqiqə həmin vəziyyətdə qalmaq çox faydalıdır. Kürəyin vəziyyətini idarə etmək üçün həmin məşqi güzgünün qarşısında yanakı oturaraq yerinə yetirmək lazımdır. Əgər məşq gündə iki dəfə edilsə, onda əzələlər tədricən düzgün vəziyyət alacaq.

8. Düzgün qamət üçün ən səmərəli məşqlərdən biri də üzməkdir. Bədəni suyun içərisində idarə etmək asandır. Məşq üçün ən yaxşısı kürək üzərində üzməkdir, həmin vaxt boyun sərbəst buraxılır, üfüqi vəziyyət alınır və bütün kürək əzələləri işləyir. Belə formada üzərkən əsas məsələ rahatlıqdır, sürət o qədər də önəmli deyil. Darıxdırıcı olmamaq üçün kürək üzərində üzməyi, sərbəst üzməklə növbələşdirmək olar. Bununla çiyin və qarın əzələləri möhkəmlənmiş olur.

Qamətin düzəlməsinə əmin olmaq üçün test:
Əvvəlcə güzgü qarşısında bədən şax vəziyyətə gətirilir. Sonra güzgüyə baxmadan müxtəlif hərəkətlər etmək, əyilib-qalxmaq və yenidən əvvəlki vəziyyətə qayıtmaq lazımdır. Əvvəlki vəziyyətə qayıtdıqdan sonra qamətin düzgün vəziyyət alması məşqlərin uğurlu nəticə verdiyini sübut edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET