Tələsənlər yalnız təndirə düşmürlər, həm də...

10 Eylül 2014
1 908
0
Tələsənlər yalnız təndirə düşmürlər, həm də...
Tələsənlər yalnız təndirə düşmürlər, həm də...


İş, dərs, daimi olaraq harasa tələsmək insanları bəzi zərərli vərdişlərə məcbur edir. Bunlardan biri də qidalanma zamanı tələsməkdir. Ümumiyyətlə, əksəriyyətimiz qidalanma zamanı işimiz olmasa belə, yeməyi tələsərək bitirməyə çalışırıq.

Çeynəmədən iri tikələri udmaq, daha tez yemək prosesini bitirmək bu gün demək olar ki, hər kəsin ortaq bir vərdişidir. Elə uşaq yaşlarından valideynlərin ard-arda qaşıqları ağıza dirəməsi və yeməyi tələsik uşağa yedirtməsi də bir növ uşaq beynində yer alır. Zaman keçdikcə yemək yemək prosesindən sıxılan insanlar hətta sərf etdikləri zamana belə qənaət edir və daha az çeynəyərək qidalanmağa üstünlük verirlər. Bu cür qidalanma, təbii ki, orqanizm üçün ziyanlıdır. Nə yemək və necə yeməyinizdən asılı olmayaraq əgər qida normal çeynənilərək yeyilmirsə, mədəyə zərbələr vurulur.

Çoxumuz qidalanmadan sonra mədədə ağırlıq, şişkinlik, köpdən şikayət edirik. Bunu isə yediyimiz yeməyin ağırlığı ilə əlaqələndiririk. Halbuki, mədə rahatlığı üçün nə yemək deyil, yediyini necə yemək daha vacibdir. Qastroenteroloq Rauf Comərdin sözlərinə görə, bütün dünyada qidalanma ilə bağlı problemlər var ki, artıq Azərbaycan da bu problemlə qarşı- qarşıyadır. Ayaqüstü qidalanma, yediyini tələsik yemək, çeynəməmək, iri tikələri udmaq, gəzərək, televizor izləyərək qidalanmaq mədə üçün çox ziyandır və başda həzm sisteminin pozulması ilə yanaşı bir çox mədə-bağırsaq xəstəliklərinə də gətirib çıxarır: "Əvvəllər çöldə sadəcə dönər və qamburgerlər ayaqüstü qidalar kimi yeyilirdi. Bu gün müşahidə etsək, deyə bilərik ki, orta azərbaycanlı ailəsi ayın 5-dən çox gününü hazır ayaqüstü qidalarla qidalanmaqla keçirir. Üstəlik, bu cür qidaları az çeynəyərək udmaq, fikri yeməkdən başqa ətrafa, iri monitorlara yönəldərək yemək beyni doyma hissindən məhrum edir və mədə normadan artıq möhkəm tikələr qəbul etmiş olur. Normal çeynənilməyən qidaların, üstəlik quru qidaların mədə tərəfindən həzm olunması da olduqca çətin olur. Mədə əslində əzilən qidanı mədə suyu ilə qarışdırıb bağırsaqlara ötürməlidir. Biz isə mədənin üstünə həm əzmə, həm parçalama işini də yükləyib onu normadan daha çox əziyyətə məhkum edirik. Normal fəaliyyətindən məhrum olan mədə artıq üsyan etməyə məcbur olur və ağrılar baş qaldırır".

Sürətli yemək yemək, ya da çeynəmədən yemək köpə və qaza səbəb olur. Çox çeynəmək isə mədə şirəsi fermentlərini xəbərdar edir və həzmi asanlaşdırır. Yavaş çeynəmənin başqa bir faydası isə beynin, sonra da mədə və bağırsaqların həzm əməliyyatını erkən başlamasına və çox xəbərdar etməsinə səbəb olur. Yavaş yedikcə beyin toxluq hissini daha tez qəbul edir. Beləcə ehtiyacdan çoxunu yemir, eyni zamanda tez doyma hissinə sahib oluruq. Yavaş yemək həzm baxımından daha sağlam olmaqla bərabər kilo almamızı da minimum səviyyəyə endirir. Sürətli yemək isə toxluq hissini gecikdirir və daha çox qida qəbul etməyə səbəb olur.

Həkim bildirir ki, çeynəmə vərdişi uşaq yaşlarından öyrədilməlidir. Eləcə də böyüklər daimi çeynəməkdən darıxırlarsa, müəyyən saya qədər çeynəməli və daha sonra udmalıdırlar. Normal çeynəmə zamanı əzilən qida özlüyündən axmalıdır və insan udarkən əziyyət çəkməməlidir. Yalnız bu cür qəbul edilən qidaların mədə üçün faydası var: "İnsan hətta ən tələsdiyi vaxtlarda belə qidalanma vaxtından vaxt kəsməməlidir. Vərdişə yiyələnmək üçün qida qəbul edərək maksimum 30 dəfə çeynəyin. Bu cür yemək yeyilən zaman nə qədər vaxt sərf etdiyinizi qeyd edin. Bundan sonra qəbul ediləcək qidalar zamanı çeynəmə sayı sayılmasa belə müəyyən olmuş vaxta qədər yemək yeməyə çalışın. Yalnız bu cür qəbul edilən qidalar mədədə ağırlıq, həzmsizlik, köp, şişkinlik yaratmaz və bununla yanaşı insan doyma hissini hiss edər. Kökəlməmək, sadəcə gündə 3 dəfə qidalanmaq üçün də doyma hissini hiss etmək mütləq vacibdir".

Fast food satılan məkanlarda tez servis və insanı tələsməyə məcbur edən mühit bir növ psixoloji təsir edir. Fonda verilən tez musiqilər də insanın beyninə təsir edərək bir növ onu tələsdirir. Bu cür məkanlarda insanların doymayaraq məkanı tərk etməsi az qida qəbulundan deyil, məhz çeynəmədən və tələsik qida qəbul etməyindəndir.

Normal həzm üçün mədəyə ovuc içini dolduracaq qədər qida göndərmək lazımdır. Az və tez-tez yemək yeməyə də bu prinsipdən yanaşılır. Nəzərə almaq lazımdır ki, mədə də qapalı torbadır və içərisindəki qidanın rahat hərəkət edib mədə suyuna qarışması üçün onu normadan artıq yükləməməliyik. Daimi olaraq quru qidalanmamalı, sərt qidalardan çəkinməli, quru qidalarla maye də qəbul etməli, eyni zamanda yemək ağızda əriyənə kimi çeynənilməli, mədə boyunu nəzərə alaraq qida qəbul edilməlidir. Yalnız bu məsələlərə diqqət edən insanlar üçün başda kökəlmə olmaqla yanaşı bir çox narahatlıqlar da aradan qalxmış olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.