Evdən çıxarkən uşağınızla sağollaşın, yoxsa... – PSİXOLOQ RƏYİ

19 Nisan 2017
1 477
0
Evdən çıxarkən uşağınızla sağollaşın, yoxsa... – PSİXOLOQ RƏYİ
Fərqli səbəblərdən harasa getməli oluruq: işə, məktəbə, mağazaya, alış-verişə... Çox vaxt da evdən gizli çıxırıq ki, uşaq getməyimizin fərqinə varmasın - “Məni görməsin, yoxsa arxamca ağlayacaq”. Və əksər valideynlər bəzi detalları nəzərə almayaraq bu səhvlərə yol verir. Ancaq mütəxəssislər harasa gedərkən uşaqla sağollaşmağı vacib hesab edir. Bilirsiniz niyə? Niyəsini Feat.Az bu yazıda izah etməyə çalışacaq.
Bunu vacib buyuran bir çox səbəblər var. Birincisi, evdən çıxarkən uşaqla sağollaşmaq ona etibar etdiyinizi ifadə edir. Əgər ona niyə getdiyinizi izah etməsəniz, bu, onun daxilində şübhə və narahatlıq yaradacaq. Onunla sağollaşmadan və heç bir izahat vermədən getsəniz, uşaq daxilində kədəri, incikliyi və “Niyə mənə etibar etmirlər?” sualı ilə təkbaşına qalacaq. Bu da onda psixi travmaya səbəb ola bilər.
Mütəxəssislər məsləhət görür ki, evdən çıxarkən uşağı qucaqlayıb, öpüb və getmə səbəbini izah edib sağollaşmaq lazımdır. Üzünüzdə gülüşlə izah etməyə çalışın ki, qısa müddətlik getməlisiniz, geri qayıdacağınızı da mütləq vurğulayın. Təbii ki, uşaq sizin arxanızca ağlayacaq, çünki o, hisslərini bu cür ifadə edir. Ancaq gedişinizin səbəbini deyib, sağollaşıb getsəniz, o, sadəcə sizin üçün darıxacaq və gələcəyiniz vaxtı səbirsizliklə gözləyəcək.

Unutmayın ki, ayrılıq şəxsiyyət formalaşmasında mühüm və qaçılmaz prosesdir. Uşağınızı buna öyrəşdirməlisiniz.

"Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova Ailem.az-a deyir ki, xüsusilə 1-3 yaş arası uşaqlar valideynlərinə çox bağlı olurlar. 1 yaşına qədər uşaqlar hələ ətrafdakıları yaxşı tanımır, görüb-bildiyi əsas varlıq anasıdır. Bu yaşa qədər istəklərini göstərə bilməyən uşaq 1 yaşdan sonra yavaş-yavaş ətraf mühiti tanıyır, öz istəklərini ifadə etməyə başlayır. Ana gedərsə, onun arxasınca ağlayır. Bu mərhələdə uşaq ilk olaraq ağlayaraq, anasının, ya başqa sevdiyinin getməsini istəmir, dil açarkən isə “ qal, getmə, nolar, getmə” kimi yalvarışlar edir: “Valideyn uşağın ona bağlılıq duyğusuna görə, dalınca ağladığı üçün maksimum çalışır ki, uşağın gözündən yayınaraq evdən çıxsın. İşə gedən analar səhərlər uşaq oyanmadan qaçmağa çalışır. Uşaq isə sonradan anasının getdiyini öyrənəndə itki qorxusu yaşayır. Və buna görə özgüvəni sarsılır. Valideyn bu cür etməməlidir, bu, effektli bir yol deyil. Bəzi valideynlər baş ağrısı, sıxıntı olmasın deyə bu yola əl atırlar. Bu addım da uşağın özüngüvənini azaldır, itirmə qorxusunun fonunda fobiyalar yaradır. Uşaqda bununla bərabər ailəyə qarşı güvənsizlik formalaşır ki, birdən məni qoyub gedərlər. Valideynləri bir yerə gedəcəksə, dəfələrlə “Gedirsən? Nə vaxt gedirsən?” kimi suallar verir. 3 yaşından sonra uşaqların ölüm, qocalmaq haqqında suallar verməsi onun daxilindəki itirmə qorxusu ilə bağlıdır. Valideynin etdiyi səhvlərdən biri də uşağını yatağa qoyub, “Sən uzan, mən indi gələcəm”, - deyib getməsidir. Beləcə, onu tək yatmağa öyrəşdirir. Bu isə əksinə, uşağa çox stress yaşadır”.

Psixoloq uşaqlıqda yaşanan güvənsizliyin yeniyetməlikdə özünü aqressiya şəklində göstərdiyini qeyd edir: “Araşdırmalar onu göstərir ki, yeniyetmə vaxtı ailəsi ilə konflikt yaşayanlar uşaq ikən xırda yalanlarla çox aldadılıb. Uşaq vaxtı yaşadıqları itirmə qorxusu səbəbindən öz valideynlərinə güvənmirlər. Onlarla heç nəyi bölüşmürlər, onların fikirlərinə etiraz etmək onun müdafiə mexanizminə çevrilir və yığdığı aqressiyanı 12 yaşdan sonra qusmağa başlayır”.

Mütəxəssis vurğulayır ki, harasa gedəndə uşağa mütləq şəkildə hər dəfə izahat verməli və hadisənin sonlanan deyil, davam edici olduğunu izah etmək lazımdır: “Valideyn gedərkən gələcəyini mütləq qeyd etməlidir və “gedirəm, amma gələcəm, gələndə sənə saqqız, şokolad alacam” deyə izahat verməlidir. Hər gələn müddətdə də dəyəri çox böyük olmayan, amma onun sevə biləcəyi bir şeyləri alıb gətirin. Təbii ki, bu, rüşvət halına çevrilməməlidir. Sadəcə bununla sizin qayıdışınız onu daha çox xoşbəxt edəcək, səbrsizliklə gəlməyinizi gözləyəcək. Uşaq sizin, yaxud başqa birinin “gedir, amma sonra qayıdacaq” fikrinə inanmalıdır. “Mən gedirəm”, - deyib qəfildən durub getməyin. Uşağın hazırlanma prosesi mütləq olmalıdır. Qonaq gedəndə də “bir azdan qalxarıq”, - deyə onu hazırlayın. Sevdiyi şeydən, ya insandan onu anidən qoparmayın. Evinizə gələn qonaq gedəndə “Xala, dayı gedib, sabah gələcək”, - deyə uşağı sakitləşdirin”.

N.Rüstəmova əlavə edir ki, valideyn gedişini izah edərkən də çox sevgi və çox yalvarış tonunda danışmamalıdır: “Özünüzü günahkar kimi göstərməyin. Qayıdanda da uşağa pozitiv davranış sərgiləyin. Uşaq 7 yaşından sonra sərbəst qalmağı öyrənir. Amma davamlı olaraq valideynə bağlı olan uşağın həyatında nizamsızlıq olur və məsuliyyət hissi formalaşmır. Kiçik bir hadisənin uşağın həyatında böyük önəm daşıdığını unutmayın!”
Ailem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.