Həqiqəti söyləyərək yalan danışmaq mümkündürmü?

03 Ocak 2018
1 963
0
Həqiqəti söyləyərək yalan danışmaq mümkündürmü?
Yalanla həqiqətin arasındakı sərhəd getdikcə daha çox dumanlı olmağa başlayır, Melissa Hogenboom belə hesab edir. Belə fərqli yalançılığın hətta yeni adı da var.

Sirr deyil ki, siyasətçilər tez-tez yalan danışırlar, lakin onlar bunu həqiqəti deməklə də edə bilərlər. Çaşbaş qaldınız?

Nəzərə alanda ki, bəlkə də hamımız bu cür etmişik, məsələ aydın olur.

Buna ən yaxşı misal o olardı ki, ananız ev tapşırığını edib-etmədiyinizi soruşanda sizin cavabınız belə olur: "Mən İngilis dili dərsi üçün Tennessee Williams haqqında inşa yazmışam".

Bu həqiqət ola bilər, lakin ev tapşırığını etmisinizmi sualına cavab vermir.

Ola bilsin ki, inşa çoxdan yazılıb və siz bu həqiqəti söyləməklə yazıq ananızı çaşdırırsınız. Bəlkə də heç ev tapşırığına başlamamısınız.

"Doğrunu deməklə" insanı aldatmaq gündəlik həyatda o qədər geniş yayılıb ki, bunu belə də izah etmək olar: həqiqətdən yayınmaq.

Bu halın cəmiyyətdə çox geniş yayılması bəlkə də bizim ümumiyyətlə niyə yalan danışdığımıza aydınlıq gətirir.


Həqiqəti söyləyərək yalan danışmaq mümkündürmü?


Biz həmişə yalan danışırıq, baxmaraq ki, əslində yalan danışmaq həqiqəti deməkdən daha çətindir.

ABŞ prezidenti Abraham Lincoln deyib ki, "heç kim yaxşı yalançı olacaq qədər güclü yaddaşa malik deyil".

1996-cı ildə araşdırmaçı Bella DePaulo hətta o nəticəyə gəlib ki, hər birimiz gündə bir və ya iki dəfə yalan danışırıq.

O, iştirakçılardan bir həftə ərzində hər dəfə yalan danışarkən qeydə almağı xahiş edib, hətta bu yaxşı niyyətli yalan olsa belə.

147 iştirakçıdan yalnız yeddisi heç vaxt yalan danışmadığını deyib - onların da bunu yalan deyib-demədiyi məlum deyil.

Yalanların bir çoxu günahsız, hətta xoşniyyətlidir, məsələn: "Onun eybəcər olduğunu düşünsəm də, qəşəng göründüyünü dedim".

Californiya Santa Barbara Universitetinin psixoloqu DePaulo deyir ki, onun tədqiqatında iştirak edən insanlar nə qədər yalan danışdıqlarını bilmirdilər, xüsusən də ona görə ki, yalanların əksəriyyəti "o qədər adi və gözləniləndir ki, onlar diqqətdən qaçır".

Yalnız insanlar başqalarını manipulyasiya etmək və ya bilərəkdən yayındırmaq məqsədilə yalan danışırlarsa, bu, təhlükəlidir. Bu isə düşündüyünüzdən də tez-tez baş verir.



Todd Rogers və əməkdaşları siyasətçilərin debatlar zamanı suallardan necə yayındığına nəzər yetiriblər və aydın olub ki, onlar başqa bir həqiqəti bəyan etməklə, suala cavab verməkdən yayına bilirlər.

Siyasətçilər bunu həmişə edirlər, Harvard Kennedy Məktəbində insan davranışları üzrə alim olan Rogers deyir.

Buna görə də o və əməkdaşları bu məsələni anlamağa çalışıblar.

Onlar aşkar ediblər ki, suallardan yayınmaq danışıqlar zamanı çox geniş yayılmış taktikadır. Araşdırmaya qatılmış 184 sahibkarın yarıdan çoxu bu taktikadan yararlandığını qəbul edib.

Tədqiqat zamanı o da aydın olub ki, belə taktikadan istifadə edən şəxs inanır ki, bu cür həqiqətdən yayınmaq, açıq yalan danışmaqdan daha etikdir.

Lakin aldanmış şəxslər bu iki davranış arasında fərq görmürlər. "Həqiqətdən o qədər çox yayınma halları baş verir ki, çıxış edənlər bunun etik olduğunu düşünürlər, lakin dinləyicilər bunun yalan olduğunu anlayırlar ", Rogers deyir.

Bir şey həqiqət kimi səsləndiyi zaman yanıldıcı "faktı" sezmək də çətinləşir.

Misal üçün, Britaniyanın Leyboristlər Partiyasının seçici yaşını azaltmaqla bağlı video kampaniyasında belə deyilir: "Sənin 16 yaşın var. İndi sən evlənə, əsgərliyə gedə və tam ştat işləyə bilərsən".

BBC-də aşkar ediblər ki, bu faktlar tam həqiqəti əks etdirmir.

"16 və ya 17 yaşlı şəxslər valideynlərinin icazəsilə orduya qoşula bilərlər", mütəxəssislər bildirib.

"Bu yaşda evlənmək üçün də, Şotlandiya istisna olmaqla, valideynlərin icazəsi lazımdır. 2013-cü ildən bəri 16 və 17 yaşlılar İngiltərədə tam ştat işləyə bilməzlər, lakin Şotlandiya, Uels və Şimali İrlandiyada bəzi məhdudiyyətlərlə işləmək mümkündür".

Başqa bir misala nəzər salaq. ABŞ prezidentliyinə namizəd olmuş Donald Trump prezidentlik debatı zamanı həqiqətdən yayınıb.

Ona mənzil biznesində diskriminasiya ilə bağlı baş vermiş məhkəmə çəkişməsindən sual verilir. Bunu qəbul etməsə də, New York Times qəzetinin araşdırması zamanı aydın olub ki, onun şirkəti irqi ayrıseçkiliyə yol verib.

Hətta yanıldıcı həqiqətləri anlamış olsaq belə , bu barədə danışmaqdan çəkinə bilərik.

Gəlin indi Britaniyada məşhur olan bir müsahibəyə nəzər salaq. Tanınmış jurnalist Jeremy Paxman siyasətçi Michael Howard-dan müsahibə alır (şəkil aşağıda).

O, Howard-dan soruşur ki, həmin dövrdə həbsxana qubernatorunu "işdən çıxarıb" ya yox. Howard isə hər dəfə cavabında digər faktları dilə gətirməklə sualdan yayınmağa çalışır və beləcə müsahibə xoşagəlməz şəkil alır.

Heç də hamımız müsahibi bu yolla sorğu-suala tutmaq istəmirik və bunu etməyə çəkinərik.



Bu, təkcə siyasətdə deyil, gündəlik həyatda da belədir.

Misal üçün, işlənmiş maşın satıcısı avtomobilin keçən həftə xarab olduğunu xatırlatmadan bu səhər yaxşı işə düşdüyünü deyir. Onun dediyi həqiqət olsa da, avtomobilin nasaz olması faktı gizlədilir.

Həqiqətdən yayınmanın bu qədər geniş yayılmasına səbəb, yəqin ki, onun işə yaramasıdır. Bu ona görə baş verir ki, bizim qarşımızda çoxlu hədəflər var, Rogers deyir.

"Biz cılız hədəfimizə çatmaq istəyirik - maşın satmaq kimi - lakin eyni zamanda insanların bizi dürüst biri kimi qəbul etməsini istəyirik".

O iddia edir ki, insanlar həqiqətdən yayınmaqla hər iki hədəfə çatdıqlarını düşünürlər. "Biz onların səhv etdiklərini aşkar edirik", Rogers deyir.

Biz bu cür yanaşmanın cəmiyyətdə hansı problemlər yaratdığını görə bilərik. Cəmiyyət siyasətçilər tərəfindən aldadılmaqdan bezib.

2016-cı ildə keçirilmiş sorğuda britaniyalılar siyasətçilərə ev alqı-satqısını həyata keçirən maklerlərdən, bank işçilərindən və jurnalistlərdən daha az inandıqlarını bildiriblər.

Lakin baxmayaraq ki, hakimiyyətdəki şəxslərin yalan danışdıqlarını bilirik, həqiqətdə bunu sezmək elə də asan deyil, xüsusən də əgər siyasətçilər suallardan yayınırlarsa.

Psixoloq və "Həyatındakı yalançı" (Liar in Your Life) kitabının müəllifi Robert Feldman bunu həm şəxsi, həm də daha geniş səviyyədə təhlükəli hesab edir.

"Hakimiyyətdəki şəxslər bizə yalan danışanda, bizim siyasi institutlara inamımız itir".

Yalan danışmaq çox hiyləgər sosial məqsədlərə xidmət edə bilər və edir də. Bu, kiminsə həqiqəti danışmaq əvəzinə məsələni daha dolğun təsvir etməsinə kömək edə bilər və ya siyasətçinin çətin sualdan qaçmasına şərait yarada bilər.

"Bu etik deyil və demokratiyaya xələl gətirir. Lakin insan idrakı bu cür çalışır", Rogers deyir.

Təəssüf ki, yalanın geniş yayılması bizim necə tərbiyə olunduğumuzdan qaynaqlana bilər.

Biz uşaqlara mövcud olmayan Şaxta baba və ya Damdabaca haqqında danışırıq və ya istənməyən hədiyyəyə görə onların minnətdar olmasını istəyirik.

"Biz uşaqlara qarışıq mesajlar veririk", Feldman deyir. "Onlar öyrənirlər ki, dürüstlük ən yaxşı davranış olsa da, eyni zamanda bəzən yalan danışmaq da olar".

Ona görə də növbəti dəfə nəsə qəribə fakt haqqında eşidəndə məlumunuz olsun ki, həqiqət aldadıcı da ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.