Nevrasteniya Nə Deməkdir?
Xəstəliyin klinikasında diqqəti cəlb edən 3 mərhələni fərqləndirmək mümkündür:
1)hipersteniya
2)qıcıqlandırcı zəiflik
3)hiposteniya
Hipersteniya mərhələsində rast gəlinən başlıca əlamətlər qıcığa qarşı həssaslığın artması, səbirsizlik,dözümsüzlük,tez-tez əsəbləşmək və diqqətin pozulmasıdır. Bir sıra hallarda “astenik mentizm”,yəni fikirlərin dolaşıqlığı qeyd oluna bilər. Bir müddət keçdikdən sonra xəstəliyin klinikası tədricən dəyişir,qıcıqlandırıcı zəiflik əlamətləri:ümumi zəiflik,əhvalın tez-tez enməsi,yuxusuzluq kimi əlamətlər meydana çıxır.
Xəstəliyin sonrakı mərhəlsində -hiposteniya,psixi və fiziki yorğunluğun üstünlüyü ilə cərəyan edir. Xəstənin əmək qabiliyyəti daha da enir,bütün günü əzgin yuxulu və qəmgin görünür. Yuxarıda qeyd olunan mərhələlərin müddəti xəstəliyin ağırlıq dərəcəsindən,orqanizmin fərdi müqavimət qabiliyyətindən,ən başlıcası isə xəstəliyin meydana çıxmasında başlıca yer tutan zərəli amillərin (psixi travmalar,gərgin iş,toksik amillər və s.)davam etməsindən asılı olur. Bir sıra hallarda xəstəlik aylarla davam edir. Bəzən isə illərlə çəkə bilər. Belə hallarda şəxsiyyətin nevrotik inkişafı haqqında düşünmək lazımdır. O.V.Kerbikov (1958) nevrotik inkişafın başlıca amilini uzun müddət davam edən psixi travma ilə əlaqələndirir və şəxsin bu amilin məngənəsindən çıxa bilməməsində görürdü. Bu zaman nevrotik əlamətlərlə yanaşı xəstənin xasiyyətində baş verən bir sıra dəyişikliklər (həddindən artıq həyəcan reaksiyaları,ümumi yorğunluq,cuzi səbəbdən əsəbiləşmək,affektiv reaksiyalar nümayiş etdirmək və s.)ön plana çıxır cə sanki şəxsin daimi xasiyyət elementlərinə çevrilir. Xəstlər öz hərəkətlərinə tənqidi yanaşsalar da onları narahat edən əlamətlərdən yaxa qurtara bilmirlər.
Nevrasteniya zamanı,bir qayda olaraq,vegetativ sinir sisteminin normal fəaliyyəti dəyişir və bunun nəticəsində daxili orqanların disfunksiyası meydana çıxır.
Vegetativ sinir sisteminin pozulması nəticəsində təzahür edən universal əlamətlərdən biri başağrıları və başgicələnməsidir. Spesifik küt sıxıcı ağrılar şəklində meydana çıxan başağrıları xəstəliyin bütün mərhələsində rast gəlinir. Digər vegetativ əlamətlərdən təngənəfəsliyi,ürəkdöyünməni,ürək nahiyyəsində küt (bəzən əksinə sancan) ağrıları,ətrafların keyləşməsini göstərmək olar. Bəzi xəstələrdə həzm sisteminə aid pozntular,məsələn,mədə və bağırsaqlarda xoşagəlməz hisslərin duyulması,iştahanın pozalması,qəbizlik (və ya tez-tez defekasiya aktı),mədə qıcıqları,gəyirmə və s. əlamətlər təzahür edir. Göstərilən əlamətlər daimi xarakter daşımır,xəstənin əsəbiləşməsi,emosianal gərginliyin güclənməsilə əlaqədr meydana çıxır.
Bəzən bir sıra obyektiv əlamətlər də qeyd olunur. Məsələn,taxikardfiya,bradikardiya,qan təzyiqinin dəyişməsi,tərləmə,akrosianoz,qusma və s.Göstərilən əlamətlərin hamısı eyni vaxtda rast gəlinmir,onlar ara-sıra bir-birini əvəz edir.
Nevrasteniyadan əziyyət çəkən xəstələrin başlıca xüsusiyyətlərindən biri də onalrın son dərəcə öz xəstləiklərini “şişirtməsidir”. Belə ki,nevrastenik özünü həmişə ağır xəstə kimi qələmə verir,müxtəlif həkimlərə müraciət edir,bütün müayinələrdən keçməyə cəhd göstərirlər .Lazımı ixtisaslı yardım almayan belə xəstələ tez ruhdan düşür,pessimizmə qapılır,beləliklə də xəstəliyin sağalması deyil,dərinləşməsinə şərait yaradırlar.
Nevrasteniya zamanı tez-tez təsadüf edən əlamətlərdən biri də seksualoji pozuntulardandır. Bu kimi əlamətlər son illərdə xüsusən cavanlar arasında geniş yayılmaqdadır.