Boyalı dırnaqla dəstəmaz almaq olar?

Quranda dəstəmazla bağlı ayədə qeyd olunur: “Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək) və sizə olan nemətini tamamlamaq istəyir”.
Bəzi xanımlar isə dırnaqlardan lakın silinməsi prosedurunu çətinlik kimi qiymətləndirir və dırnaqları laklı halda dəstəmaz almaqlarına bəraət qazandırırlar.
Feat.Az bildirir ki, məsələ ilə bağlı modern.az-a danışan Məşədi Dadaş Məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli bunun doğru olmadığını bildirib: “Doğrudur, dəstəmazla bağlı ayə var. Lakin lakın dırnaqdan silinməsi insan üçün çətinlik yaradan bir nüans kimi qiymətləndirilməməlidir. Lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddədir. Dəstəmaz zamanı su bədənə təmas etməlidir, etmirsə, dəstəmaz düzgün deyil”.
Hacı Şahin deyib ki, ən yaxşı halda dəstəmaz alıb lak çəkmək olar: “Növbəti namazda isə həmin lak yenə də silinməlidir”.
Bu açıqlamaya əsasən, əslində dinin dolayısı ilə dermatoloqları təsdiq etdiyini demək olar.